XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barəsində eşitmiş hər bir kəsi hələ də həyəcanlandırır, düşündürür. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri - Vladimir Qubarev yazırdı: “Çernobıl bir müharibədi. 20-ci yüzilin müharibəsi. Daha əvvəlkilərdən fərqli bir müharibə; insanların öldüyü və ölməyə davam etdiyi bir müharibə”. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insan isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-ndə əlillik yaranır. Hadisədən 36 il keçməsinə baxmayaraq , radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilir. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişir. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. 2011-ci il 11 mart tarixində Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Modern, güvənilən yüksək texnologiyaya sahib, çalışqanlıqları və məsuliyyətləriylə məşhur yaponlar belə bu cür qəza ilə baş çıxarmaq qabiliyyətinə malik olmadıqlarını etiraf etdilər. Təkcə qəza nəticəsində reaktorlarda ərimiş radioaktiv yanacağın təmizlənməsi 40 il davam etməlidir...
Bu gün Qafqaz, ümumilikdə isə bütün region üçün böyük təhdid olan “Metsamor” AES Çernobıl AES ilə eyni sistemə malikdir. Ermənicə adı Oktembryan olan və yerləşdiyi bölgənin adıyla tanınan Metsamor Atom Elektrik Stansiyası bugün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmişdir. Bu da onu dünyanın ən təhlükəli stansiyası edir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 km qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir.
7 dekabr 1988-ci ildə baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 km aralıda idi. Zəlzələdən sonra böyük zərər görən stansiya bu vəziyyətdə ikən 3 ay yenə işlədilmiş, yerli əhalinin təzyiqlərindən və Sovet hakimiyyətinin təhlükəsizlik sarıdan narahatlığa görə bağlanmışdır. Lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşılayan stansiyanın bağlanması enerji böhranına səbəb olmuşdu. Bu isə təbii qaynaqlar baxımından da kasıb olan ölkədə sosial və iqtisadi çöküşə gətirib çıxarmışdı. Bu böhrandan çıxmaq üçün beynəlxalq tənqidlərə baxmayaraq Metsamoru yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ilin martında Rusiya ilə Stansiyanın işə salıması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzaladı və 1995-ci ildən etibarən “saatlı bomba” yenidən işə düşdü ... Bununla da Metsamor dünyada ilk dəfə olaraq bağlandıqdan sonra yenidən istifadəyə verilən AES olma “özəlliy”ini də daşıdı. Stansiyanın birinci bloqu zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq işlək vəziyyətdə olmadığından bağlanmışdır. Birinci bloqun içindəki uranın “aqibəti” - nəzarətsiz buraxılması - da bölgə üçün ayrıca bir təhlükə mənbəyidir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələrin sızmasına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa Birliyi bu stansiyanı köhnə və azetibarlı olaraq qiymətləndirmişdir.
1999-cu ildə Brusseldə Ermənistan hökuməti ilə AB arasında Metsamorun 2004-ci ilə qədər bağlanması ilə əlaqədar razılıq imzalanmışdı. Həmçinin Ermənistan 25 yanvar 2001-ci il tarixində də Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər Metsamoru bağlamağı öhdəçiliyinə götürmüşdü. Öhdəliyə rəğmən Ermənistan höküməti bu sahədə fəaliyyətə başlamamış, əksinə ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək stansiyanın elektrik istehsal gücünü daha da artırmışdı. 2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayımlanan Cənubi Qafqaz Raportunda stansiyanın bağlanılmasının vacibliyi açıq şəkildə vurğulanmışdır. Raportda Bolqarıstandakı Kozludou ilə birlikdə Avropanın ən təhlükəli iki stansiyasından biri olaraq elan edilən Metsamorun AB standartlarından çox aşağı olduğu vurğulanmışdır.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etmiş oldu. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər beynəlxalq qurumların məsələ ilə bağlı həssaslığını gücləndirdi. Metsamorun region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq baş vermiş zəlzələnin fəlakətləri Metsamor AES-in region üçün təhdidini təkzibedilməz edir. Ermənistan rəsmiləri isə israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, Metsamor stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Ermənistan iddia edir ki, Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın Fukusima-1 stansiyasının sistemindən daha etibarlıdır. Bu yolla da bütün təzyiq və iradlara baxmayaraq stansiyanın “təhlükəsizliyini” qaranti altına almaq istəyən Ermənistan hökuməti hər vəchlə özünü doğru çıxartmağa çalışır.
Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ dövründə heç bir önləm alınmadan 9 bal gücündəki zəlzələ yaşana biləcək bir bölgədə salınmışdır. Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da Sovet bürokratiyası bu çağırışlara məhəl qoymadı. Metsamor inşa ediləndə onun 8 bal zəlzələyə davamlı olması bildirilmişdi. Həmişəki kimi quru pafoslarla beynəlxalq aləmin gözünə pərdə asmağa çalışan erməni mənbələri guya onun, hətta 9,5 bal zəlzələyə tab gətirə biləcəyini qeyd edirlər. Bu bəyanat insanda ikrah hissi doğurur. Yaponiya, ABŞ kimi elm və texnikanın sürətlə inkişaf etdiyi dövlətlərdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb. Ermənistan nəinki region əhalisinin, hətta öz vətəndaşlarının belə həyatını heçə sayır. Stansiyanın bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur “National Geographic” jurnalının “Erməni atom stansiyası dünyada ən təhlükəlidir?” (“Is Armenia’s Nuclear Plant the World’s Most Dangerous?”) başlıqlı məqaləsində qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirmişdir ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan "Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi" adlı sənəddə "Metsamor" AES-in vaxt keçdikcə istismardan çıxarılması qeyd edilir. Bu bənd erməni ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub. Çünki istənilən halda "Metsamor" AES-in bağlanması elektrik tarifi və onun nəticələrinin artmasına səbəb olacaq ki, bu da Ermənistan rəhbərliyini ciddi narahat edir. ABŞ-ın nüfuzlu “Washington Post” nəşrinin 8 noyabr 2017-ci il tarixli region üçün ciddi təhlükə mənbəyi olan Metsamor AES-indən bəhs edən yazısı dərc edildi. Fotolarla təqdim olunan məqalədə müəllif Stefano Morelli AES-in yerləşdiyi Metsamoru “Həyatla ölümün arasında yaşayan şəhər” kimi təqdim edərək, seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES-də nüvə reaktorunun da müdafiə örtüyü olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırmışdı. Müəllif vurğulamışdır ki, 2011-ci ildə “National Geographic” Metsamoru” dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Morelli bu ilin yanvar ayında bölgəyə səfər edərək bu şəhərin acınacaqlı vəziyyətini fotoaparatın obyektivinə köçürüb. Müəllifi ən çox heyrətləndirən isə enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub. Rusiyalı ekspert Yuri Uşkov isə bu məsələni şərh edərkən deyib ki, Ermənistanın bu ölüm kabusunu işlətməkdən başqa əlacı yoxdur, çünki əks halda o, elektrik enerjisini idxal etməli olacaq. Dilənçi vəziyyətində olan ölkənin buna sadəcə maddi imkanı yoxdur. Üstəlik, qonşu ölkələrdən heç birinin Ermənistana elektrik enerjisi ötürmək imkanının olmadığını deyən ekspert bildirir ki, bu halda İrəvanın yeganə əlacı Azərbaycandadır.
4 noyabr 2017-ci ildə Fransanın “Lö Mond Diplomatik” saytında dərc edilmiş “Metsamor - gələcək Çernobıl. Bələdçi ilə gəzinti” adlı məqalədə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilib. Fransalı fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda, hətta bu gün də sızıntı proseslərinin olduğunu bildirir. Məqalədə stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri şəhər üçün büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qaranlıqda evlərinə qayıdırlar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Belə bir təhlükəli stansiya ilə bağlı maliyyə çətinliyinin nəticəsinin necə ağır olacağı hamıya bəllidir. Fransalı jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir. Məqalədə göstərilir ki, bir erməni qadın ərinin stansiyada işlədiyini və orada baş verən gündəlik qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb. Həmçinin, qəza baş verərsə, stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyətin acınacaqlı olduğu göstərilir. Tibb işçiləri binanın tavanının damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb. Hətta qəza hallarında əhaliyə paylanacaq təcili dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib. Yazıda qeyd olunur ki, qəza baş verdiyi halda onlardan necə istifadə etmək olar? Ancaq daha bir sual yaranır: Stansiyada dərman preparatları həqiqətən varmı? Burada yaşayan əhali işsizlikdən də şikayətlənib. Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılıb və jurnalistlər Metsamor stansiyasındakı təhlükəli vəziyyəti şəkillərlə vizual göstəriblər.
