1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək Şuşa şəhərində hər il düzənlənən daha bir tədbirin ötən ildən etibarən yenidən keçirilməsinin sevincini yaşayırıq. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Vaqif Poeziya günləri bu şəhər işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, keçirilir. Prezident İlham Əliyev bununla bağlı demişdir ki, bir zamanlar Şuşada böyük coşqu ilə keçirilən Vaqif poeziya günləri bərpa edilməlidir və ediləcək.
Vaqif poeziya günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. Ulu Öndər nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikildi. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilmişdi. 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan bir hadisə deyildi. Çünki, o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi və uzun illərdir ermənilər Şuşaya iddia edir, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. O da xüsusi qeyd olunmalıdır ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır. Məhz bu səfəri çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.
1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv etmiş, həmçinin Molla Pənah Vaqifin məqbərəsini də dağıtmışdılar. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 2021-ci ildə məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri də bərpa edildi. 2021-ci il 29 avqust tarixində Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər və görülən işlərlə tanış oldular. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstünün də açılışı oldu.
Qeyd edək ki, tarixi zəfərimizə qədər Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun unutmamışdı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığına verilən yüksək qiymətin təzahürü idi. 2017-ci ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilmişdi. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.
2022-ci il 14- 15 iyul tarixlərində 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşada yenidən təşkil olundu. Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başladı. Daha sonra dahi şairin məqbərəsi önündə tədbirin açılış mərasimi və Cıdır düzündə konsert-tamaşa təşkil olundu. “Əsrlərin sədası” adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırıldı. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 15-də öz işini başa çatdırdı. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü” layihəsi təqdim olundu. “İgidlərin sözü” layihəsinin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şer yazan qazilərdir. Vətən uğrunda döyüşən igidlərimiz - Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov Molla Pənah Vaqifin məqbərəsi önündə döyüşlərdə və döyüşdən sonra yazdığı şeirləri səsləndirdilər.
“SÖZ” Ədəbi layihəsinin çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da Vaqif Poeziya Günlərində kitab sərgisində təqdim olundu. Kitabda 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olan, qazi olan və iştirak edən oğulların şeirləri, esseləri, hekayələri toplanıb.
Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsinə çevrilib. Qədim mədəniyyət mərkəzimiz Şuşa öz bədii-mədəni ruhuna qayıtmışdır. Qarabağda poeziyamız da artıq öz ənənəsini bərpa edib. Söz və musiqi paytaxtımız Şuşa yenidən dirçəldilir və gələcək nəsillərə çatdırılır. Bu, bizim tariximizin parlaq səhifəsidir.
Nailə Tağızadə