Bakı Enerji Həftəsi

 

2022-ci il 1-4 iyun tarixlərində Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu tədbiri - Bakı Enerji Həftəsi başlayıb. Enerji həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir. Bu sərgi və forumda 30 ölkədən 249 şirkət iştirak edib.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşlarıdır. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: ACWA Power, bp, Equinor, Masdar, INPEX, Turkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen. İştirakçılar arasında Bos Shelf, Gazprombank, Equinor, Schlumberger və digər şirkətlər çıxış etdilər. 

Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir olan Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların nümayişi baxımından mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz, energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. İlk dəfə olaraq 1994-cü ildə təşkil olunan sərgi keçirilərkən Azərbaycan, ölkəmizin zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. İllər keçdikcə ənənəvi olaraq təşkil olunan sərgi və konfrans böyük diqqətlə izlənməyə başlanılmış, geniş maraq dairəsi toplamışdır.

Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. Bu dəfəki sərgi və konfrans yenə də dünya mətbuatında, ictimaiyyətdə xüsusi maraq oyatdı. Bu ilki sərgi dünyanın 30 ölkəsindən 249 şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirdi. İştirakçıların siyahısında ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistanın şirkətləri daxildir. Sərgi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi ilə keçirilir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasiminə qatılan prezident İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Cənub Qaz Dəhlizi layihəsindən söz açan prezident ötən il ölkənin 22 milyard kubmetr təbii qaz ixrac etdiyini vurğulayıb: “Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan qazına olan tələbat sürətlə artır: “Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik”. Çıxışında yenilənən enerjinin əhəmiyyətini xüsusi vurğulayan Prezident bildirdi ki, artıq bu sahədə işlər görülür: “Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır”. İşğaldan azad olunan ərazilərimizin də bu baxımdan böyük potensiala sahib olduğunu vuröulayan İlham Əliyev qeyd etdi ki: İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar”.

Azərbaycan sərgi və konfrans vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat yaradır. Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, dünya enerji bazarında sabitliyin təmin olunmasında  Azərbaycanın oynadığı mühüm rol dəyərləndirildi. Məktubda vurğulanır: “Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”. İki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərinin olduğunu bir daha nümayiş etdirir.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var idi. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir. Sərgiyə həmçinin iyunun 1-dən 4-dək Bakı Ekspo Mərkəzində keçiriləcək əlavə tədbirlərin intensiv gündəliyi daxil idi. Bunlar “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər” sessiyası, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti” mövzusunda sessiya, Energy Talks (“Women in power” və “Bizimkilər”) sessiyası, Müştərilər&Təchizatçılar sessiyası, “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi” sessiyası,  “Neft sənayesində SƏTƏM idarəetməsi”, eləcə də iştirakçı şirkətlərin təqdimatları idi. Həmçinin sərgi müddətində xarici və yerli istehsalçı və distribütorların iştirakı ilə ənənəvi B2B görüşlər keçirildi.



İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində keçirilən Bakı Enerji Forumu enerji sektorunda keçirilən yüksək əhəmiyyətli tədbir statusunu qazanmışdır. Forumun gündəliyinə “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər”, “Qlobal Enerji perspektivləri”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” plenar sessiyaları daxil idi. Forumda, həmçinin Xəzər regionunda yeni hasilat imkanları, qaz xətləri marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçirildi. Forumun yekunu olaraq iyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçirildi.

Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur.  Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir.  Azərbaycan bu gün dünyəvi arenada  arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.

                                                                                                     Nailə Tağızadə

2022-06-05 / 18:58
Facebook