Azərbaycan - Avropa İttifaqı münasibətləri 1991-ci ildə yaranmışdır. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə daxil olmuşdur. Prezident İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı önəmli sənədin imzalanacağını, Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxacağını qeyd etmişdi. 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen imzaladılar. Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün şaxələndirilməsini dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və Qərbi Balkan ölkələrinə daşınmasından gedir.
Görüşdən sonra xanım Fon der Lyayen Prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirib, bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev vurğuladı ki, bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır. Prezident qeyd etdi ki, Azərbaycanın bu sahədəki səyləri Avropa İttifaqı tərəfindən də dəstəklənib. “Bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır. Nəzərə alsaq ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq”, – deyə dövlətimizin başçısı bildirdi. Prezident İlham Əliyev, həmçinin deyib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur: “Bu, bir çox istiqamətləri, o cümlədən neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair dəyərləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var”. Ursula Fon der Lyayen də çıxışında Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialının olduğunu vurğuladı. Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını bildirən Ursula Fon der Lyayen bildirib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.
Prezident İlham Əliyev: Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir.
Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki: “Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük”. Dövlət başçısı, həmçinin qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı kimi vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.
Avropa İttifaqının Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarı olduğunu vurğulayan xanım Fon der Lyayen qeyd edib ki, sərmayə qoyuluşu baxımından da Azərbaycan ən vacib mənbələrdən biridir. “Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir”, - deyə Avropa Komissiyasının Prezidenti diqqətə çatdırıb.
Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Bakıda olarkən səfərinin mahiyyətinə aydınlıq gətirmək məqsədilə “Twitter” hesabında yazıb: “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən yeni müqavilə imzalamaq üçün Azərbaycandayam. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.
Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Qurumla yeni əməkdaşlıq müqaviləsinin hazırlanması üzərində iş gedir, artıq bir sıra məsələlər razılaşdırılıb. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında bu məsələyə toxunaraq bildirdi ki: “Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir”. Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək. Avropa İttifaqı rəsmilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, həmçinin Energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşləri yeni sazişlər imzalanmasının nəzərdə tutulduğundan xəbər verir.
Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında mühüm rol oynayır. Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər. Çünki hər iki tərəf “yaşıl keçidi” və Paris sazişinin məqsədlərini reallaşdırır. Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparırlar. Prezident Fon der Lyayen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakı təmaslarında bu məsələləri müzakirə etdilər. Görünən budur ki, Aİ-Azərbaycan enerji dialoqu daha da genişlənməkdədir.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan 2021-ci ildə 155 milyard kubmetr təbii qaz idxal edib. Bununla da Avropanın ümumi tələbatının 40 %-ini Rusiya qazı ödəyib. Rusiyanın Ukrayandakı müharibəsi rəsmi Moskva ilə İttifaq arasında bu sahədə ciddi problemlər yaradıb. Ehtimal olunur ki, Rusiya Avropaya qarşı təbii qaz silahından istifadə etməklə Birlik əhalisinə problem yaratmaq istəyir. Vəziyyətdən çıxmaq üçün Aİ yeni mənbələr axtarır. Bu baxımdan rəsmi Brüssel Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Qurum 2027-ci ilədək Azərbaycandan hər il azı 20 milyard kubmetr “mavi yanacaq” almaq niyyətindədir. Hazırda Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə ildə 10 milyard kubmetr təbii qaz nəql edir. Xanım Prezident Ursula Fon der Lyayen mətbuata bəyanatında qeyd etdi ki: “Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.
TAP-ın idarəedici direktoru Luca Schieppati İtaliyanın “Il Messaggero” qəzetinə müsahibəsində Azərbaycandan Avropa bazarlarına TAP boru kəməri ilə nəql edilən təbii qazın həcminin 2027-ci ildə ikiqat artacağını qeyd edib. O bildirib ki, TAP-ın ötürücülük qabiliyyətinin artırılması üçün texniki cəhətdən 3 il kifayət edə bilər. Aparılan bazar sınaqları və bütün proseslər yekunlaşdıqdan 2027-ci ildə boru kəməri ilə nəql edilən qazın həcmi ikiqat artacaq. Bunun üçün boru kəmərində heç bir dəyişiklik edilməyəcək. Biri Yunanıstan-Türkiyə sərhədində, digəri isə Albaniyada olmaqla mövcud iki kompressor stansiyası təkmilləşdirilməli və əlavə ikisi inşa olunmalıdır. Biz qazın sıxılma gücünü artırmalıyıq. Yunanıstan və Bolqarıstana tədarüklər nəzərə alınmaqla və boru kəmərinin ötürücülük gücünün iki mərhələdə artırılması sayəsində TAP-la 20 milyard kubmetrdən çox təbii qaz nəql etmək mümkün olacaq.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan enerji təhlükəsizliyi ilə bağlı Anlaşma Memorandumunda tərəflərin bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəlikləri xüsusi vurğulanır. Anlaşma Memorandumu Aİ üçün çox vacibdir, çünki onu təbii qaz asılılığından qurtarır və enerji təchizatı təhlükəsizliyini təmin edir. Rəsmi Bakı da bu vəsilə ilə ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmasını, dəstəklənməsini beynəlxalq ictimaiyyətdən daha qəti şəkildə tələb edəcək. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və qorunması üçün bu saziş qoruyucu qalxan rolu oynayacaqdır. İyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının Prezidenti xanım Ursula von der Lyayenin Azərbaycana səfərinin əhəmiyyətinə toxunub və səfərin nəticələrini müsbət qiymətləndirib.
Anlaşma Memorandumunun imzalanması bir daha sübut edir ki, respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Prezident İlham Əliyev daim xüsusi vurğulayır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktublarda, Avropa İttifaqı rəsmilərinin çıxış və səfərlərində Azərbaycanın qlobal və regional baxımdan təbii qazın tədarükününü diversifikasiyasında mühüm rolu tez-tez vurğulanır. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri baxımından da tarixi hadisədir. Bununla, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan bu razılaşma ilə təkcə Avropa İttifaqının qaza olan tələbatının ödənilməsinə yardım etmir, həm də Birliyin təhlükəsizliyini, demokratik dəyərləri, quruma üzv dövlətlərin suverenliyini müdafiə edir. Rəsmi Bakı Avropanın bütövlüyünü qorumaqla yanaşı, onu asılılıqdan qurtarır. Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.
Nailə Tağızadə