Şərqdə ilk demokratik respublika ...

 

1918-ci ilin yazında – may ayında heç bir qüvvəsi və hakimiyyəti olmayan Zaqafqaziya Seymi dağıldı, meydana gəlmiş konkret tarixi şəraitdə 1918-ci il mayın 27-də Seymdə olan Azərbaycan nümayəndələri Azərbaycanın istiqlalını elan etmək qərarına gəldilər. Beləliklə, təqribən bir əsrlik fasilədən sonra bu qədim türk diyarında müstəqil dövlət quruluşu bərpa olundu.

Bu haqda M.Ə.Rəsulzadə yazırdı: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən, xüsusən, dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini-müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən bizim respublikamız birinci türk dövlətidir”.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. AXC-nin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycan Cümhuriyyətinin xarici siyasətində qonşu dövlətlərlə dostluq və qarşılıqlı anlaşma prinsipləri zəminində münasibətlərin qurulmasına, mübahisəli məsələlərin həllində zorakılıqdan imtina edilməsinə, qarşılıqlı etimadın yaradılmasına mühüm əhəmiyyət verilirdi. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub. 1920-ci il aprelin 22-də isə parlament hökumətin təşəbbüsü əsasında Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin açılması haqqında qanunu qəbul etdi. Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qaldı. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.  AXC o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Bununla yanaşı, orta və ibtidai məktəblərdə təhsilin ana dilində aparılması haqqında qanunun qəbulu, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi. AXC bu inqilabi qərarı verərkən bu gün Qərbdə demokratik dəyərləri ilə öyünən bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdı. Birinci dövr, 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər;  ikinci dövr -  1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü dövr -   1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövrdür. Dördüncü dövr isə 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir.

Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı”nda qeyd olunur  ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur.  Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bütün dövlət atributlarını: bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir.  İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü 1990-cı ildən Respublika günü kimi qeyd edilib. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Bu qərar tarixi zərurətdən, reallıqdan doğmuşdur. Məntiqi baxımdan 28 may günü müstəqilliyimizin əldə olunma günüdür.

Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunmuş, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla keçmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyası yeni çalarlarla bugünümüzə tətbiq olunur. AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu isə daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan Xalq Cümhuriyyətinin 80, 90, 100 illiyi Azərbaycanda və ölkə hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunmuş, hər il də qeyd olunmaqdadır. AXC-nin fəaliyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir:  “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm
addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər 
xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası 
işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu 
cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov,  Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli 
ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram 
hissi ilə yad edir”. 

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzalanmış Sərəncamı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması müstəqillik tariximizə əvəzsiz töhfədir. 2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi tədbirdə çıxış edən dövlət başçısı bildirmişdi ki: “Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi”.

Bugünki Azərbaycan  Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. Bununla, dövlətimiz yeniləşən strategiyasının özülündə tarixiliyin, varisliyin dayandığını nümayiş etdirir.

                                                                                                        Nailə Tağızadə

2022-05-28 / 17:30
Facebook