Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. 19 iyul 2022-ci il tarixindən etibarən Qarabağa Böyük Qayıdış prosesinə start verildi. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıtdılar. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirildi. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.
Prezident İlham Əliyev 2021-ci il aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd”in təməlqoyma mərasimində sakinlərlə görüşündə “Böyük Qayıdış bu gün başlayır” sözləri ilə ermənilərin xarabalığa çevirdikləri torpaqlarımızın tezliklə dirçələcəyi mesajını vermişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyevlə birlikdə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları da bu yaşayış sahəsinin qısa bir zaman ərzində məskunlaşdırılacağından xəbər verirdi.
12 aprel 2022-ci il tarixində Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə vurğulamışdı: “Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”. Çox keçmədi ki, mayın 27-də Prezident Ağalı kəndinin açılışını reallaşdırdı. 19 iyul 2022-ci il tarixində isə Ağalı kəndinə ilk sakinlərin köçürülməsi gerçəkləşdi.
“Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailə (təxminən 200 nəfər) hər cür şəraitlə təmin olunacaq. Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.
Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Evlərin bölgüsü keçmiş məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentdə keçirilib. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var.
Böyük Qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür. Mövcud qanunvericiliyə əsasən, hər bir məcburi köçkün daimi yaşayış yerlərinə qayıtdıqdan üç il müddətində dövlətin müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcək.
Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarımızda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Bu obyektlərin istifadəyə verilməsi ilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşir, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə daha ehtiyac qalmır. Adları çəkilən mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Belə ki, vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq. Kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri, habelə digər ictimai iaşə obyektləri də sakinlərin ixtiyarına verilib.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi də inşa olunub.
Ağalıda aqrar sektorun inkişafı məsələlərinə də xüsusi önəm verilib. Bununla bağlı “ağıllı kənd”də bir sıra yeniliklər tətbiq edilib. Məsələn, kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb. Bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb. Xarici investisiya hesabına kəndin kənarında camışçılıq ferması yaradılması nəzərdə tutulub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar. Həmçinin kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlər müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Bundan sonra vakansiyaların tələblərinə uyğun namizədlərin işlə təminatı həyata keçiriləcək.
Ağalı kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə növbəti mərhələdə orada peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyətin həyata keçirilməsi hədəflənib.
Bu gün Böyük Qayıdışa ilk addım atılıb. Zəngilan Böyük Qayıdışın başlandığı ilk istiqamətdir. Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq, həmçinin Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini daha da artıracaq. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın digər bölgələri də tezliklə dirçələcək, Qarabağımızda həyat əvvəlki vəziyyətinə qayıdacaq.
Nailə Tağızadə