Qalib ordunun bayramı - Silahlı Qüvvələr Günü

 

1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülmüşdü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Özünü Xalq Cümhuriyyətinin siyasi varisi elan edən Azərbaycan Respublikası Cümhuriyyət dövründə əsası qoyulmuş Azərbaycan Ordusunun ənənələrini qoruyub saxladı və inkişaf etdirdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında nizami ordu quruculuğu prosesinə start verildi, hərbi sənaye kompleksi yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu. Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Bununla da hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. 

Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu tamamilə yeni mərhələyə qədəm qoydu.  Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı, hərbçilərin peşəkarlığı artırıldı, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldildi. Məhz məqsədyönlü fəaliyyət sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Bu gün Azərbaycan Ordusu öz gücünə görə Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

Azərbaycan Ordusu öz qüdrətini 2016-cı ilin aprel ayında göstərdi. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfər təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar  gətirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

Şanlı Qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

26 iyun 2021-ci il tarixində Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Prezident, Ali Baş Komandan İlham Əliyev bildirmişdi: “Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Vətən müharibəsində Azərbaycan Ordusunun 2900-dən çox hərbi qulluqçusu doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldı. Bu şanlı qələbəni xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla Sərəncam imzaladı. Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra – dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Vətən müharibəsi qəhrəmanlarının təltif olunmasını davam etdirən Prezident İlham Əliyevin 2021-ci il iyunun 24-də imzaladığı sərəncamlarla isə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edildi.

Şanlı Vətən müharibəsində qazanılan böyük qələbənin təbliği məqsədilə fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən – düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Bu park qələbəmizin əbədiləşdirilməsinə xidmət edən fəxarət məkanıdır, bugünki və gələcək nəsillərə örnəkdir.

2021- ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi isə Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır.  Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik, iqtisadi və hərbi uğurudur.

Bu gün Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyada mütləq rəşadət nümunəsidir. Azərbaycan Ordusu gündən-günə inkişaf edir, modernləşir.  Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində dayanaraq, düşmənin canına qorxu salmaqdadır. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. İftixarımız, qürurumuz, güvənc yerimiz olan ordumuzla fəxr edir, qalib xalq olmağın xoşbəxtliyini yaşayırıq.

                                                                                                           Nailə Tağızadə

2022-06-26 / 10:50
Facebook