2022-ci il 25 aprel tarixindən etibarən Ermənistanın hər yerində müxalifət tərəfindən təşkil olunan etiraz aksiyaları keçirilir. Mitinqlər Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə baş tutur. Mayın 1-dən İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb. Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb. Etirazlar "Qarabağ və Zəngəzur satıldı! Ermənistan parçalanır" şüarları ilə keçirilir. Maraqlıdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri öz torpaqlarını işğaldan azad edərkən kol-kosda gizlənən erməni fərariləri indi “qeyrətə” gəlib Qarabağ üçün hay-həşir salırlar. Məlum məsələdir ki, etiraz aksiyaları Köçəryan-Sarkisyan cütlüyünün ssenarisi əsasında baş tutur. Bu cütlük yenidən siyasi hakimiyyəti ələ almaq üçün Qarabağ məsələsindən “məharətlə” istifadə edib erməniləri təsir altına salmağa çalışır.
Etiraz iştirakçılarına qarşı həyata keçirilən kobud və vəhşi davranışlar Paşinyan hakimiyyətinin təslim olmayacağını göstərir. Bu cür mitinqlərin çox şahidi olmuşuq və nəticələrinin nə olacağından asılı olmayaraq bizim haqlı tələblərimiz yerinə yetirilmədikcə hansısa danışıqlara gedilməyəcək. Xocalı cəlladları, erməni siyasi terroristləri keçən əsrin sonlarında rallaşdırdıqları siyasi xətti yenə davam etdirmək niyyətindədirlər. Lakin unudurlar ki, indi zaman da dəyişib, geosiyasi şərait də. Arzuları yenə də ürəklərində qalacaq. Bu məsələnin bir tərəfidir. Məsələnin digər önəmli olan tərəflərindən biri də demokratiya və insan haqlarından ağız dolusu danışan Avropanın, bütövlükdə Qərbin Ermənistandakı aksiyalara heç bir münasibət göstərməməsidir. İrəvanda hərəkəti dayandırmağa və barrikadalar qurmağa cəhd göstərən yüzlərlə etirazçının zorla polis məntəqələrinə gətirilməsi, heç bir izahat verilmədən azı 3 saat ərzində saxlanılması, saxlanılan və polis bölmələrinə aparılan aksiya iştirakçılarına qarşı çoxlu pozuntulara yol verilməsi, hətta etirazçıların qurduğu çadır düşərgəsindəki insanlardan birinin ölümü belə Qərb dünyasını hələ də narahat etməyib. Lakin Azərbaycanda qanunsuz, icazəsiz şəkildə təşkil olunan hər hansı bir aksiya dinc şəkildə yatırılsa belə, dərhal Avropanın “demokratik” təsisatlarından hesabatlar tələb olunur, bu məsələ geniş şəkildə təhrif olunaraq təqdim olunur, saxta ittihamlar səsləndirilir. Bu qədər “düzgün” və “dəqiq” siyasət reallaşdıran demokratik təsisatlar, aparıcı dövlətlər bəs Ermənistandakı vəhşilikləri niyə görməzdən gəlirlər?
