Mehriban xanım Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə isə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyeva bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempioantlarının Azərbaycanda keçirilməsində xüsusi rol oynamışdır. Mehriban xanım 2004-cü ildən etibarən ulu öndər Heydər Əliyevin adını daşıyan fondun prezidentidir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək 2004-cü il 10 may tarixində yaradılmışdır. Fondun uğurlu fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi bütün dünyada yüksək səviyyədə təbliğ edilir. 3 avqust 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı il 23 noyabrdan etibarən Azərbaycanın birinci xanımı həmçinin İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun xoşməramlı səfiridir. O, bu təşkilatın yüksək adına layiq görülmüş ilk qadındır. Mehriban xanım 2004-cü ildən Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiya sədrinin müavinidir. Mehriban Əliyeva 2005-ci ildən etibarən 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Seçicilər onu 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisə deputat seçiblər. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamına əsasən, yeni vəzifəyə təyin edilməsiylə əlaqədar olaraq, Birinci vitse-prezident Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətini dayandırmışdır. O, 2017-ci il 7 mart tarixində Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermişdir. Qeyd edək ki, bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Həmçinin 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Mehriban xanım amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib, ümumilikdə, 39 min 887 məhkum cəzasından azad edilib. Mehriban xanım Əliyevanın, eyni zamanda, Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də əhatəli xidmətləri vardır. Mehriban xanım çıxışında bildirmişdi: “Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.
Yüksək idarəçilik qabiliyyətinə sahib olan Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının yüksək səviyyədə hazırlanmasına təşkilatçılıq etmişdir. Təsadüfi deyildir ki, 2017-ci ildə baş tutan İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban Əliyevadır. Bu onun peşəkar təşkilatçılıq qabiliyyətindən xəbər verir. Azərbaycanın birinci xanımının zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyər verilmişdir. “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni (9 iyun 2015), Polşa Respublikasının “Xidmətlərə görə Böyük Komandor Xaçı” ordeni (14 sentyabr 2009), Fransa Respublikasının “Şərəf legionu” ordeni (15 fevral 2010), UNESCO-nun “Qızıl Motsart” medalı (30 iyul 2010), Krans Montana Forumunun qızıl medalı (24 iyun 2011), Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı (13 aprel 2012), Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” (27 dekabr 2013), “The Business Year” jurnalının “İlin Birinci Xanımı” mükafatı (14 may 2014-cü il), Küveyt Dövlətinin fəxri diplomu (21 avqust 2014) , Azərbaycanın ən ali “Heydər Əliyev” ordeni (29 iyun 2015) və s. titullar, mükafatlar Mehriban xanımın humanist fəaliyyətinə verilən qiymətdir.
Bütün bu sadalanan yorulmaz, qətiyyətli və uğurlu fəaliyyətin nəticəsidir ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması böyük məmnunluqla qarşılandı. Mehriban xanımın Birinci vitse-prezidentliyi xalqın sosial sifarişi olaraq səciyyələndirilir. Çünki onun dövlət idarəetmə sistemində bu yüksək vəzifəni daşımağa həm siyasi, həm də mənəvi haqqı çatır. 2017-ci il 21 fevral tarixində konstitusion dəyişikliklərə uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Beləliklə siyasi idarəçilik tariximizdə yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti və xalqı üçün yorulmaz fəaliyyət göstərən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də özünü görkəmli dövlət xadimi kimi təsdiqlədi, ölkəsinə daha çox xidmət göstərmək imkanı qazandı. Sosial problemləri, aztəminatlı ailələri daim diqqət mərkəzində saxlayan Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsində də bu problemə toxunmaqla bir daha ona olan ümid və inamı doğrultdu. Mehriban xanım Milli Məclisdə çıxışı zamanı qeyd etmişdi ki, vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir.
44 günlük Vətən müharibəsində də Mehriban xanım Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı oldu, dövlət başçısı ilə birgə erməni yalanlarına, erməni terroruna qarşı beynəlxalq səviyyədə mübarizə apardı. Tarixi zəfərimizdən sonra dövlət başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Bu gün ölkədəki quruculuq proseslərində, ictimai həyatda yaxından iştirak edən, millətin və dövlətin taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva Azərbaycan qadınının fədakar obrazını bütün dünyaya nümayiş etdirir. Onun yorulmaz fəaliyyəti beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilən Azərbaycanın daha da modernləşməsinə növbəti təkandır.
Nailə Tağızadə