Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələ; Zəfər Qurultayı ...

 

Azərbaycanın dövlət müstəqilliyinin onilliyində ümummilli lider Dünya Azərbaycanlıların I Qurultayının keçirilməsinə qərar verdi və bu qurultay 2001-ci il 9-10 noyabr tarixlərində baş tutdu. Qurultayın əsas məqsədi dünyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq və bir amal ətrafında birləşdirmək məqsədilə diaspor komitəsinin yaradılması məsələsini müzakirə etmək idi. Ulu öndər Heydər Əliyev proqram xarakterli nitqində bu gün də bütün dünya azərbaycanlılarının devizinə çevrilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarını səsləndirmişdi.

2002-ci il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı və komitə dövlət qurumu olaraq dünyada yaşayan soydaşlarımızla işləməyə başladı. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq 2011-ci il 5-6 iyul tarixlərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı yenə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrini, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimlərini, iş adamlarını Bakıya topladı. 2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının qonaqları arasında soydaşlarımızla yanaşı, Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi ki,  bu da qurultayın təsir qüvvəsini daha da artırmış oldu. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diaspor ənənələrimizin inkişafı istiqamətində daha möhkəm təməl formalaşdırdı.

2022-ci il  22-23 aprel  tarixlərində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə Azərbaycan dövlətçiliyində böyük tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyaraq, müstəqillik salnaməmizin parlaq səhifələrindən birinə çevrildi.  Təsadüfi deyil ki, Zəfər Qurultayı olaraq adlandırılan bu hadisə Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayan diasporumuzun tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk böyük görüşü oldu. Bu görüş tarixi zəfərimizin, ədalətli qələbəmizin təntənəsi idi. Zəfər Qurultayı 30 ildən sonra Şuşada Dünya Azərbaycanlılarını bir araya gətirərək, Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəylimizin növbəti təsdiqi oldu.  Qeyd edək ki, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi Azərbaycan xalqının siyasi iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında vurğuladı: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.

Dövlət başçısı bildirdi ki,  Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub. “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər: “Biz bilirik ki, bu yaxınlarda BMT Şuşada beynəlxalq tədbir keçirdi. Eyni zamanda, Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak etdiyini görürük. ATƏT-in Minsk qrupu isə özünü doğrultmadığı üçün demək olar ki, tarixin arxivinə göndərilib”.

Prezident Zəfər Qurultayından həmçinin Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanladı: “Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

“Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparıldığı Zəfər Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi bir araya toplandı. Qurultayda bir daha vurğulandı ki, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətəni ilə əlaqələri qoruyub saxlamalı, mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması da bu məqsədə xidmət edir. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini mükəmməl şəkildə bilməli və bundan qürur duymalıdır. Çünki dil yoxdursa, millət də, onun tarixi və  mədəniyyəti də yoxdur. Çıxışında bu mövzuya da toxunan dövlət başçısı  bildirdi ki: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 23 aprel tarixində  Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimindəki çıxışında diasporun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunaraq qeyd etdi ki, qarşıda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas məsələlərdəndir.

Qurultayın bağlanış mərasimində vurğulandı ki, indi əsas məqsəd işğaldan azad edilmiş torpaqların bərpası və azərbaycanlıların ata-baba yurduna qayıdışını təmin etməkdir. İndi Şuşanın, eləcə də bütünlüklə Qarabağın əvvəlki şöhrətini qaytarmaq, Qarabağı dirçəltmək qarşıda duran əsas məqsədlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə müasir yol infrastrukturunun qurulması, tarixi, dini və mədəni abidələrin bərpa edilməsi, bir sıra sosial layihələrin həyata keçirilməsi, Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, tarixi Şuşa Bəyannaməsinin imzalanması və nəhayət, Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şuşa tezliklə dirçələcək, inkişaf edəcək, özünün əvvəlki şöhrətini qaytaracaq və yenə də mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevriləcəkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nəinki Şuşanın, eləcə də işğaldan azad olunmuş digər torpaqlarımızın gələcək sosial, iqtisadi və mədəni inkişafına öz fəaliyyətləri ilə töhfə verə bilərlər. Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olundu. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçildi.

Dünya Azərbaycanlılarının V Qurultayının Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etdiyi bir zamanda məhz Şuşada keçirilməsi çox böyük tarixi əhəmiyyətə malikdir. Digər vacib məqam isə ondan ibarətdir ki, Qurultayda iştirak edənlərin işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə yaxından tanışlıq imkanı oldu.  Dünya Azərbaycanlılarının V qurultayı bir daha birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Bununla, diasporumuzun fəaliyyətində yeni mərhələnin əsası qoyuldu. Qurultay dünyada yaşayan bütün azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək.           

                                                                                                       Nailə Tağızadə

2022-04-25 / 15:10
Facebook