Milli qurtuluşumuz

 

1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycan ərazisinin parçalanma təhlükəsi yaranmışdı.  Bir tərəfdən daxili parçalanma meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başladılar. 1992-1993-cü illər Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı.  Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Xalq yaxşı anlayırdı ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyevdir. Belə bir vəziyyətdə, 1993-cü ilin iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi.  Xalqın bu seçimi Ümummilli liderin qayıdışının uzun müddətdir ki, gözlənildiyini bir daha sübuta yetirdi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir daha itirilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri seçildi.  Həmin gün millətin taleyində dönüş anı oldu. O vaxtdan etibarən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi tariximizə yazıldı və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı. Lakin daxili qüvvələr, o cümlədən xarici müşahidəçilər, siyasətçilər də Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Çox keçmədi ki, bu fikirlərin yanlışlığı sübut olundu.  İyun ayının 24-də Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini geridə qoydu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerini tutması istiqamətində yeni bir mərhələ başladı, milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə  iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrü yaşadı, tarixi nailiyyətlər qazandı. Xalqın, respublikanın taleyi  məsuliyyəti bir rəhbər , bir lider kimi bu müdrik şəxsiyyəti daim düşündürürdü. Onun ictimai rəydə yekdilliklə qəbul edilən lider imici obyektiv təməllərdən, həyata keçirilən nəhəng quruculuq planlarından, layihələrdən, ali insani keyfiyyətlərdən qaynaqlandığı üçün xalqda bu böyük dövlət xadiminə sarsılmaz inam, dərin məhəbbət yaranmışdı. Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadimi olaraq xalqın inamını qazanmağa nail olmuşdur.

Artıq Milli Qurtuluş tariximizdən 29 il keçir. 29 il bir tarix kimi qısa səslənsə də, dövlətçiliyimiz və əldə etdiyimiz uğurlar baxımından heç də qısa bir dövr kimi xarakterizə olunmur. Azərbaycanın 29 il ərzində nail olduğu istər daxili, istərsə xarici uğurlar, ictimai ahəngdarlıq, imza atdığımız qlobal miqyaslı layihələr belə deməyimizə zəmin yaradır. Bu gün Azərbaycan xalqı qalib xalqdır, Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Əldə olunan hər bir nailiyyətimizin banisi, səbəbkarı Ulu Öndər olmuşdur.  Müasir Azərbaycanın qazandığı çoxşaxəli uğurların arxasında Heydər Əliyev tərəfindən əsası qoyulan gələcək perspektivləri də ehtiva edən milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir.

                                                                                                       Nailə Tağızadə

2022-06-15 / 22:39
Facebook