Fərrux zəfəri sülhməramlıların fəaliyyətsizliyi fonunda

 

44 günlük tarixi zəfərimizin yekunu olaraq imzalanan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında erməni silahlılarının Azərbaycan ərazisindən dərhal çıxarılması öz ifadəsini tapıb. Lakin bəyanatın imzalanmasından il yarım keçməsinə, dəfələrlə bu barədə xəbərdarlığımıza baxmayaraq bu, hələ də baş verməyib. Əksinə, mövqelər yenilənib, səngərlər qazılıb, kameralar yerləşdirilib. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.

10 noyabr bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki bəzi ərazilərində Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur. İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan 10 noyabr Bəyannaməsində ehtiva olunan müddəaları həyata keçirsə də, qarşı tərəf ənənəvi qaydada öz öhdəliklərindən yayınmağa çalışır. Bu məsələdə Ermənistan həmişə olduğu kimi, xarici havadarlarının dəstəyinə arxalanır. Təəssüf doğuran əsas məqam isə bundan ibarətdir ki, rəsmi İrəvanı bu cür destruktiv addımlara həvəsləndirən əsas amil sülhməramlıların laqeydliyidir. Sülhməramlı qüvvələr hələ də həmin ərazilərimizdən erməni silahlı qüvvələrini  çıxarmayıb. Bu isə sülhməramlı qüvvələrin missiyasına uyğun gəlməyən bir faktordur. Sülhməramlılar öz missiyalarını yerinə yetirməkdənsə,  bölgədəki ermənilərin təhlükəsizliyini təmin etməklə və oradan köçüb getmək istəyənləri məcbur tutub saxlamaqla məşğuldurlar. Zaman-zaman ermənipərəst xarici siyasətçilərin rusiyalı sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi və orada təxribatçı bəyanatlar səsləndirməsi ilə də qarşılaşırıq. Bu isə sülhməramlının fəaliyyət sferansına zidd olan addimlardır və təbii ki, Azərbaycan tərəfində haqlı olaraq narazılıq doğurur. Rusiya sülhməramlılarının qərəzli fəaliyyəti ilə bağlı rəsmi Bakının dəfələrlə etirazına baxmayaraq, bu cür neqativ halların tez-tez baş verməsinin şahidi oluruq. Sülhməramlılar bir növ erməni silahlılarının təhlükəsizliyinin qarantı rolunda çıxış edirlər ki, bu da 10 noyabr bəyanatının açıq şəkildə pozulması deməkdir. Sülhməramlıların belə  anlaşılmaz fəaliyyəti eyni zamanda bu il fevralın 22-də Azərbaycanla Rusiya arasında Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən irəli gələn münasibətlərə də ciddi zərbə vurur.

Belə bir vəziyyətdə, sülhməramlının yerinə yetirməli olduğu işi də Azərbaycan ordusu həyata keçirmək məcburiyyətində qalır. Tez-tez təxribatlar törədən qanunsuz erməni hərbi birləşmələrinin qalıqları ərazilərimizdən təmizlənir. Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edildi. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etdi ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı yenə təxribat törətməyə cəhd göstərdilər. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edildi. Baş verənlərlə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən reallığa zidd, əsassız bir açıqlama paylaşıldı, Azərbaycan tərəfi hadisələri gərginləşdirməkdə günahlanıdıldı. Buna cavab olaraq Müdafiə Nazirliyi bildirdi ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb: “Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır”.
Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlamasının ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə zidd olduğunu bildirdi.  Həmçinin Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında işlədilən qərəzli ifadələri də vurğulayaraq Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını, açıqlamada qeyd edilən kəndin adının Furux deyil, Fərrux olduğunu qeyd etdi.  Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş etdi.

28 mart tarixində  Azərbaycan daha bir hərbi uğura imza atdı. Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini erməni silahlılarından təmizləyərək Qarabağda mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirdi. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olmasının bizim üçün mühüm hərbi-strateji əhəmiyyəti var. Bu üstünlüyümüz birbaşa olaraq erməni silahlılarının Qarabağ ərazisindəki, o cümlədən Ağdərə və Xankəndi istiqamətində fəaliyyətlərinə nəzarəti həyata keçirməyə imkan verir. Fərrux dağı Qarabağ­da hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Fərrux kəndi Fərrux dağının yamacında yerləşir. O kənd azad olunduqdan sonra Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir. Digər tərəfdən, Fərrux kəndi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Xocalı rayonunun ərazisinə daxildir. Bu, Azərbaycanın Qarabağa nəzarəti tam şəkildə həyata keçirmək üçün zəruri olan fəaliyyətlərinin bir hissəsi kimi qiymətləndirilməlidir.

Tarixi mənbələrdə qeyd edilir ki, Xocalı rayonu ərazisindəki Fərrux kəndi və eyni adlı dağın strateji əhəmiyyəti hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlar zamanı bəlli idi. 1920-ci il martın 26- da Ağdama gəlmiş Milli Ordumuzun general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq, həmin istiqamətdəki yüksəkliklərin, o cümlədən Fərrux dağının düşməndən azad edilməsi üçün əməliyyat planı hazırlayır. Müəyyən hazırlıq işləri görüldükdən sonra – martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu baş­landı. Döyüşün gedişində Daşbaşı yüksəkliyi və Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar.

