Azərbaycanın növbəti diplomatik uğuru; üçüncü Brüssel görüşü ...

 

2022-ci 22 may tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. Beş saatdan artıq davam edən görüş danışıqların detallı şəkildə aparıldığının göstəricisidir. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər (14 dekabr 2021-ci il və 6 aprel 2022-ci il tarixli) kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. Üçüncü üçtərəfli görüşdən sonra yayılan bəyanatda vurğulandı ki,  liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Qeyd edək ki, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılır. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:

  • Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
  • Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  • Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.



Görüşdə ermənilərin daim iddia etdiyi status məsələsi yenə də qaldırılmadı, hətta dövlətlər arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmadı. Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd etdi. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.

Şarl Mişelin bəyanatında tərəflərin hansı mövzular istiqamətində müzakirələr apardığı aydın olur. Belə ki, əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də humanitar məsələlərə - itkin düşmüş insanların taleyinə, mina probleminə toxunuldu. Prezident Şarl Mişel ilə təkbətək görüşündə müharibədə itkin düşən 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğuladı və işğaldan azad edilmiş ərazilərimizdə mina problemini yenidən vurğuladı. Şarl Mişelin bəyanatından da aydın olur ki, Azərbaycanın humanitar məsələlərlə bağlı irəli sürdüyü təkliflər Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu isə onu deməyə əsas verir ki, ərazilərin minalardan təmizlənməsində çox güman ki, Azərbaycana maliyyə və iqtisadi dəstək göstəriləcək. Sərhəd məsələləri ilə bağlı Şarl Mişel bildirdi ki, sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Qeyd edək ki, 18 mayda Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatında bu məsələyə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki: “Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir”.

Həmçinin dövlət başçısı qeyd etmişdi ki, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistan imtina etmişdi. Göründüyü kimi sərhəd məsələsi ilə bağlı təklif olunan görüşlər Ermənistanın məsuliyyətsiz mövqeyi ucbatından ləngiyir.

Kommunikasiya məsələlərinə gəlincə, Şarl Mişel bildirdi ki, Əliyevlə Paşinyan kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Bu məsələylə bağlı əvvəlki görüşlərdə də müəyyən fikirlər səsləndirilmişdir, lakin yenə də Ermənistanın qərəzli addımı hələ ki, bir nəticəyə gəlməyə imkan verməmişdir. Avropa İttifaqının prezidenti vurğuladı ki, Azərbaycan və Ermənistan liderləri xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Həmçinin sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri görüşəcəklər. İqtisadi əlaqələrin güclənməsi və kommunikasiyaların bərpası aclıq və səfalət içərisində hökm sürən  Ermənistanın iqtisadi vəziyyətinin yüksəlməsinə imkan yaradacaq. Ona görə də erməni tərəfi əsassız ittihamlarına son qoyub danışıqları intensivləşdirsə öz millətinə xeyir vermiş olar. Şarl Mişelin açıqlamasında Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinə də toxunulmuşdur ki, əslində bu sırf Azərbaycanın maraqlarının ifadəsidir. Belə ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər yalnız Azərbaycanın konstitusion əsasları və qanunları altında yaşaya bilərlər. Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir. Tolerant dövlət olaraq özünü təsdiqləmiş Azərbaycan digər millətlətin nümayəndələri kimi, ermənilərin də  hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bu halda seçim ermənilərindir. Ya Azərbaycanın qanunları daxilində azad və bərabər şəkildə yaşayacaqlar, ya da ki bu təkliflə razılaşmayıb Ermənistana köç edəcəklər.

Şarl Mişel qeyd etdi ki, iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə bu formatlı növbəti görüşün baş tutması planlaşdırılıb.  Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

Ümumilikdə, görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Bu görüş göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasına maraq göstərir. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.                                                                             

                                                                                                       Nailə Tağızadə

2022-05-23 / 15:44
Facebook