Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz təbiətin canlanması, torpağın oyanması bayramıdır. “Novruz” sözünün mənası yeni gün, təzə il deməkdir. Bu bayram sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz bayramı bizim mədəniyyətimizin əsas ünsürlərindən biri, bizi bir millət olaraq fərqləndirən milli kimliyimizin ayrılmaz hissəsidir. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər.
Şərqin böyük alimlərindən olan Nizamülmülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Böyük Nizami Gəncəvi “İskəndərnamə” poemasında Novruz bayramı günü İskəndəri qonaq edən Nüşabənin tonqal qaladığını, süfrəyə hər çeşid şirni qoyduğunu qeyd edir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Heç də təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı “Novruzu”, “Novruzgülü” kimi xalq rəqsləri bu bayrama olan sevgidən qaynaqlanmışdır.
Novruz Günəş təqviminə əsaslanan astronomik yazın – baharın ilk günüdür. Dini və dünyəvi baxışlarından, dünyagörüşündən asılı olmayaraq, dünyanın bir çox xalqı Novruzu yeni həyatın canlandığı ilk gün kimi qeyd edir. Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq etmişdir.
Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki “Novruz” topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən – Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə, İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.
Novruz bayramının etnik-milli və etnolinqvistik coğrafiyasına gəlincə, Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlılar, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır. Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.
Tarixi çətinliklərə baxmayaraq Novruzu yaşatmaqla millətimiz öz kimliyini qoruyub, milli birliyini təmin edib. Müstəqilliyimizin əldə olunması ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev deyirdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığin yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və isıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur”. Bu milli tarixi nailiyyət bu gün də Respublikamızda aydın və birmənalı şəkildə təsdiq olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilmişdir. Belə ki, həmin tarixdə BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin “Sülh mədəniyyəti” adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətləri Novruzla bağlı məlumatlılığın artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir. Bu da öz növbəsində məhz bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Prezident İlham Əliyev Novruz bayramının bütün dünya azərbaycanlıları arasında azərbaycançılıq hissləri yaratdığını göstərərək vurğulayaraq demişdir: “Novruz, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində yaranan xoş ünsiyyət onları həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızın milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətlənir. Dövlət və cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartına uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə inkişaf artır, əhalinin sosial rifahı yüksəlir. Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir”.
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Novruzda icra olunan hər bir ritual özündə fəlsəfi, dərin məna gizlədir. Məsələn, yumurta döyüşdürülməsi iki dünyanın – qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdədir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdiri. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq”, “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəlinən qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də İslam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq ritualdır.
Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram insana inamla yaşamaq həvəsi vəd edir. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına səadət, firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyirik. Xalqımızı qədim və gözəl Novruz bayramı münasibətilə təbrik edir, ölkəmiz üçün əmin-amanlıq, rifah və tərəqqi arzulayırıq.
Nailə Tağızadə