Növbəti əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da, təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuzun Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla yanaşı, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi ermənilərin nəzarətinə verildi.

1992-ci ilin yanvarında keçirilən əməliyyat nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin taboru Fərrux kəndini azad etmişdi. Təəssüf ki, o dövrdə baş verən özbaşınalıqlar səbəbindən və xüsusən, Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Fərrux kəndini yenidən işğal etmişdilər.

Azərbaycan ordusunun Fərrux zəfəri, qanunsuz erməni silahlı birləşmələrinə qarşı təkbaşına mübarizəsi Ermənistanda olduğu qədər, Rusiyada da birmənalı qarşılanmayıb. Çünki biz təkbaşına icra etdiyimiz uğurumuzla əslində sülhməramlının subyektiv fəaliyyətini də bir növ ifşa etmiş olduq.  28 mart tarixində Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı təxribat xarakterli fikirlər səsləndirdi. O, Azərbaycanı “proksi-dövlət” adlandırdı və ölkəmizin neft sənayesini vurmağı təklif etdi. Dövlət kanalında belə bir şovinist və terrorist çıxışın yayımlanması, bununla bağlı heç bir irad bildirilməməsi, təbii ki, Azərbaycanın haqlı etirazına səbəb oldu. 29 mart tarixində Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirməli oldu. Rusiya Prezidentinin sözçüsü, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın xəttinə uyğun olmadığını vurğuladı. “Mixail Delyaginin açıqlaması rəsmi Moskvanın siyasi xəttinə uyğun deyil. Bu açıqlama şəxsi duyğular müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, - deyə D.Peskov vurğuladı. Rusiya Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Delyaqinin Azərbaycan bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun deyil. Hər halda dövlətin səlahiyyətli nümayəndələri tərəfindən belə təhdid dolu çıxışların bəyan olunması Rusiya Azərbaycan əlaqələrində  ciddi anlaşılmazlıqlara gətirib çıxara bilər. Rusiya 10 noyabr bəyanatından irəli gələn müddəaların həyata keçirilməsini sürətləndirsə bu cür problemlərin meydana çıxmasının da qarşısını almış olar.

Ermənistan Təhlükəsizlik Şurasının 28 mart tarixində keçirilmiş iclasında hər  zamanki kimi Azərbaycan hadisələri törətməkdə təqsirkar tərəf olaraq təqdim olundu, Ermənistanın danışıqlara hazır olduğu kimi cəfəng bəyanatlar səsləndirildi. Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasına 29 mart tarixindəki cavabında bildirdi ki:"Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir".

"Beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi ilə bağlı, Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq istərdik ki, bəşəriyyət hələ ki, beynəlxalq hüquqdan başqa daha yaxşı beynəlxalq çəkindirmə vasitəsi düşünməyib. Ermənistan kimi bir dövlət, bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik. İki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsinə gəldikdə isə, xatırlatmaq istərdik ki, ilk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri də səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirisə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır", - bəyanatda qeyd olunub.

Martın 28-dəki uğurlu əməliyyatdan sonra hərbçilərimiz bölgədə dislokasiya işləri apararaq mövqeləri möhkəmləndiriblər. Bu o deməkdir ki, torpaqlarımızda baş verəcək istənilən hərbi təxribatın qarşısı beləcə uğurla alınacaq. Ermənilər hansı qüvvələrə güvənirlərsə güvənsinlər, biz öz haqq mübarizəmizi aparırıq və  sona qədər də bu yolumuzdan dönməyəcəyik. Prezident İlham Əliyevin hər zaman vurğuladığı “Nəyi, nə vaxt, necə edəcəyimizi yaxşı bilirik” bir daha öz təsdiqini tapdı. Erməni tərəfi hər zamankı kimi hadisələrə başqa don geydirməyə, əsl mahiyyətini gizlətməyə çalışırlar. Yayılan şayələrə cavab olaraq Müdafiə Nazirliyi bildirdi ki, hərbçilərimiz arasında yaralılar olmayıb. Təkcə bu fakt onu sübut edir ki, erməni silahlıları əsgərlərimizin qarşısına çıxmağa belə cürət etmirlər. Rusiya tərəfi isə baş verənlərə görə bizi günahlandırmaq yerinə öz səhvindən nəticə çıxarsa daha doğru olardı. Əgər Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələri zamanında, yəni 16 ay əvvəl icra etsəydilər, nəticədə bu gün erməni silahlıları Qarabağda olmazdı və indiki gərginlik yaşanmazdı.  Qarabağda baş verən gərginliyə və ermənilərin itkilərinə görə məsuliyyət bu silahlı qruplar qədər, öz fəaliyyətlərini düzgün şəkildə icra etməyən sülhməramlıların da üzərinə düşür.

                                                                                                         Nailə Tağızadə

2022-03-29 / 19:16
Facebook