Azərbaycan-Ermənistan münasibətləri normallaşma yolunda...

 

Son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nəzərə çarpacaq dərəcədə irəliləyişlər müşahidə olunur. Azərbaycan ilk gündən məsələnin sülh yolu ilə həlli tərəfdarı olub, qan tökülməsinin əleyhinə çıxış edib. Lakin erməni siyasi dairələrinin şovinist, anti-azərbaycan siyasəti sonda 44 gün davam edən Vətən müharibəsinə gətirib çıxardı. Azərbaycan öz haqlı mübarizəsini apardı və qalib gəldi, tarixi ədalət bərpa olundu. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Lakin 10 noyabr bəyanatının imzalanmasından keçən il yarım dövr ərzində Ermənistan cəmiyyətində  yenidən baş qaldıran qisasçılıq toxumları münasibətlərin normallaşmasına əngəl törədir. Ermənistan hakim dairələri zaman-zaman sülhün bərpasından, ikitərəfli əlaqələrin qurulmasından danışsalar da əməllərində bundan fərqli mövqe sərgiləyirlər.  

Münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının İrəvana təqdim etdiyi 5 maddəlik yeni təklif aşağıdakılardır:

  • Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
  • Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  • Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.



Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox gözəl fürsətdir. İllərdir ki, iqtisadi blokadada olan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın beynəlxalq hüquq və prinsiplərə əsaslanan təkliflərini qəbul etməkdir. Türkiyə və Azərbaycanla sərhədi bağlı saxlanılan və hərbi-siyasi müttəfiqi Rusiya ilə sərhədə malik olmayan Ermənistan İranı "həyat dəhlizi" adlandırır. Orta Asiya, Çin və Yaxın Şərqə məhz İran vasitəsilə yol tapan Ermənistan üçün Tehranla əlaqələrin zəifliyi tamamilə təcrid olunmaq deməkdir.  Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Ermənistana növbəti zərbə oldu. Ermənistanın sərhədlərindən cəmi 5 kilometr məsafədən mühüm kommunikasiya bağlantısı keçəcək, Ermənistan isə yenə də seyrçi kimi qalacaq, layihənin iqtisadi, siyasi və sosial uğurlarından bəhrələnə bilməyəcək. Belə bir geostrateji layihədə Azərbaycanla müttəfiq olmaqla rəsmi Tehran da göstərdi ki, bölgədə dalana dirənmiş Ermənistanla deyil, məhz Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlıdır. Belə olan halda Ermənistan “həyat dəhlizi”ndən də məhrum ola bilər. Bu gün regionun geosiyasi reallığı fərqlidir və bu fərqliliyi yaradan da Azərbaycandır. Ermənistan nə qədər tez bunu anlasa blokada vəziyyətindən o qədər tez çıxa bilər. Rəsmi Bakının mövqeyi bəllidir. Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün Ermənistan iddialarına son qoymalıdır.  Qeyd edək ki, bu gün Ermənistanın beynəlxalq arenadakı dayaqları getdikcə zəifləyir. Beynəlxalq birliyə də Ermənistan kimi dalana sıxışdırılan bir dövlətlə əməkdaşlıq heç bir şey vəd etmir. Mühüm geostrateji mövqedə yerləşən, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanla əməkdaşlıqda isə hər kəs maraqlıdır.

14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il tarixlərində  Avropa İttifaqı Şurasının  vasitəçiliyi ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın görüşü Avropanın da sülhün yaranmasında, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir. Hər iki görüş Azərbaycan diplomatiyasının uğuru olaraq qiymətləndirilir. Dövlət başçısı bu görüşlərdə Azərbaycanın haqlı mövqeyini lazımınca təqdim etdi. Brüssel görüşləri bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət strategiyası artıq öz bəhrəsini verir. Avropa İttifaqı Şurası, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar da artıq bu reallığı qəbul edirlər. Azərbaycan sülhün bərqərar olması istiqamətində hər cür addımı atır. Ermənistan isə heç bir məntiqə sığmayan siyasi xətti ilə artıq dalana sıxışdırılmışdır. Ermənistanın yeganə yolu danışıqları davam etdirmək, sülh müqaviləsi bağlamaqdır.

Brüssel görüşünün nəticələri ilə bağlı danışan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel həmin məsələlərin uğurla müzakirəsindən bəhs edib: “Biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”.

Ermənistanda bir qrup mövcuddur ki, özlərini “vətənpərvər”, “məğlubiyyətlə barışmayan” kimi qələmə verirlər. Bu revanşist qüvvələr hər vəchlə sülh prosesinə mane olmağa çalışırlar. Onlar bilməlidirlər ki, bu cür ideyalarla heç bir şeyə nail ola bilməyəcəklər. Ermənistan ordusu faktiki olaraq yoxdur, odumuz 44 günlük Vətən müharibəsiylə “yenilməz Ermənistan ordusu” mifini darmadağın etdi. Erməni şovinistləri bu reallığı yaxşı dərk etməlidirlər. Onlar müharibədən nəticə çıxarmalıdırlar. Bu qüvvələr anlamalıdırlar ki, bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Bu cür şovinist, təxribatçı çağırışlar həm Ermənistan cəmiyyəti, həm də bütün bölgə üçün təhlükəlidir. Qondarma “status” məsələsi ilə bağlı erməni iddialarına gəldikdə isə qeyd etmək lazımdır ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 2021-ci il 14 iyul tarixində Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə bununla bağlı bir daha vurğulamışdı: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutdu. Danışıq ilk dəfədir ki, hər hansı üçüncü tərəfin iştirakı olmadan həyata keçirildi. Bu isə münasibətlərin tənzimlənməsi yolunda mühüm addım olaraq qiymətləndirilə bilər. Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi apardılar.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığını müsbət qiymətləndirib. Toyvo Klaar bu barədə özünün tviter hesabında yazıb. “Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sosial şəbəkə hesabında qeyd edib. Toyvo Klaar daha sonra Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr apardığını da vurğulayıb.

Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Brüssel görüşünün nəticələrinə toxunaraq görüşdə Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün təklif etdiyi  5 prinsipə Ermənistan tərəfinin müsbət yanaşdığını bildirib. Dövlət başçısı Avropa İttifaqının da artıq postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini, müharibədən sonra Avropa İttifaqı ilə təmasların daha intensiv xarakter aldığını qeyd edib:

"Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq".

Göründüyü kimi, bugün artıq aparıcı dövlətlər, beynəlxalq qurumlar da regionda sülhün yaranması tərəfdarıdırlar. Ermənistan düşmən xislətinə son qoymalı, münasibətlərin normallaşması üçün çalışmalıdır. Hər bir halda, Ermənistan Azərbaycandan asılı vəziyyətdədir və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbullanmasa regional layihələrdən kənara qalacaq, daha da dalana dirənəcək. Bu isə onsuz da çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatının tamamilə məhvi deməkdir. Ona görə də Ermənistan cəmiyyəti baş verən hadisələrdən ibrət dərsi götürməlidir.

                                                                                                            Nailə Tağızadə

2022-04-13 / 14:27
Facebook