Sözdə erməni soyqırımı siyasi oyun kimi ...

 

1915-ci il hadisələri düşmənlə işbirliyi edən, ölkə bütövlüyünə ziyan verən bir toplumun zərərli fəaliyyətinin qarşısını almaq və daxili təhlükəsizlik  məqsədilə başqa ərazilərdə yerləşdirilməsidir. Qeyd edək ki, bu hadisələr zamanı Osmanlı hökuməti tərəfindən idarə olunmayan bəzi fanatiklərin ermənilərə hücumu, həmçinin köç zamanı qarşılaşdıqları çətinliklər ölümlərə səbəb olmuşdur. Digər tərəfdən, rus işğalı və erməni üsyanları səbəbiylə 1914-1915-ci illərdə təxminən 800 min türk də köç etmək məcburiyyətində qalmışdır. Bu köç nəticəsində də minlərlə türk ölmüşdür. Sonradan isə ermənilər bu hadisələri soyqırım olaraq tanıtmağa başlamışlar. Lakin mövcud tarixi dəlillər soyqırım faktını inkar edir. Türkiyə dəfələrlə hadisənin tarixçilər tərəfindən araşdırılması və qiymətləndirilməsi üçün komissiyanın yaradılması təklifiylə müraciət edib. Lakin erməni xislətinə xas olan hay-küyçülük burda da özünü göstərir. Sadəcə quru çıxışlarla , qışqırıqlarla və Qərb dünyasının dəstəyilə soyqırım iddialarından əl çəkmirlər. 1948-ci ildə qəbul edilmiş BMT qərarlarına görə də 1915-ci il hadisələri soyqırım olaraq qəbul olunmamışdır.

Heç kəsə sirr deyil ki, bu gün sivilizasiyalarası mübarizə dini xarakter daşıyır. Dini birlik çox vaxt reallığı inkar etməyə, obyektivlikdən kənar olmağa təsir göstərir. Bunu biz Qərb dünyasının nümunəsində aydın şəkildə görürük. Dünyada islamofobiya düşüncələrini formalaşdırmaq, islam terrorizmi məfhumunu insanların şüuruna yeritmək... Məzlum, köməksiz bir imic yaratmış erməniləri “qorumaq” da xristian dünyasının şəxsi maraqlarından irəli gəlir. Ermənini Qərb üçün maraqlı edən amil də məhz budur: Türk dünyasını, bütövlükdə isə İslam aləmini ləkələmək naminə erməni millətçilərinin müdafiəsində dayanmaq.

Hələ 1915-ci il hadisələrindən əvvəl XVIII əsrin sonunda Polşalı səyyah Mikoşa Osmanlı imperiyasında yaşayan ermənilərin vəziyyətini belə təsvir edirdi: “ermənilərə türklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilməktədir. Onlar romalılardan daha geniş bir din azadlığına sahibdirlər”.O, ermənilərin qədim adətlərini tamamilə unutduqlarını izah etdikdən sonra davam edir: “Keçmişdə özlərinin nə olduqları üzərində qətiyyən düşünmürlər... Düşüncə baxımından bir  çevriliş planını qavraya biləcək qabiliyyətə malik deyillər. Hətta osmanlı dövlətinin çökəcəyi günün yaxında olduğu söylənilən zaman bundan razı qalmadıqları belə görünür”. Mikoşanın bu fikirlər ilə razılaşan erməni əsilli Mıqırdaç Dadyan da 1867-ci ildə qələmə aldığı bir yazısında Osmanlı rejiminə təşəkkür edir. O, yazısında Osmanlı ermənilərinin tam bir hüriyyət içərisində, sosial hüquqlarının türklər tərəfindən maneçilik olmadan reallaşdırdıqlarını, dini qurumlarını inkişaf etdirdiklərini göstərir. Elə isə, ermənilərin əsrlər boyu təqibə məruz qaldıqları, zülm içində yaşadıqları ilə bağlı iddiaların tarixi gerçəkliklə heç bir əlaqəsinin olmadığı üzə çıxır.

1915-ci il hadisələrinin soyqırım olmadığını sübut edən başlıca mənbə ABŞ Prezidenti Ronald Reyqanın hüquq  məsləhətçisi  Brus Feinin açıqlamasıdır. O bildirmişdir ki, erməni soyqırım iddiaları tamamilə həqiqətdən kənardır və ABŞ Konqresində erməni hadisələrinin müzakirəsi siyasi məqsəd daşıyır: “1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu sadəcə “Ağ ev”ə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir. Reyqanın prezidentliyi dönəmində bu məsələ araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdi. Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə edib”.  Hətta Fein bildirib ki, 1981-ci ildə Ağ ev tərəfindən aparılan araşdırmalar nəticəsində Birinci Dünya müharibəsi zamanı Şərqi Anadoludakı müsəlman türklərinin itkilərinin 2 milyon, ermənilərin isə 300 mindən - 600 minə qədər olduğu məlum olub. Amma ermənilər itkilərinin sayını süni şəkildə artırmışlar. 

