Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi

 

Erməni terroristlərinin 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü tarixi-mədəni irsimizin ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimiz məhv edilib.

İşğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.  Ermənilər isə öz əxlaqsızlıqlarını bir daha nümayiş etdirərək, məscidlərimizin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Belə ki, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion erməni işğalçıları tərəfindən talan olunmuşdur. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.

30 illik işğal dövründə Azərbaycan nə qədər cəhd etsə də UNESCO ermənilərin bu vandalizmini qiymətləndirməkdən, həmin ərazilərdə monitorinq aparmaqdan imtina edib. Erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağda fəaliyyət göstərməyib. 2022-ci il 10 mart tarixində Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə erməni lobbisinin əlində alət olan beynəlxalq və regional təşkilatların riyakar və ikiüzlü siyasətinin təzahürüdür. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq bu məsələ ilə bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməyib. Azərbaycan ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra isə illərdir ki, erməni vandalizminə göz yuman dünya birliyi, xüsusilə də erməni təəssübkeşləri Azərbaycanı Qarabağda “erməni mədəniyyətini” məhv etmək kimi cəfəng iddialarla günahlandırırlar.

Bu isə beynəlxalq birliyin ikili standartlarının bariz təcəssümüdür. Tarixən oğurluqla məşğul olan erməni milləti öz “tarixçiləri”nin əlləri ilə qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə edib və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Şəki şəhərində, Qəbələ rayonunda da bu kilsələr mövcuddur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsi yenidən bərpa olunmuşdur. Bu kilsələr mədəni sərvətimiz kimi qorunur. Dövlətin multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünyanın gözü qarşısındadır. Azərbaycan hər zaman dünyəvi və çoxmədəniyyətli ölkə olması ilə seçilib. Azərbaycan onlarla kilsəni, o cümlədən Bakıdakı erməni, lüteran və rus-pravoslav kilsələrini, çoxsaylı sinaqoqları bərpa edib, eyni zamanda Fransa, Vatikan, Rusiya, Macarıstan və digər ölkələrdə kilsələrin bərpasına dəstək verib. Alban kilsələri ilə bağlı narahatlıq keçirən, müxtəlif şayələr yayan bəzi Qərb dairələri yaxşı olar ki, bizim işğal dövründə Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzulidə dağılmış, təhqir olunmuş, donuz saxlanılmış məscidlərimizlə bağlı da bir fikir bildirsinlər. Qarabağda qaldıqları son günə qədər ermənilər öz vandallıqlarını həyata keçirmiş, evləri yandırmış, kilsələrin xaçlarını yerindən sökmüş, monastırların zənglərini oğurlamış, tarixi və mədəni abidələrimizin ətrafındakı əraziləri minalamış, torpaqlarımızı tərk edərkən məşhur tarixi xalçalar kimi qiymətli mədəni irs nümunələrini özləri ilə aparmışlar. Hər kəsin gözü qarşısında faktlarla təsdiqlənən bu hadisələrə beynəlxalq təşkilatlar nədənsə susqunluq nümayiş etdirir. 

Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” adlı kompleks də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Dünya birliyi unutmamalıdır ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan dağıtdığı bütün tarixi abidələrə, mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir. Bunun üçün Ermənistana qarşı beynəlxalq təzyiq gücləndirilməlidir.


Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Qısa bir müddət ərzində Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşadan başlayan mədəni quruculuq işləri Qarabağımızın digər bölgələrində də davam etdirilir. Düşmənin bir dənə də olsun, salamat bina qoymadığı ərazilərin böyük baş planı hazırlanır. Bu gün sürətli və çoxşaxəli həyata keçirilən fəaliyyət deməyə əsas verir ki, tezliklə Qarabağımız əvvəlki şöhrətinə, mədəni-mənəvi zənginliyinə qovuşacaq.

                                                                                                         Nailə Tağızadə

2022-04-12 / 11:31
Facebook