Buğda ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Artıq uzun müddətdir ki, qlobal buğda bazarında dərin böhran müşahidə olunmaqdadır. Bu böhranı doğuran faktorlar mürəkkəbdir. Belə ki, ilk öncə, COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimlərinə görə təchizat zəncirlərində pozulmalar baş verdi. İqlim dəyişikliyi, əlverişsiz hava şəraiti böhranı dərinləşdirən amillərdən biridir. Son olaraq aylardır davam edən Rusiya-Ukrayna müharibəsi isə böhranı daha da alovlandırdı. Məlumdur ki, buğdanın qlobal ixracının 29 %-i məhz bu iki ölkənin payına düşür. Ukrayna limanlarının Rusiya hərbi gəmiləri tərəfindən bloklanması səbəbindən avqust ayına kimi Qara dəniz vasitəsilə buğda ixrac etmək mümkün deyildi. Xarici alıcılar üçün nəzərdə tutulan 25 milyon ton buğda Ukraynada yığılıb qalmışdı. Polşa və Rumıniya istiqamətində qurudan ixrac kanalı açılsa da onun otürücülük qabiliyyəti dəniz vasitəsilə daşınmalardan dəfələrlə az idi. Belə ki, müharibəyə kimi Ukrayna dünya bazarına aqrar məhsulların 90 %-ni məhz limanlar vasitəsisə çıxarırdı. Türkiyənin vasitəçiliyi ilə iyul ayının 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü.
Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2022/2023-cü məhsul ilində 19 milyon ton azalaraq 1 milyard 052 milyon ton olacağı təxmin edilir. Qara dəniz regionu ölkələri qrupu üzrə isə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 4,25 % azalaraq 128,4 milyon ton olması, ixracın isə 3,71 % azalaraq 59,7 milyon ton olması gözlənilir.
Bütün bu sadalananlar isə ərzaq bazarında qiymətlərə təsir edən əsas amillərdir. Dünya üzrə buğdaya olan tələbatın artması fonunda təklifin azalması qiymətlərin artımını labüd edir. Azərbaycanda buğda və ondan alınan məhsulların, xüsusilə də, un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır. Bu səbəbdəndir ki, bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcbur və məhkumdur. Bu gün dünyada heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarında deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdədir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. 2021-ci ildə buğda istehsalı 1 milyon 885 min ton olub. Bu il 985,7 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 %) buğda təşkil edib. Ötən illə müqayisədə bu il payızlıq və yazlıq buğdanın əkin sahəsi 4,4 % azalıb.
İşğaldan azad edilmiş rayonlarda buğda əkini üçün böyük potensial mövcuddur. 1990-cı ilə qədər ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının təxminən 40 faizə yaxını məhz keçmiş Qarabağ iqtisadi rayonunun payına düşürdü. Ümumilikdə isə 250 min hektardan çox əkinə yararlı torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi. İstehsal edilən taxıl isə ölkənin ümumi istehsalının 14,3 faizini təşkil edirdi. Bunları nəzərə alaraq, demək olar ki, orta və uzunmüddətli perspektivdə işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini mövcud 57 faizdən 65 faizə qədər artıra bilər. Artıq azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi, digər ərazilərimizdə müasir dövrün tələblərinə uyğun olaraq aqrotexnik qulluq tələbləri əsasında yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsinə cəlb edilməsi ilə bağlı hədəflər müəyyənləşdirilib. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaq, minimuma endirəcək.
Dünyanın üzləşdiyi buğda böhranı Azərbaycan bazarına təsirsiz ötüşə bilməz. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər un məmulatlarının hazırlanması üçün buğda unu əsas xammaldır, dünya bazarında buğdanın bahalaşmasının ölkə daxilində çörəyin qiymətinə təsiri proqnozlaşdırılandır. Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub ki, bu da buğda istehsal edən ölkələrlə müqayisədə yüksək göstəricidir. Belə ki, inkişaf etmiş ölkələrdə adambaşına un istehlakı il ərzində 55-65 kiloqram arasında dəyişir. 2020-ci ildə Azərbaycan 1,4 milyon ton buğdanı xaricdən 297 milyon ABŞ dollarına alıbsa, 2021-ci ildə 1,15 milyon ton buğdaya 332 milyon ABŞ dolları ödəyib. Yəni idxalın həcmi azalsa da dəyəri 12 % artıb. Son bir ildə isə idxal olunan buğda 82 ABŞ dolları və ya 77 % bahalaşaraq iyunda bir ton üçün 402 ABŞ dolları təşkil edib. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. Dövlət səviyyəsində həyata keçirilən önləyici tədbirlərin effektivliyinə baxmayaraq onlar mənfi təsirləri tam şəkildə neytrallaşdırmaq üçün yetərli olmaya bilərlər.
Nailə Tağızadə