O qeyd etmişdir ki, əgər Osmanlının belə bir məqsədi olsaydı ermənilərə pis davranan əsgər və zabitləri məhkum edib, hətta bəzilərini edam etdirərdilərmi?Siz heç Hitlerin yəhudilərlə pis davranıb onları qazla dolmuş otaqlara göndərən alman zabitlərini edam etdirdiyini xəyal edə bilərsiznizmi? Ya da Hitlerin Berlində  yaşayan yəhudilərə toxunmayıb onları başqa yerlərə göndərdiyini düşünə bilərsinizmi? Xüsusilə də ermənilərin Osmanlı idarəçiliyi altında daim yüksək vəzifələr tutduğunu qeyd edən Fein,  ermənilərin XIX əsrdən etibarən gücünü itirməyə başlayan Osmanlılara qarşı ayağa qalxdıqlarını, erməni terror birliklərinin Birinci Dünya müharibəsi Rusiya və Fransa ilə işbirliyi edərək Osmanlı ordusuna qarşı vuruşduqlarını, çoxlu sayda müsəlman osmanlını öldürdüklərini qeyd etmişdir.

Digər maraqlı mənbə isə hadisələrlə bağlı tarixi qaynaq hesab olunan Ermənistanın ilk dövlət başçısı Ovanes Kaçazunin1923-cü ildə Buxarestdə erməni məsələsi ilə əlaqədar Daşnaksütyun Partiyasının iclasında verdiyi raportdur. Kaçazuninin şəxsi imzasını daşıyan raportda verilən məlumatlar türklərin “erməni soyqırımı” törətməsi ilə bağlı mövcud olan iddiaları qəti şəkildə rədd edir. Raportda belə ifadələr işlənmişdir: “.... sülhə əngəl olmaq üçün döyüşdük. Artıq hamımız türklərin düşməni olan İttifaq dövlətlərinin blokundayıq. Türkiyədən “dənizdən-dənizə Ermənistan” tələb etməkdəyik..... Bu da var ki, mövcud olduğumuz müddətcə fasiləsiz olaraq türklərlə döyüşdük. Öldük və öldürdük. Artıq türklərdə necə bir güvən oyada bilərik ki?Əsgəri əməliyyatlara qoşulduq. Aldadıldıq və Rusiyaya birləşdik. Həqiqətləri görəmmədik, hadisələrin səbəbi bizik. Türklərin milli mücadiləsi doğruydu. Sülhü rəddetməyimiz və silahlanmağımız böyük yalnış idi. Türklərə qarşı qalxdıq və vuruşduq. Sevr müqaviləsi gözümüzü kor etmişdi. Üsyanımızın təməlində İttifaq dövlətlərinin bizə vəd etdiyi Ermənistan xəyalı vardı, gerçəyi görə bilmədik”. Ermənilərin öz əli ilə yazılmış, öz diliylə deyilmiş bu tarixi mənbə belə kifayətdir ki, soyqırımı yalanları ifşa edilsin. Nə üçün bu fakt üstüörtülü qalır, bəyan olunmur? Cavab, təbii ki, hərkəsə aydındır. Bu faktın isbatı “siyasi oyun”un  nəticələrinə göz dikən bir qrupun maraqlarının sonu deməkdir.

Öz mənfur niyyətlərindən əl çəkməyən erməni dairələrinin Osmanlı imperiyasının vaxtında olan məsələləri müasir Türkiyə dövlətinin üzərinə qoymaq istəyi tarixə ziddir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazir olan andan etibarən ermənilərə qarşı bir neçə humanist addım atdı. Akdamar adasında erməni kilsəsi, İrəvan və İstanbul arasında karqo daşınmaları bərpa edildi, Sərhədin açılması məsələsi gündəmə gəlincə isə təbii ki, Qarabağ məsələsi də ortaya qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirmişdi ki: “Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma “erməni soyqırımı” iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır”.

