Son günlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Xüsusilə də, ikinci Brüssel görüşündən sonra hər iki dövlətin xarici işlər nazirləri səviyyəsində telefon danışıqları, sülh sazişini intensivləşdirmək barədə razılıqları erməni hakim dairələrinin artıq reallığı qəbul etmək niyyətlərindən xəbər verir. Lakin belə bir vəziyyətdə müəyyən havadarlarına arxalanaraq vəziyyəti kəskinləşdirməyə çalışan erməni separatçıları da fəaliyyətlərini daha da aktivləşdirir. Belə ki, həm Ermənistanda, həm də ondan xaricdə iki dövlətin bir-birinə yaxınlaşmasına və sülh əldə etməsinə mane olan qüvvələr mövcuddur. Vaxtilə azərbaycanlılara qarşı soyqırımı aktı törətmiş Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları indi müxalifətdə birləşərək, Qarabağ məsələsindən istifadə etməklə yenidən siyasi hakimiyyətə gəlməyə çalışırlar. Bununla ölkənin siyasi səhnəsini zəbt etməyə çalışan həmin revanşist qüvvələr bu yaxınlarda Qarabağa və Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrinə səfər edəcəkləri ilə bağlı bəyanat verdilər. Münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyişlərə nail olunduğu bir vaxtda onların belə bəyanat verməsi regionda sülhün və sabitliyin yaranmasına qarşı olan maneə kimi qiymətləndirilməlidir. Aydındır ki, bu qüvvələr Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında maraqlı deyillər. Onların bu mövqeyi müəyyən xarici qüvvələrin də maraqlarına xidmət etdiyi üçün hərtərəfli dəstəklə təmin olunurlar.
Məlum olduğu kimi, Ermənistan parlamentinin üzvləri – Robert Köçəryanın lideri olduğu müxalif “Ermənistan” blokunun deputatlarının təxribatçı niyyətləri baş tutmayıb. Seyran Ohanyanın rəhbərlik etdiyi deputat qrupu sülhməramlılar tərəfindən Laçının girişində saxlanılıb, Qarabağa buraxılmayıb. Sülhməramlılar Azərbaycan tərəfi ilə əlaqə yaratdıqdan sonra gələnlər geri qaytarılıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşları işğaldan təmizlənən bölgələrə daxil ola bilməzlər. Qeyd edək ki, regionda müvəqqəti yerləşdirilmiş sülhməramlılar əvvəllər Azərbaycanın haqlı narazılığına səbəb olan bu kimi neqativ addımlar atıblar. Belə ki, 2021-ci ilin dekabrında Fransanın İl-de-Frans regionunun prezidenti, Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd olmuş Valeri Pekrezin gizli şəkildə Qarabağa səfər etməsinə onlar imkan yaratmışdı. Həmçinin, bəzi erməni separatçıların qanunsuz səfərləri, Qarabağda bir neçə dəfə qanunsuz erməni silahli birləşmələrinin törətdikləri təxribatlar, təbii ki, sülhməramlıların obyektiv fəaliyyəti ilə bağlı suallar yaratmış və haqlı etiraza səbəb olmuşdu. Azərbaycanın budəfəki tələbi isə rusiyalı hərbçilər tərəfindən təmin edildi. Bu ondan xəbər verir ki, artıq sülhməramlılar missiyalarını Azərbaycan tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirirlər. Bu, həmçinin onu göstərir ki, bütün Qarabağın nəzarəti Azərbaycanın ixtiyarındadır və kənar qüvvələr də bu reallığı dərk etməkdədirlər. Həmçinin, erməni hakim dairələri də vəziyyətin qəlizləşməsində maraqlı deyillər. Ermənistan hakimiyyəti sülh prosesini tezləşdirməkdə maraqlıdır. Ancaq sülh yolu ilə Ermənistan düşdüyü bərbad durumdan xilas ola bilər. Regionda sabit mühitin yaranması, regional əməkdaşlığın genişlənməsi illərdir özünü təcrid siyasəti həyata keçirən Ermənistan üçün daha faydalıdır.
