Prezidentin Kəlbəcər və Laçın səfərlərinin strateji əhəmiyyəti …

 

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü il dönümü ərəfəsində Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri baş tutdu. Dövlət başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Tikintisi 2025-ci ildə yekunlaşacaq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl, Kəlbəcər rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. Daha sonra Prezident Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Səfər çərçivəsində dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi, həmçinin Kəlbəcər şəhərinin baş planı təqdim edildi. İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyaraq, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında oldu. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verildi. Prezident Kəlbəcər rayonunda İstisu sanatoriyasının da təməlini qoydu.

Qeyd edək ki, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşacaq vacib infrastruktur layihələri yenidənqurma proseslərinin geri dönməziliyini göstərən meyarlardır. Laçın və Kəlbəcər rayonları Azərbaycanın mühüm turizm zonasına çevriləcək. Laçında beynəlxalq hava limanının açılması həmin regionda turizmin inkişafına xüsusi təkan verəcək. Bu o deməkdir ki, region yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və sonadək davam etdirmək niyyətindədir. Dövlət başçısının da vurğuladığı kimi, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.

Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri Qarabağda və Şərqi Zəngəzurda sərhədlərimizin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın güclü liderə, iqtisadiyyata, müasir orduya malik olmasının yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsində, sərhədlərimizin etibarlı qorunmasında, ölkəmizin maraq və mənafelərinin müdafiəsində mühüm rolu vardır. Prezident iyunun 26-da – Silahlı Qüvvələr günü  Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışında iştirak etdi. Qeyd edək ki, birinci komando hərbi hissəsi altı ay əvvəl Hadrutda istifadəyə verilib.

Hadrut və Kəlbəcərdə yaradılan komando hərbi hissələri Azərbaycan Ordusunun mövcud imkanlarının artırılmasına xidmət edir. Xüsusi vurğulanmalıdır ki, İlham Əliyevin tapşırığı ilə açılan hərbi hissələr Azərbaycan–Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək təhdidlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmaq məqsədi daşıyır.

Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident bildirdi ki: “Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”. Prezident həmçinin qeyd etdi ki, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. “Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur” – deyə dövlət başçısı vurğuladı.

Ali Baş Komandan Ermənistanla sərhəddən orada baş qaldıran bəzi revanşist qüvvələrə də sərt və kəskin xəbərdarlığını etdi: “Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın””.  Prezident həmçinin işğaldan azad olunan ərazilərdə yaradılan yeni komando hərbi hissələrinin sayının daha da artırılacağı mesajını verdi.

Bütün bu proseslər onu göstərir ki, Ermənistanla sərhəddə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək. Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır və bu proses davam edəcək. Bir qarış torpağımız belə güzəşt edilməyəcək. Ordunun inkişafı üçün yenə də bütün əməli addımlar atılacaq. Biz hər zaman sülh tərəfdarıyıq, bütün mübahisəli məslələrin danışıqlar yolu ilə həlli təşəbbüskarıyıq. Ancaq heç bir halda  bizim müstəqilliyimiz və suverenliyimiz danışıq mövzusu ola bilməz. Dövlət başçısının səfəri bir daha göstərir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də regionda marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar. Qarabağ da, Şərqi Zəngəzur da tarixi, əzəli Azərbaycan torpağıdır və bu reallığı heç bir qüvvə dəyişə bilməyəcək.

                                                                                                             Nailə Tağızadə

2022-06-28 / 20:59
Facebook