4 dekabr 2021-ci il tarixində Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən “Metsamor” AES haqqında xüsusi məqalə yayımladı. Məqalədə vurğulanır ki, bu AES-in ətrafındakı ərazidə üç torpaq çatı yerləşir və bu onu çox böyük təhlükə mənbəyinə çevirir. Məqalədə, həmçinin bu AES-in Rusiya dövlət atom energetikası agentliyi tərəfindən yenidən qurulması və onun istifadə müddətinin 2036-cı ilədək uzadıldığı barədə də məlumat verilir. Qeyd edilir ki, həm yerli sakinlər, həm də qonşu ölkələr böyük təhlükə ilə üz-üzədirlər. Türkiyənin “Star” qəzeti isə nüvə yanacağını qorumaq üçün hövzəsi olmayan “Metsamor”un arxitektura baxımından nasaz olmasını hətta tikildiyi zaman mütəxəssislər tərəfindən diqqətə çatdırıldığını yazır.
Bu yaxınlarda rəsmi İrəvan AES-in müasir standartlara uyğun saxlanmasında məsuliyyətsizlik göstərdiyini etiraf edib. Belə ki, stansiyanın baş direktorunun müavini Movses Vardanyan yerli mediaya verdiyi müsahibədə deyib ki, artıq bundan sonra peşəkar ixtisası olmayan şirkətlər AES-də təmir işlərinə cəlb edilməyəcəklər. Bununla, Vardanyan istəmədən özü də təsdiq edir ki, indiyə kimi İrəvan Metsamorla bağlı görülən işlərə dırnaqarası yanaşıb. O qeyd edib ki, əvvəllər stansiyada açıq paylayıcı qurğunun tikintisi üzrə müsabiqədə ən aşağı maliyyə dəyəri təklif edən yerli şirkət qalib gəlibmiş. Ancaq bu şirkətlə müqavilə bağlanmayıb. Çünki aydın olub ki, sözügedən kompaniyanın bu cür enerji-infrastruktur işlərinə heç bir aidiyyəti olmayıb. Vardanyan xüsusi olaraq vurğulayıb ki, bundan sonra müsabiqələrdə iştirak edən bütün şirkətlər üçün iş təcrübəsi və kadrların ixtisası ilə bağlı şərtlər tətbiq olunacaq . Bütün müsabiqələrə şəxsən Movses Vardanyan və digər təcrübəli mühəndislər nəzarət edəcəklər. Hazırda isə açıq havada paylayıcı qurğuların tikintisi üzrə müsabiqə qeyri-müəyyən müddətə təxirə salınıb. Amma əvvəlki tender üzrə olan fəaliyyət, yəni stansiyanın soyuducu qüllələrinin təmiri üzrə işlər davam etdirilir. Bu onu göstərir ki, bütün regionun taleyi bu cür məsuliyyətsiz və qeyri-peşəkar insanların əlindədir. Qeyd edək ki, AES-in istismar müdəti bitsə də, İrəvan təmir işlərini əsasən podratçı kimi Rusiyanın “Rusatom Service” şirkəti tərəfindən apararaq stansiyanın ömrünü "uzatmağa" çalışır.
Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Ermənistan indiyədək ümumilikdə 5 böyük və 150-dən artıq kiçik qəza yaşamış, köhnə texnologiya üzərində qurulmuş, hər an partlamağa hazır olan “saatlı bomba” adını almış Metsamorun istifadəsində israrlıdır ... Çünki maddi maraq insan təhlükəsizliyindən, ekoloji sağlamlıqdan daha üstündür. Ermənistan unutmamalıdır ki, Metsamor AES-də qəza baş verərsə, ən böyük zərərçəkən ilk növbədə özləri olacaq.
İngiltərənin Ermənistandakı səfiri olmuş Timothy Marschall Jones Metsamor təhlükəsi ilə bağlı etdiyi açıqlamasında “Baş verəcək güclü bir zəlzələdə Metsamor AES paramparça olacaq və meydana gələcək nüvənin təsirindən bütün canlılar yox olacaq. Ermənistan verdiyi sözləri tutmalı və stansiyanı bağlamalıdır” demişdi. İtaliyanın Ermənistandakı səfiri vəzifəsində çalışmış Paulo Adrea Trabalza da baş verəcək bir zəlzələdə bölgədə kimsənin xilas olmayacağını bildirmişdi.
Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan Metsamorda baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımı tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir.
Maraqlıdır ki, Avropa Komissiyası hələ 2012-ci ildə öz hesabatında göstərir ki, bu stansiyanı bərpa etmək mümkün deyil. Ermənistan tərəfi isə beynəlxalq təşkilatların bəyanatına məhəl qoymur. Nəzərə almaq lazımdır ki, biganə münasibət böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. Metsamorun isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 43 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir.
Nailə Tağızadə