Bu gün Azərbaycan haqlı olaraq dünyanın tolerantlıq mərkəzlərindən biri hesab olunur. Ölkəmizdə belə bir yüksək tolerantlıq və multikultural mühitin hökm sürməsi xalqımıza məxsus özəl xüsusiyyətlərin zənginliyinin sübutudur. Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1995-ci ildə qəbul edilən Konstitusiyamız ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi. Dini tolerantlıq xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir və onun əsasında müxtəlif dinlərə hörmətlə yanaşmaq ənənəsi formalaşıb. Ulu öndər Heydər Əliyev deyirdi: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Ulu Öndər tərəfindən əsası qoyulmuş tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən daha zənginləşdirilərək uğurla davam etdirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dini-mədəni tolerantlığa dövlət səviyyəsində verilən böyük diqqətin ifadəsidir. Azərbaycan Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunması ölkəmizin İslam dininin mütərəqqi dəyərlərinə sadiqliyini, dini tolerantlığın və dinlərarası dialoqun inkişafına böyük əhəmiyyət verdiyini sübut edir.
Azərbaycanda dini tolerantlığın təşviqi məqsədilə dini maarifləndirmə işi aparılmaqla yanaşı, bu sahədə institutsional mexanizmlər də formalaşdırılmışdır. Belə ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dini tolerantlığın təşviqi istiqamətində dini maarifləndirmə işinin təşkili, mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin inkişafına dair proqramların hazırlanaraq həyata keçirilməsi və s. nöqteyi-nəzərdən vacib əhəmiyyət daşıyır. Dini tolerantlığın, dini-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı, dini fəaliyyətin səmərəli təşkili üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində atılmış mühüm addımlardan biri də Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. 2022-ci il 11 aprel tarixində dövlət başçısı Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak etdi. Qeyd edək ki, İnstitutda hazırda 277 tələbə təhsil alır və İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur. Təsadüfi deyil ki, institutda Azərbaycanın tolerantlıq modeli geniş şəkildə öyrənilir.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Ölkədə yaşayan əhalinin 96 faizi müsəlman, 4 faizi isə qeyri-müsəlman olsa da, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət isə yolverilməzdir. Ölkə üzrə 970 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Prezident İlham Əliyev respublikada fəaliyyət göstərən bütün dini konfessiyaların bayramlarında və əlamətdar günlərində eyni olaraq müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, bayramlarda insanları təbrik edir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir. Azərbaycanda müsəlmanların Ramazan ayında təşkil etdiyi iftar məclislərində xristianların, yəhudilərin və digər dini icmaların nümayəndələrinin iştirakı, o cümlədən Məhərrəm ayında keçirilən qanvermə aksiyasına fərqli dini konfessiyaların rəhbərlərinin qoşulması tolerantlığın göstəricisidir.
2016-cı ilin yanvarından başlayaraq Heydər məscidində İslam dininə məxsus fərqli məzhəblərin nümayəndələrinin iştirakı ilə birgə namaz (Vəhdət namazı) qılınır. Artıq ənənə halını almış, dostluq və dini tolerantlığın simvoluna çevrilmiş Vəhdət namazı bütün müsəlman dünyası üçün vacib əhəmiyyət daşıyan hadisələrdən biridir.
Azərbaycanda müxtəlif dinlərə mənsub olan ibadət yerlərinin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Yalnız İslam dininə aid ibadət ocaqları deyil, eyni zamanda digər dinlərə mənsub məbədlər də inşa və yaxud təmir-bərpa olunur. Dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti isə əvəzolunmazdır. Fond humanizm, dini həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir. Fondun uğurla reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlər, kilsələr və sinaqoqlarda təmir-bərpa işləri aparılır. Fondun dəstəyi ilə Gəncədə “Cavad xan” türbəsi, “Comərd Qəssab” türbəsi, “Şah Abbas” məscidi və “Həzrət Zeynəb” məscidi, Xəzər rayonunda “Möhsün Səlim” məscidi, “Pir Həsən” ziyarətgahı, Buzovna qəsəbəsində “Cümə” məscidi və Binə qəsəbəsində “İmam Rza” məscidi, Yasamal rayonunda “İmam Hüseyn” məscidi, Mərdəkanda “Heydər Cümə” məscidi, “Atəşgah” məbədi, Şamaxıda Cümə məscidi, “Şahxəndan” türbəsi və “Pir Ömər Sultan” ziyarətgahı, Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsi, Pravoslav kilsəsi, Qəbələ şəhərində məscid, Qəbələnin Nic qəsəbəsində “Çotari” və “Müqəddəs Məryəm Ana” Alban kilsələri və s. dini ibadət ocaqları təmir və yaxud bərpa olunmuşdur. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər yalnız Azərbaycanla məhdudlaşmır. Fondun Fransada kilsələrin, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirakı xalqlar, dini konfessiyalar arasında tolerant münasibətləri möhkəmləndirir.
Azərbaycanda bu gün təkcə kilsə, kirxa (lüteran kilsəsi) və sinaqoqlar sərbəst fəaliyyət göstərmir, hazırda ölkəmizdə bir sıra xristian və yəhudi dini tədris müəssisələri azad şəkildə öz fəaliyyətlərini qurublar. İbadət evləri ilə yanaşı, pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir. Qeyd etmək yerinə düşərdi ki, bu qurumlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.
Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunan xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin tolerant dəyərlərə sadiqliyinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsindən irəli gəlir. Ölkəmiz 2008-ci ildə “Bakı prosesi” adlandırılan platformanın təşəbbüskarı kimi dini tolerantlığın qlobal səviyyədə inkişafına mühüm töhfələr verir. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları dini tolerantlığın qlobal səviyyədə təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Dini tolerantlığın inkişafı və dinlərarası dialoqla bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslər, bu sahədə əldə etdiyi uğurlar dünya ölkələri üçün dəyərli nümunədir. Dini tolerantlığın inkişafı sahəsində ölkəmizin atdığı addımlar ona beynəlxalq aləmdə böyük nüfuz qazandırır.
Dini dözümlülük milli-dini həmrəyliyi təmin edən faktorlardan biridir və bu, özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müxtəlif dinlərə mənsub ölkə vətəndaşları işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdilər. Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə mübarizə aparan, bu yolda şəhid olan müxtəlif dinlərin nümayəndələrinin də dəfn edildiyi Şəhidlər Xiyabanı yalnız xalqımızın müqəddəs ziyarətgahı deyil, eyni zamanda tolerantlığın və qardaşlığın rəmzidir.
18 aprel 2022-ci il tarixində imzalanan "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Prezidentin sərəncamı Azərbaycanda dini tolerantlığın nə dərəcədə dərin və zəngin olmasının əyani sübutudur. Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bütün bu sadalananlara əsasən deyə bilərik ki, Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının təbliği və tətbiqi baxımından dünyaya örnəkdir. Dinlərə və müxtəlif dini fəlsəfi cərəyanlara tolerant münasibətilə hər zaman seçilən Azərbaycan xalqı bu keyfiyyətinə görə bütün dünyada fərqlənməkdədir. Bu, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, eyni zamanda həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Nailə Tağızadə