Dirçələn Şuşada “Xarıbülbül” festivalı ...

 

Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Tədbir 1989-cu ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. 1989-cu ilin festivalında yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın insan qatılıb. Cıdır düzü meydançasında tikilən 7 məkanda konsertlər düzənlənib. Həmin gün Qarabağ atlarının da yarışları olub. Festival çərçivəsində Şuşada güləş yarışları keçirilib.

1990-cı ildə “Xarıbülbül” musiqi festivalı beynəlxalq status alıb. Sonrakı illərdə tədbir Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ-nin müttəfiq  respublikalarının iştirakı ilə keçirilib. Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılıb.

Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçılar o qədər  çox olub ki, festival çərçivəsində konsertlər stadionlarda keçirilib. 1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında düzənlənib.

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən böyüyü olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq işğalçı ermənilərin xəyanətkarlığı, məkri bu işimizi də yarımçıq qoydu. “Xarıbülbül” musiqi festivalını həmin il Şuşada təşkil etmək mümkün olmadı. Erməni qəsbkarları Şuşa şəhərini mayın 8-də işğal etdilər…

Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi. Həmin festivaldakı çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”unda saxlanılan “Sona bülbüllər” mahnısı xüsusilə diqqət çəkdi.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. Xarıbülbül şəhidlərin xatirəsinin və ordumuzun zəfərinin simvolu olaraq təqdim olundu və hər bir azərbaycanlı tərəfindən yüksək sevgi, ehtiram, müqəddəslik rəmzinə çevrildi.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdular. Müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Zəfərimizdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq layihələri həyata keçirilməyə başladı və bu gün də davam etməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirdi, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən keçirilməsinin zəruriliyini qeyd etdi. Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Bununla da Şuşanın, bütövlükdə Qarabağ torpağının mənəvi dirçəlişinin əsası qoyuldu. 2021-ci il mayın 12-si və 13-də işğaldan azad olunandan sonra ilk dəfə Şuşada “Xarıbülbül” festivalı düzənləndi. Bu il isə 12-14 may tarixlərində festival baş tutdu. Bu ilki “Xarıbülbül” festivalı xüsusi əhəmiyyət kəsb edir. Çünki festival “Şuşa ili”ndə və Şuşanın 270 illiyini qeyd etdiyimiz bir dövrdə keçirildi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Festivala 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıb. Ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Bu gün Şuşa yenə öz beynəlxalq şöhrətini bərpa edir. Düşmən əsarətindən azad edilmiş Şuşa musiqimizin, muğamımızın sədaları altında müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Mayın 12-14-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. Çoxşaxəli fəaliyyət və beynəlxalq təəssürat deməyə əsas verir ki, festival davamlı olaraq keçiriləcək, festivala olan maraq artdıqca ildən-ilə digər ölkələrdən gələn qonaqların sayı daha da çoxalacaq. Bundan sonra Şuşanın simvollarından birinə çevrilən “Xarıbülbül” festivalı əbədi yaşayacaq.

                                                                                                           Nailə Tağızadə

2022-05-15 / 14:04
Facebook