Ermənilərə növbəti xəbərdarlıq; “Qisas” cavab əməliyyatı …

 

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il 3 avqust tarixində Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Şəhidimizin qanı yerdə qalmadı. Düşmənə sarsıdıcı zərbələr vuruldu. Vəziyyət o həddə çatdı ki, Qarabağdakı separatçı rejimin tör-töküntüləri “səfərbərlik” elan etmək məcburiyyətində qaldılar. “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüldü. Hazırda Ordumuz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Erməni mediası və rəsmilərinin açıqlamaları Azərbaycan Ordusunun təxribata bu qədər kəskin və sərt reaksiya verəcəyini gözləmədiklərini göstərir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirildi ki, Azərbaycan tərəfi Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını dəfələrlə bəyan edib. Avqustun 3-də baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir. Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

“Qisas” əməliyyatı ilə bağlı avqustun 3-də Müdafiə Nazirliyində media nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirdi ki: “Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə həyata keçirilməlidir. Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq”.

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı çərçivəsində:

  • qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı;
  • Keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi;
  • Qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi və yaralandı;
  • Bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

“Qisas” əməliyyatı ilə Azərbaycan Ermənistana bir daha göstərdi ki, baş verən təxribatlara görə mütləq və artıqlaması ilə cavabını alacaq. Ermənistanın hansısa qüvvələrin himayəsinə sığınmaqla bizim torpaqlarımızda terror fəaliyyətini davam etdirməsinə Azərbaycan qətiyyən dözməyəcək. Azərbaycan qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən çıxmasını, Zəngəzur yolunun açılmasını və Laçın yolunun alternativə dəyişdirilməsini tələb edir. Azərbaycanın tələbləri 10 noyabr 2020-ci il bəyanatına əsaslanır. Artıq il yarımdan çox vaxt keçməsinə baxmayaraq Ermənistan müxtəlif bəhanələrlə vaxt uzatmağa çalışır. “Qisas” əməliyyatı ilə Azərbaycan Ermənistana bir daha xəbərdarlıq etdi ki, imzalanan bəyanatlara əməl etməmək ağır nəticələr doğura bilər.

Burada digər diqqət çəkən məqam isə rus sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Belə ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə bəyanatın müddəalarını yerinə yetirməkdə yardımçı olmasını və Rusiyanın öz öhdəliklərini həyata keçirməsini istəyib. Lakin rus sülhməramlıları bu çağırışları yerinə yetirmir, erməni separatçılarının fəaliyyətinə göz yumurlar. Kənardan belə görüntü formalaşır ki, sanki rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə erməniləri himayə etmək və separatçı-terrorçuların yenidən baş qaldırmasına şərait yaratmaq üçün yerləşdirilib. “Qisas” əməliyyatı ilə məhv edilən erməni hərbi birliklərinin hərbi hissəsindən göründü ki, ermənilər kifayət qədər döyüş maşınları, haubitsalar, tanklar saxlamaqda davam edirlər. Azərbaycan Ordusu isə sübut etdi ki, rus sülhməramlı kontingentinin gözü qarşısında belə terrorçu yuvalarını məhv etməyə qadirdir. Azərbaycan Qarabağın hər tərəfinə nəzarət etdiyini, terrorçu yuvalarını dəqiq bildiyini və onların yerdəyişmələrini anbaan izlədiyini, istədiyi vaxt bir zərbə ilə hamısını məhv etməyə hazır olduğunu isbatladı.

“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. “Qisas” əməliyyatı  isə ermənilərə növbəti ismarıc oldu. Bu, Ermənistan siyasi-hərbi rəhbərliyi üçün növbəti dərsdir. Ermənistan anlamalıdır ki, Azərbaycandan asılı vəziyyətdədir və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbullanmasa regional layihələrdən kənara qalacaq, daha da dalana dirənəcək. Bu isə onsuz da çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatının tamamilə məhvi deməkdir. Ona görə də Ermənistan cəfəng iddialarından əl çəkməli 2020-ci il 10 noyabr tarixli bəyanatdan irəli gələn müddəaları yerinə yetirməlidir. Bəhanələr sona çatmalı və bəyanatların tələbləri icra edilməlidir. Azərbaycan Qarabağa yerləşdirilən ermənilərin silahlanmasına və yenidən bu əraziləri münaqişə ocağına çevirməsinə imkan verməyəcək.  Qarabağ hər bir qarışına kimi Azərbaycandır!

                                                                                                      Nailə Tağızadə

2022-08-04 / 11:01
Facebook