Sovet İttifaqının dağılması nəticəsində yeni müstəqil dövlətlərin meydana gəlməsi özü ilə bərabər Xəzərin hüquqi statusu problemini də bir daha gündəmə gətirdi. Təxminən 2 əsrdən çox bir müddətdə Rusiya və İran arasında siyasi-iqtisadi maraq zonası hesab olunan Xəzər dənizi bu mərhələdən sonra artıq 5 dövlətin – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın maraq zonasına çevrildi. Məlum olduğu kimi, 1994-cü ildə “Əsrin müqaviləsinin” imzalanması ilə Azərbaycan yeni neft strategiyasının əsasını qoydu. Yeni müstəqil dövlət tərəfindən xarici neft şirkətlərinin Xəzər hövzəsinə cəlb edilməsi, yeni neft və qaz yataqlarının istismara verilməsi Xəzərin statusunun yenilənməsi zərurəti haqqında məsələni ortaya çıxardı.
Müasir dövrdə enerji ehtiyatları dünya dövlətlərinin gücünü xarakterizə edən mühüm amillərdən biri hesab olunur. Getdikcə tükənən bu ehtiyatlara daha uzun müddət sahiblik etmək dövlətlərin digərlərinə təsir gücünü də artırır və onları qlobal anlamda söz sahibi edir. Bu baxımdan enerji ehtiyatları ilə zəngin Xəzər dənizi hövzəsi ətrafında uzun illərdən bəri mövcud olan fikir ayrılıqları dünya dövlətlərinin diqqətini özünə yönəltmişdir. Dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən Xəzər dənizinin hüquqi statusu ilə bağlı yaranan fikir müxtəlifliyi dövlətlərarası siyasi və elmi-nəzəri diskussiyaların davam etməsinə səbəb olmuşdur. Uzun illərin gərgin müzakirələrindən sonra 2018-ci ildə beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Belə ki, “Xəzər beşliyi" dövlətlərinin başçıları 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində V Zirvə toplantısında səkkiz sənəd – "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya", "Beşinci Xəzər sammitinin Kommünikesi", "Xəzər dənizində terrorizmlə mübarizədə əməkdaşlıq haqqında Protokol" və daha beş sənədi imzaladılar. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat sahəsində əməkdaşlıq, münaqişələrin aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlər ifadə edildi. Qeyd edək ki, Azərbaycan rəhbərliyi bu razılığın əldə edilməsində çox fəal rol oynayıb. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
2022-ci il 29 iyun tarixində Aşqabadda Xəzəryanı dövlət başçılarının VI zirvə toplantısı keçirildi. Bu sammiti müxtəlif cəhətlərdən, o cümlədən iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Zirvə toplantısı çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də baş tutdu. Prezident İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü oldu.
İlham Əliyev: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır”.
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və yaradıcısıdır. Bu baxımdan dövlət başçısı çıxışında Azərbaycanın geostrateji roluna toxunaraq vurğuladı: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”. Vətən müharibəsindəki tarixi qələbəmizə də toxunan İlham Əliyev bir daha bəyan etdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Sammitdə müzakirə olunan əsas məsələlərdən biri Xəzər dənizində su səviyyəsinin azalması, ekoloji problemlərin aradan qaldırılması və bu istiqamətdə müvafiq addımlar atılması yolunda həmrəylik nümayiş olunması idi. Çıxışında bu məsələni də vurğulayan Prezient İlham Əliyev bildirdi ki, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Qeyd edək ki, bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub.
Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsi öz töhfəsini verəcək. Xəzəryanı ölkələr mövcud imkanlardan istifadə edərək əlaqələri daha da möhkəmləndirə bilərlər. Bu isə yalnız həmin ölkələrin deyil, ümumilikdə bölgənin inkişafı ilə nəticələnə bilər.
Nailə Tağızadə