2022-ci 6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam etdi. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüş (14 dekabr 2021-ci il tarixli) kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. İkinci üçtərəfli görüşdən sonra yayılan bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Bəyanatda qeyd olunur ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır.
Bəyanatda ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: 1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə olunub. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.
Bəyanatı xüsusiləşdirən məqamlardan biri ondan ibarətdir ki, ermənilərin daim iddia etdiyi status məsələsi nəinki qaldırılmayıb, hətta ölkələr arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmır. Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb. Bu səbəbdəndir ki, Ermənistan mediası və ümumilikdə cəmiyyəti Brüssel görüşünün Bakının maraqları ilə bitməsindən məyusluğunu gizlətmir. Yerli mediada görüşü şərh edənlər narazılıq bildirirlər ki, Avropa İttifaqı ardıcıl olaraq Azərbaycanın lehinə addımlar atır. Bunun üçün isə Paşinyandan istifadə olunur. Həmçinin ermənilər məyusluqla qeyd edirlər ki, Avropada artıq Qarabağın Azərbaycan ərazisi olmasını çoxdan qəbul ediblər. Ermənilərin fikrincə, bəyanatda Qarabağın statusu barədə heç nə deyilmir: “ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi isə Minsk Qrupunun faktiki olaraq ləğvindən xəbər verir”. Yerli politoloqlar görüşün yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında yer alınan müddəaları Ermənistanın maraqlarının basdırılması kimi dəyərləndirirlər. Həmçinin erməniləri narahat edən digər bir amil isə Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş insanlarımızın ermənilərin “hərbi əsir” hesab etdikləri şəxslərlə eyniləşdirilməsidir. Qeyd edək ki, bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi ifadə olunub.
Üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibə verən Şarl Mişel görüşü səmərəli adlandırdı. O vurğuladı ki, bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq.
Qeyd edək ki, danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılır. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Rəsmi Bakının İrəvana təqdim etdiyi təkliflər aşağıdakılardır:
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin görüşünün yekunlarına dair 7 aprel tarixli açıqlamasında bildirilir ki, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib. “Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır”, - deyə açıqlamada qeyd olunub.
Ümumilikdə, görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Bu görüş göstərdi ki, Avropa İttifaqı da regionda sabitliyin yaranmasında maraqlıdır. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan Aİ regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır.
Nailə Tağızadə