Ötən il SOCAR-ın ümumi dövriyyəsi 56,3% artaraq 77,5 milyard manata çatıb.
Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Beləliklə, SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.
Qeyd edək ki, şirkətin 31.12.2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy verilib.