2022-ci il avqust ayının 4-də qəhrəman Ordumuzun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatı düşmənə çox ciddi xəbərdarlıq oldu. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı maddəsində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən, Laçın dəhlizindən yan keçən yeni hərəkət marşrutunun inşası planı və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsini nəzərdə tutmuşdu. Azərbaycan bu məsələdə də verdiyi vədə əməl edərək, öz öhdəliyini yerinə yetirib. Qarabağda yaşayan etnik ermənilər üçün müasir standartlara uyğun yeni yol artıq inşa olunub. Bu da dövlətimiz tərəfindən götürülmüş öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir. Bu yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin bu qədər qısa müddətdə və belə yüksək keyfiyyətlə inşa olunması bir daha onu göstərir ki, Azərbaycan verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqdir. Buradan belə aydın olur ki, Bəyanatın müvafiq bəndinə əsasən, yerdəyişmənin həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Yeni yolun tikintisi Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır. Buna baxmayaraq, son günlər Ermənistan tərəfi bölgədə vəziyyəti gərginləşdirərək, prosesə süni maneələr yaratmağa çalışır. Azərbaycan hər zaman olduğu kimi, yenə də humanist mövqe nümayiş etdirir. Eyni zamanda, Azərbaycan tərəfi qarşı tərəfin bütün cəhdlərinə cavab verməyə hazırdır.
Ermənistanın üzərinə götürdüyü Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması öhdəliyi avqust ayının sonuna kimi yekunlaşacaq. Xüsusi qeyd olunmalıdır ki, Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər. Bu, qeyri-qanuni məskunlaşma beynəlxalq hüquqa tamamilə ziddir. Keçmiş SSRİ dövründə aparılan əhalinin siyahıya alınması və etnik tərkibləri bütün reallıqları göstərir. 1959-cu il siyahıya alınması: Laçın rayonunun cəmi əhalisi 24.734 nəfər olub və onların 24.466 nəfəri Azərbaycanlılar idi (98.9%). 1970-ci il siyahıya almasında cəmi əhali 35.642 nəfər, Azərbaycanlıların sayı 33.186 (93.1%), kürdlər 2.125, ermənilər cəmi 72 nəfər göstərilir. 1970-ci il siyahıya alınmasında cəmi əhali 63.162 nəfər, Azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Göründüyü kimi ermənilərin ümumi əhalinin tərkibində çəkisi heç zaman, hətta 1.0 faizə belə çata bilməyib.
2020-ci ilin dekabrında olduğu kimi, ermənilər qanunsuz məskunlaşdıqları Zabux və Sus kəndlərini tərk edərkən apara bilmədikləri nə varsa hamısını yandırmağa, məhv etməyə, dağıtmağa başlayıblar. Yerli və beynəlxalq mediada evlərə od vurulması, meşələrin alova qərq edilməsi, torpaqlara minaların basdırılması, mədəni abidələrə qarşı vandalizm aktlarının törədilməsi, ekosid və urbisid adlanan təbiətə qarşı cinayətlər yenidən dəyişməz xəbər başlığına çevrilib. Ermənistan insanlıq əleyhinə cinayətlər törətməklə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqla, regional və qlobal təhlükəsizliyə ciddi təhlükə törədən dövlət olduğunu nümayiş etdirməkdə davam edir. Mövcud ikili standartlar dünyanın gözünü bağlasa da, reallığı inkar etmək mümkün deyil. Törədilən vəhşiliklər məkrli və fitnəkar qonşularımızın nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar. Qarabağda yaşayan etnik ermənilər üçün müasir standartlara uyğun yeni yol artıq inşa olunub. Ermənilər tarixi reallıqla razılaşmalı, bizimlə uyğunlaşmağa çalışmalıdırlar. Qarabağın əzəli sakinləri öz yurdlarına qayıdır. Bu, beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpasıdır.
Nailə Tağızadə