Aprelin 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni deputatların Qarabağa baş tutmayan səfəri ilə bağlı bildirib ki: "Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun fəaliyyət göstərir. Bu səfər Rusiya sülhməramlı kontingenti komandanlığı ilə əvvəlcədən razılaşdırılmayıb". Zaxarova qeyd edib ki: “Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır”. Həmçinin Zaxarova çıxışında Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda fasilələrin verilməməsini istədiyini bildirib.
Qeyd etmək lazımdır ki, Rusiyanın sülhməramlı fəaliyyətini tərəfsiz şəkildə reallaşdırması olduqca vacibdir. 13 aprel tarixində erməni separatçılarının sülhməramlıların müvəqqəti nəzarəti altında olan Xankəndində növbəti "sədaqət nümayişi" aksiyası keçirərək, Rusiya Federasiyasının Ukraynada apardığı müharibəyə dəstək verməsi növbəti təxribatdır. Bu cür aksiyanın, təbii ki, sülhməramlıların xəbəri olmadan reallaşması mümkün deyil. Bu, sülhməramlıların təşəbbüsü və bilavasitə iştirakı ilə baş tutub. Sülhməramlıların bunun üçün şərait yaratması, sülhməramlıların mavi bayrağı yerinə, balansında olan nəqliyyat vasitələrini, hətta postları Rusiya bayrağı ilə bəzəməsi sülhməramlı kontingentin əsas missiyasından uzaqlaşmasını göstərir. Əgər Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa belə bir təxribatlara getməməli və danışıqlar prosesinə əngəl törədə biləcək hər hansı bir addıma qarşı kəskin reaksiya bildirməlidir. Revanşist qüvvələrin fəaliyyətinə son qoyulmalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində parlamentdəki çıxışı onun ən azından reallıqları çətinliklə də olsa anladığını göstərir. Paşinyan: - “Azərbaycanla tezliklə sülh sazişi imzalanmalıdır. Əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”- deyə bildirməklə, əslində Ermənistanın yeni müharibəni qaldıra bilməyəcəyini etiraf edir. Paşinyan çıxışında “status” məsələsinin də tarixə qovuşduğunu dolayı yolla millətinə başa salmağa çalışır: “Beynəlxalq birlik, ümumiyyətlə bütün dünya Ermənistanı Qarabağın statusu məsələsində geri çəkilməyə, iştahamızı azaltmağa çağırır. Əks təqdirdə, beynəlxalq ictimaiyyət ondan ümid gözləməməyi xahiş edib”. 14 aprel tarixində Ermənistanın hakim "Vətəndaş razılaşması" fraksiyasından olan deputat Vigen Xaçatryan parlamentdə çıxışı zamanı bildirib ki: “Hələ 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürmüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İllər ötüb və bu gün, demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”. Həmçinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyətləri dövründə və indi də deputat olan milyonçu Qurqen Arsenyan qeyd edib ki, son yüz ildə erməni və ermənilik “Azərbaycanofobiya” və “türkofobiya” ilə sıx şəkildə qəbul edilib: “Mən əminəm ki bunların heç birininin erməniliyə aidiyyəti yoxdur. Müasir ermənilik qonşularla dinc yanaşı yaşamaq, sərmayə, risklərin azalması və erməni sahibkarların təşviq edilməsidir”. Ermənistanın təhsil, elm, idman və mədəniyyət naziri Vaqram Dumanyan yaxınlarda mövcud reallığa uyğun olaraq bildirib ki: “Qonşularla ünsiyyətdə olmalıyıq, təcrid xeyir gətirməyəcək”. Bu onu göstərir ki, erməni rəsmi dairələri artıq sülhün qaçılmaz olduğunu dərk edirlər.
Bütün bu son gedişata əsasən yaxın vaxtlarda ilkin sülhlə bağlı razılığa gəlinəcəyi ilə bağlı proqnozlar vermək mümkündür. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və bununla da, bütün iddialarından əl çəkmək məcburiyyətində qalacaq. Yalnız bu halda sülhün bərpasından söhbət gedə bilər. Azərbaycanın haqlı tələbləri yerinə yetiriləcək. Ermənistan hakimiyyəti və cəmiyyəti əvvəlki səhvlərindən nəticə çıxarmalı, heç bir təxribata, kənar qüvvələrin vədlərinə uymamalı, doğru yola gəlməlidir. Ermənistanın xilası ancaq düzgün verəcəyi qərarla baş tutacaq.
Nailə Tağızadə