Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Bu gün həm birinci Qarabağ müharibəsi, həm də ikinci Qarabağ müharibəsində müqəddəs zirvəyə ucalan hər bir şəhidin ailəsi, qazilərimiz diqqət və qayğı ilə əhatə olunub. Torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.
44 günlük şanlı zəfərimizdən sonra həyata keçirilən bütün təminatları vahid sistem halında həyata keçirmək zərurəti yarandı. Postmüharibə dövrü kimi xarakterizə olunan bu dövrdə şəhid ailələrinə, qazilərə sosial dəstək proqramları, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Belə bir həssas dönəmdə Fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmli idi. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. “YAŞAT” Fondu Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsidir.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir. Yashat.gov.az portalı 8 yanvar 2021-ci il tarixindən istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (mayın 4-nə kimi olan hesabata əsasən) ümumi 73 266 629.91 manat vəsait daxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 59 222 090.83 manat məbləğində vəsait xərclənib. 14 044 539.08 manat məbləğində isə qalıq vəsait qalıb.
Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Şəhid ailələrinə ötən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək.
Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.
İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında həyata keçirdiyi “Məşğulluq marafonu” öz işini uğurla davam etdirir. Marafonun məqsədi həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 636-a çatıb. Onlardan 338-i dövlət, 298-i özəl müəssisələrdir. İşəgötürənlər tərəfindən marafona 4492 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı artıq 2167-ə çatıb ki, onlardan 1780-i qazi, 387-si şəhid ailəsi üzvləridir.
Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
2 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etdilər. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyildir. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
Açılış mərasimindən sonra Prezident və birinci xanım mənzillə təmin edilən ailələrdən birinin - Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı oldular. “İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Dövlət başçısı bildirdi ki, heç kim həyatda əbədi qalmır, amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. İlham Əliyev xüsusi qeyd etdi ki, şəhid ailələrinin həyatında heç bir problemin olmaması üçün şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar. Bütün məsələlərdə bütün dövlət məmurlarının, mərkəzi, yerli icra orqanlarının daim şəhid ailələri ilə bir yerdə olmasının, kömək göstərməsinin vacibliyini vurğulayan Prezident qeyd etdi ki, bu, bizim borcumuzdur. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin, qazisinin, şəhid ailələrinin yanındadır. Vətən üçün canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir və hər zaman da belə olacaqdır.
Nailə Tağızadə