Azərbaycanın növbəti diplomatik uğuru; dördüncü Brüssel görüşü ...

 

2022-ci 31 avqust tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. Dörd saata yaxın davam edən görüş danışıqların detallı şəkildə aparıldığının göstəricisidir. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər (14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il, 22 may 2022-ci il tarixli) kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. Dördüncü üçtərəfli görüşdən sonra yayılan bəyanatda vurğulandı ki,  tərəflər Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldi və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verildi. Qeyd edək ki, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılır. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:

  • Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
  • Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  • Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Görüşdə ermənilərin daim iddia etdiyi status məsələsi yenə də qaldırılmadı, hətta dövlətlər arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmadı. Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd etdi. Belə ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı.

Şarl Mişelin bəyanatında tərəflərin hansı mövzular istiqamətində müzakirələr apardığı aydın olur. Belə ki, əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də humanitar məsələlərə - itkin düşmüş insanların taleyinə, mina probleminə toxunuldu. Görüşdə həmçinin sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etmək nəzərdən keçirildi. Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq əldə olundu. Kommunikasiya məsələlərinə gəlincə, Şarl Mişel bildirdi ki, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr nəzərdən keçirildi.

Ümumilikdə, dördüncü Brüssel görüşünü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Normallaşma istiqamətində proseslər Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Ermənistan tərəfinin əvvəlki 3 görüş üzrə razılaşmaların icrasında maraqlı olmamasına,  müqavimət göstərməsinə rəğmən, əldə olunan nəticələr ortadadır. Davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürdü. Azərbaycanın tarixi hərbi qələbəsi, uğurlu və çevik xarici strategiyası və Aİ-nin normallaşma prosesində real vasitəçiliyi bu nəticələrin təməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşdən sonra sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”. Bu görüş bir daha göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasına maraq göstərir. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.             

                                                                                                            Nailə Tağızadə                                                       

2022-09-01 / 12:43
Facebook