Hər hansı bir soyqırım və ya qətliama qiymət verilməsi üçün pafoslu nitqlər, qışqırıqlar deyil, tarix araşdırılmalıdır. Mütləq tarixçilər hadisələrin təfərrüatını işləməlidir. Siyasətçilər isə tarixçilərin qərarlarına əsasən mülahizə irəli sürüb,ortaq qərara gəlməlidir. Türkiyə dəfələrlə bəyan etmişdir ki, tarixçilər bu məsələni araşdırsın. Türkiyə 1915-ci ilə aid öz arxivlərini açmışdır. Lakin Ermənistan tərəfi bundan imtina edir. Ermənistanın bu mövqeyi artıq gerçəyin isbatı demək deyilmi? Əgər tarix hayların iddia etdiyi kimidirsə niyə araşdırılmasına icazə vermirlər? Bu mövqe tarixən təkrarlanan erməni psixologiyasının təzahürüdür: heç bir fakta əsaslanmadan, küy salmaqla “doğruluqlarını” sübut etməyə çalışmaq. Lakin faktlardan qorxmayan, öz tarixinə güvənən bir millət hay-küyçülüyü deyil tarixi araşdırmaları əsas mənbə olaraq qiymətləndirir. Arxivlər açıldığı və obyektiv araşdırıldığı təqdirdə bu hadisələr həm tarixi, həm də hüquqi-siyasi qiymətləndirilməsini alacaqdır. Erməninin bu addımı göstərir ki, arxivlərin açılması heç də onlar üçün arzuolunan olmayacaqdır. Burada əsas məsələ tarixçilərin qərəzsiz şəkildə, şəffaf tarixi ortaya qoymasıdır.

 Əgər onlar bu gün bunu gündəmə gətirirlərsə, Xocalı soyqırımı, 31 mart soyqırımı, xeyli sayda azərbaycanlının köçürülmə məsələsini  də diqqətdə saxlamalıdırlar. Bunların hamısının tarixi sübutu vardır!

Artıq bir neçə onillikdir ki, ermənilərə şamil olunan soyqırım sözü o qədər təkrar olunur, artıq bu söz vəhşət və qorxudan çox siyasi oyun naminə istifadə olunan bir leksikona çevrilib. Ən yeni tarixdə baş vermiş  real soyqırım aktları diqqətdən kənarda qaldığı halda, keçən əsrin əvvəllərində baş verən bir hadisə bu qədər şişirdilir. Bu da onu göstərir ki, bu hadisələrin qabardılmasında maraqlı olan qüvvələr var. Maraqlıdır ki, sözdə soyqırım iddiaları Qərb dünyası tərəfindən məhz uydurulan hadisə baş verən zaman deyil, 50 il sonra 1965-ci ildən qabardılmağa başlamışdır. Sual olunur: bu vaxta qədər ermənilər bu hadisələri niyə görməzdən gəlirdi?Hansı ciddi bir “siyasi təkan” ermənini oyatdı? Əslində Qərbin marağında olan erməni tərəfdaşlığı deyil, şəxsi mənafedir. Qərb üçün erməni sadəcə olaraq öz mənfur niyyətlərini gizlətmək məqsədilə istifadə olunan bir oyuncaqdır. Qərbin əsl niyyəti pərdəarxası olaraq qalır. Erməni hakim dairələri isə bunu anlamır, yaxud da ki görməzdən gəlir. Hətta Türkiyədə yaşayan  ermənilər dəfələrlə Avropanı onlardan siyasi məqsədlər naminə istifadə etməməyə çağırıb.

Hal-hazırda Türkiyədə 40 mindən artıq erməni və miqrant yaşayır. İldən-ilə də öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə iqtisadi çöküş yaşayan Ermənistandan Türkiyəyə köç etməkdə davam edirlər. Lakin buna baxmayaraq “yersiz gəldi, yerli qaç” prinsipinə əməl edən ermənilər öz xislətlərindən əl çəkmir, 1915-ci il hadisələrindən sui-istifadə edərək təzminat almaq və öz prinsipial mövqelərini nümayiş etdirməyə çalışırlar. Görünür, təzminatla uçurum kənarında dayanmış dövləti xilas etmək “niyyətindədirlər”.

Azərbaycan dəfələrlə bədxah erməni əməllərindən əziyyət çəkmiş, erməni vandalizminin şahidi olmuşdur. 1948-1953-cü illərdə, 80-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçürülmüş, əksəriyyəti köç səbəbiylə qarşılaşdıqları çətinlikdən, yeni hava şəraitinə uyğunlaşa bilmədiklərindən həlak olmuşdur. Bu həqiqətlər isə bəlkə də çoxlarına sərf etmirdi. Onda bu hadisələrə də soyqırım adı verilməlidir. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” də  erməni terrorunun, erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Lakin, təəsüf ki, beynəlxalq birlik bu mövzuda qətiyyətli mövqe nümayiş etdirmir. Pafos və quru şüarlarla çıxış edən erməni cəlladlarının heç bir fakta əsaslanmayan1915-ci il “soyqırımı” Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 30 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ...

                                                                                                        Nailə Tağızadə

2022-04-24 / 12:02
Facebook