Bu gün Ukraynanın işğalında Ermənistan Rusiya ilə birlikdə iştirak edir. Müharibənin ilk günündən Ermənistan Rusiyanın Ukraynaya təcavüzünə tam və hərtərəfli dəstək verir. Ermənistanda işğalın dəstəklənməsinə, Rusiyanın təcavüzünün müdafiəsinə həsr olunmuş mitinqlər keçirilir, separatçılara humanitar yardımlar daşınır, üzərində "Armeniya" yazılmış tanklar Ukrayna torpaqlarını günahsız insanların qanıyla suvarır, şəhərləri, kəndləri viran qoyur. Bu yaxınlarda sosial şəbəkələrdə Ukraynada çəkilmiş bir foto yenə gündəm oldu. Fotoda üstü boyanmış Ermənistan bayraqlı rus texnikası əks olunub. Bu cür fotolar əslində çoxdur. Geyimlərində Ermənistan bayrağını simvolizə edən şevron daşıyan hərbçilər uşaqları, qadınları, köməksiz insanları Xocalıda olduğu kimi amansızcasına qətlə yetirirlər. Rusiya telekanallarında işğala haqq qazandıranların ön sırasında yenə də ermənilər dayanır, Ukrayna xalqının "təmizlənməsinin" vacibliyindən danışır. Digər maraqlı fakt ondan ibarətdir ki, Rusiya sanksiyalarla üzləşəndən sonra rus biznesinin Ermənistana böyük köçü başlayıb. Ukrayna müharibəsi başlayandan Ermənistana 85 min nəfər rus vətəndaşı köçüb. Vacib nüans bundan ibarətdir ki, onlar müharibədən qaçmayıblar, rus biznesinin Ermənistana miqrasiyasını təşkil etməyə gediblər, Ermənistanda biznes qurublar. Müharibə başlayandan bəri Ermənistan ərazisində ruslara məxsus 1000 özəl şirkət və 250 MMC yaradılıb. Rusiya ilə əməkdaşlıqda Türkiyəni, hətta bir ara Azərbaycanı belə ittiham edən Qərb nədənsə açıq-aşkar şəkildə davam edən rus-erməni əməkdaşlığına göz yumur, bununla bağlı Ermənistana təzyiq etmir. Bütün bunlar dünyada hökm sürən ikili standartların hələ də hakim olduğunu göstərir. İkinci Qarabağ müharibəsində “Bayraktar”a görə Türkiyəni az qala təcrid etməyə çalışan, sanksiyalarla üz-üzə qoyan dünya birliyi, bu gün Ukraynaya daha çox “Bayraktar” verməsi üçün Türkiyəyə təzyiq edir. 2022-ci il 12 aprel tarixində ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu məsələylə bağlı rəsmi mövqeyini bildirdi: “Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır”. Sual olunur ki, nə dəyişdi? Vətən müharibəsində şeytan olan “Bayraktar”, Ukrayna müharibəsində mələyə çevrildi... Cavab isə aydındır: mövcud ikiüzlü siyasət buna vadar edir. Beynəlxalq birlik Ermənistana istər mitinqlərdəki vəhşiliklərə, istərsə də Rusiya-Ukrayna müharibəsindəki haqsız mövqeyinə görə layiq olduğu cavabı verməlidir.
2022-ci ilin fevralında Azərbaycan Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan isə, ilk öncə, həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildirib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki: “ Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi. Həmin o 6 bənddən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib? Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə Azərbaycan və Ermənistan MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır. Növbəti bir bənddə ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur. Bu da sual doğuran məqam deyil. Növbəti bənd ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil. Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.
10 may tarixində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə ABŞ-ın Bakı və İrəvanı münasibətləri normallaşdırmağa və hərtərəfli sülh sazişi bağlamağa çağırdığını bildirib. “ABŞ tərəflərə kömək etməyə hazırdır. Həll olunmamış məsələləri çözmək lazımdır”, - deyə o vurğulayıb. ABŞ da, bütün beynəlxalq birlik də qəbul etməlidir ki, danışıqlar prosesinin uzanması və ortaq bir rəyə gəlinməməsi məhz Ermənistanın düşüncəsiz və məsuliyyətsiz siyasətinin nəticəsidir. Maraqlıdır ki, hətta Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib. Bu barədə Ermənistan mediaları məlumat verir: “Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir”, - müraciətdə deyilir.
Onlar daha sonra müraciətlərində yazıblar: “Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”.
Ermənistan gerçəkliyi anlamalıdır ki, artıq Qarabağ problemi mövcud deyildir. Biz onu tarixin keçmiş səhifələrinə atdıq. Bu gün biz gələcəyə istiqamətlənən, regional əməkdaşlığı təşviq edən fəaliyyətləri reallaşdırırıq. Ermənistandan da eyni addımı gözləyirik. Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, onları düşdükləri bu rəzil vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər. Ona görə də Ermənistan sülh prosesini intensivləşdirməli, Azərbaycanın təkliflərini qəbul etməli, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasına öz töhfəsini verməlidir.
Nailə Tağızadə