Teknofest Azərbaycan - qardaşlığın və strateji tərəfdaşlığın təcəssümü

 

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.  Ötən ilki festivala Türkiyənin 81 vilayətindən və 111 ölkədən 44.912 komanda və 200.000 nəfər müraciət etmişdi.

Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib.

2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST”in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. 

Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. “Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olundu. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunmdu, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar sərgiləndi. Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxil idi.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçirilən müsabiqələrdə gənclər öz layihələrini təqdim etmək imkanı qazandılar. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu sayda müsabiqələr keçirildi.

44 günlük Vətən müharibəsi ilə dünyəvi şöhrət qazanmış “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas səbəbkarıdır desək yanılmarıq. “TEKNOFEST Azərbaycan” gənclərin süni intellekt, proqram təminatı, robotların və PUA-ların hazırlanması, standart planer modelində sınaqların keçirilməsi, uçuşun proqramlaşdırması və məlumatların toplanması, idarəetmə sistemlərinin layihələndirilməsi və inşası üzrə bacarıqlarının geniş şəkildə ictimaiyyətə təqdim olunması üçün imkan yaratdı. Tələbələr və gənclər arasında kosmik sahəyə artan maraq yerli kadrların yetişdirilməsi baxımından da çox vacib bir nüansdır. Bu festival gənclərimizin elmə, texnologiyaya marağının artmasına və yeni layihələrə imza atmalarına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımıza əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq.

44 gün davam edən İkinci Qarabağ müharibəsinin ilk günündən qardaş ölkə siyasi, mənəvi, hərbi dəstəyini bizdən əsirgəmədi. Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. 2020-ci il dekabrın 10-da  Qələbəmizin təntənəsi olan Zəfər paradını Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izlədi. Bu, Azərbaycan-Türkiyə dostluğunun əbədiyyət rəmzi idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi. İki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi. Bəyannamə ilə əlaqələrimiz ən yüksək zirvəyə qalxdı.

14 may 2022-ci il tarixində  Prezident İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakı və qısa zaman ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi iki qardaş ölkənin birliyinin növbəti nümunəsidir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın dediyi kimi: ““TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir”. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən  28 may Müstəqillik günündə Türkiyə Prezidenti bizi yalnız qoymadı və bu mötəbər bayramı iki qardaş ölkə lideri bir yerdə qeyd etdi. Çıxışında bu məqamı xüsusi vurğulayan İlham Əliyev bildirdi ki: “Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında bu qardaşlığı belə tərənnüm etdi: “Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” Belə mötəbər tədbirlərdə hər iki dövlət başçılarının iştirak etməsi Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əlaqələrinin hansı səviyyədə olmasının göstəricisidir. İki qardaş ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri müttəfiqliyin təcəssümü olmaqla yanaşı, həmçinin beynəlxalq arenaya da bir bəyanatdır ki, bu iki dövlətin dostluq və müttəfiqliyinin dünyada analoqu yoxdur və sarsılmazdır. Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

                                                                                                      Nailə Tağızadə

2022-05-30 / 16:29
Facebook