“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, dünyaya həqiqətlərimizin olduğu kimi çatdırılması oldu. Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında duran vəzifələri açıqlayarkən ilk olaraq ölkənin beynəlxalq aləmdə özünü təsdiqini və varlığının təqdimatını mühüm amil kimi qarşıya qoydu. Diasporu hər bir dövlətin xaricdəki varlığı kimi dəyərləndirərək dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyev bu birliyin, həmrəyliyin möhkəmləndirilməsi işinə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə nail olub.
Belə ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu öndər Heydər Əliyev qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq bildirmişdi ki, Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərarın qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addım oldu. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu qərar məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülüb.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan həmin bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Həmin tarixdən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də uğursuzluqlarının təməlinə ölkəmiz haqqında məlumatsızlıq dayanırdı: “Erməni yalanlarının ayaq tutub yeridiyi zamanlarda ölkəmizə qarşı qərəzli təbliğatlar geniş vüsət alır, Azərbaycan bütün dünyaya işğala məruz qalan deyil, işğalçı dövlət kimi təqdim edilirdi. Məhz bu yalan təbliğatın nəticəsi olaraq 1992-ci ildə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qərar o ölkələrə tətbiq olunurdu ki, onlar işğalçılq siyasəti həyata keçirir, digər dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirdilər. Ermənilərin və erməni diasporunun ölkəmizə qarşı belə bir ədalətsiz qərarın tətbiqinə nail olmaqda məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan bu qərarın tətbiqi şəraitində yaşadığı 10 ilə yaxın dövrdə iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə dayanıqlı inkişafı ilə dünyanın diqqətində oldu. 2001-ci il 11 sentyabr tarixində ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklərə yol açıldı. Belə ki, ABŞ rəhbərliyi bu qərarın ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Həmin vaxtdan bu günədək qərarın dondurulması hər il yenidən təsdiqlənsə də onun birdəfəlik ləğvi hələ də həllini gözləyir”.
YAP Xətai rayon təşkilatının sədri bu fakta diqqəti yönəldərək vurğulayıb ki, Azərbaycan haqqında məlumatsızlıq fonunda dünyanın ikili standartlara əsaslanan siyasətinin davamlı şəkildə uğursuzluqlara, problemlərə yol açdığı məlum olaylardandır: “Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıtdığı ilk günlərdən dünya azərbaycanlılarına bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın bir amal ətrafında sıx birləşməsi vacibdir”.
“Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan ulu öndər Heydər Əliyev onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi: “Ümummilli Liderin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Ulu öndər Heydər Əliyevin qurultayda proqram xarakterli nitqi dünya azərbaycanlılarının təşkilatlanmasında, onların vahid ideya ətrafında birləşməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderin Sərəncamı əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması da bu istiqamətdə görüləcək işlərin əsası kimi dəyərləndirildi”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, sonrakı illərdə hər beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının ənənəvi olaraq keçirilməsi diaspor quruculuğu sahəsində görülən işlərin təqdimatı və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərin anonsu kimi dəyərləndirildi: “Belə ki, 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi də deyilənlərin təsdiqidir. Hər bir qurultayda Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarından, qarşıda duran vəzifələrdən ətraflı söhbət açan, Azərbaycan həqiqətlərinin, o cümlədən bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd edirdi ki, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir”.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimiz həqiqətlərimizin təbliğində səfirliklərin də üzərinə mühüm vəzifələr düşdüyünü önə çəkərək onların say tərkiblərinin artırılmasına, eyni zamanda, diaspor təşkilatları ilə fəaliyyətlərini əlaqələndirmələrinə xüsusi diqqət göstərir: “Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) təqdirəlayiqdir”.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycan həqiqətlərinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən geniş bəhs edib. Bildirib ki, təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.
“Azərbaycan diasporunun gücü bu gün dünyada etiraf edilir. Son illərin hadisələrinə diqqət yetirsək açıq-aydın görərik ki, erməni yalanları ayaq tutsa da dövlətimizin qətiyyətli mövqeyi, düşünülmüş siyasəti, Azərbaycan diasporunun gücü, qüdrəti sayəsində yerimək imkanında deyil. Dünya ermənilərin əsl simasını gördü. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun misilsiz rəşadət payında möhkəm hüquqi bazanın rolu böyükdür. Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib. Belə ki, diaspor təşkilatlarımızın Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə onların dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamaları təqdirəlayiqdir. Tarixi Zəfərimiz dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd olunaraq ədalətin zəfər çaldığı bir daha beynəlxalq ictimaiyyətə bəyan edildi”,-deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının V qurultayının torpaqlarımızın düşməndən təmizləndiyi dövrə təsadüf etməsini önə çəkərək bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti artıq hər birimizin qürur mənbəyi olan bu reallığı mümkün etdi. Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş etdirəcəklər.
Postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da üzərinə böyük məsuliyyət düşür. Onlar bu reallıqların dünyada qəbulu istiqamətində fəaliyyətlərini genişləndirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə öz töhfələrini verməklə Böyük Qayıdışa dəstəklərini ifadə edəcəklər. Artıq Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V qurultayı diasporumuzun Qarabağın işğaldan azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Sözsüz ki, dövlət başçısı İlham Əliyev qarşıdakı qurultayda özünün proqram xarakterli nitqində dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor nümayəndələrinə öz tapşırıqlarını verəcək, hədəfləri açıqlayacaq.
Hər bir tədbir mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən hər bir tədbir, həmçinin ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar qürurvericidir. Çünki bu tədbirlərə ölkəmiz, dövlət başçısı İlham Əliyev qalib dövlətin və qalib ölkənin qalib Prezidenti kimi qatılır. Dünya Azərbaycanlılarının V qurultayında Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə kimi çıxış edəcək cənab İlham Əliyev tarixi Zəfərimizdən böyük qürurla bəhs edəcək. Bu gün bir daha qeyd edirik ki, güclü, qüdrətli, eyni zamanda, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyidir”.