Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalad;. Anlaşma Memorandumunun imzalanmasının Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf etməsi isə xüsusi önəm və anlam daşıyır.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.
Həmçinin, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Azərbaycan Respublikası və İran İslan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək.
İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Bu məqsədlə, körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.
Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər. Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlayıb tərəflərin Hökümətlərinə təqdim ediləcək.
Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir. Layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, Naxçıvanın blokadadan çıxarılmasına, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasına səbəb olacaq, həmçinin regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklər yaradacaq. Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq. Xüsusilə layihə müasir geosiyasi reallıqlar fonunda daha əhəmiyyətli və perspektivli hesab olunur. Ukrayna-Rusiya münaqişəsi səbəbindən Rusiyaya iqtisadi sanksiyalar tətbiq olunduğu üçün Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı bir zamanda Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirəcək kommunikasiya bağlantısının əhəmiyyəti daha da artır.
Prezident İlham Əliyev 11 mart 2022-ci il tarixində İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağını xüsusi vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Seyid İbrahim Rəisiyə təbrikində də bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir. Təbrikdə daha sonra deyilir: “Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq”.
Layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu yeni çoxtəyinatlı dəhlizin əsasını qoyur. Yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq. Hər zaman olduğu kimi bu dəfə də Ermənistan öz məkrli siyasəti nəticəsində ümumi inkişaf proseslərindən kənarda qalacaq. Ermənistanın sərhədlərindən cəmi 5 kilometr məsafədən mühüm kommunikasiya bağlantısı keçəcək. Ermənistan isə yenə də seyrçi kimi qalacaq, layihənin iqtisadi, siyasi və sosial uğurlarından bəhrələnə bilməyəcək. Belə bir geostrateji layihədə Azərbaycanla müttəfiq olmaqla rəsmi Tehran da anladı ki, bölgədə dalana dirənmiş Ermənistanla deyil, məhz Azərbaycanla daha sıx əməkdaşlıq faydalıdır. Ermənistan elə düşünürdü ki, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında rabitədə inhisarçılıq hüququ yalnız ona məxsusdur. Rəsmi Bakı bu yanaşmanın yanlış olduğunu erməni tərəfinə izah etməyə dəfələrlə cəhd göstərdi. Hətta bəzən açıq-aydın bildirildi ki, İran alternativi mövcuddur və şantajın perspektivi yoxdur. Lakin İrəvanda bu alternativ ciddi qəbul olunmadı. İranla imzalanan Anlaşma Memorandumu ilə Azərbaycan Ermənistanı və onun havadarlarını Zəngəzur dəhlizi kartından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək imkanından da məhrum etdi. İrəvan artıq dərk etməlidir ki, Azərbaycan üçün başqa variantlar da mövcuddur və Zəngəzur dəhlizini yubatmaq yalnız Ermənistanın özünün regiondan təcrid olunmasının davam etdirilməsi deməkdir. Əlbəttə, əgər Zəngəzur dəhlizi olmasa, Ermənistan nə Naxçıvan ərazisindən keçməklə İranla dəmir yolu bağlantısı əldə edəcək, nə də ki, Azərbaycan ərazisindən keçməklə Rusiya ilə belə bir əlaqəyə malik olacaq. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumun regional əhəmiyyətini qeyd edərkən bildirib ki: “Quru və dəmir yolları, eyni zamanda, elektrik xətləri də daxil olmaqla yeni bir layihənin əsası qoyulub. Bu, Türkiyə, İran və Azərbaycanı birləşdirən dəhlizdir. Bu, eyni zamanda Avrasiyada yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək. Təbii ki, bundan bizim ölkələrimiz qazandı. Bəs qazanmayan kim oldu? Ermənistan! Yəni, Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik. Azərbaycan bu pozitiv gündəliyini bundan sonra da davam etdirəcək...”.
2021-ci il yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvadakı görüşündə imzalanan üçtərəfli bəyanatda Azərbaycan və Ermənistan arasında bütün kommunikasiyaların açılması nəzərdə tutulub. Bu bəyanatda əsas maddələrdən biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli, o cümlədən də Ermənistan və Rusiya arasında dəmiryolu və avtomobil əlaqəsi üçün nəqliyyat xətti kimi xidmət göstərməli olan Zəngəzur dəhlizidir. Lakin Ermənistan bir ildən artıqdır ki, müxtəlif bəhanələrlə Zəngəzur dəhlizi ilə bağlı danışıqları yubandırır. Anlaşma Memorandumu uzun müddətdir ki, Zəngəzur dəhlizinin reallaşması perspektivlərini yubadan Ermənistana növbəti bir dərs oldu. Əgər Ermənistan öz səhvindən nəticə çıxarıb Zəngəzur dəhlizinə Azərbaycanın şərtləri altında razılıq versə, bu zaman İrandan keçəcək yeni yol Zəngəzur dəhlizinə qoşulacaq və şaxələndirilmə prosesi həyata keçiriləcək. Yox əgər Ermənistan yenə də öz məkrli və yarıtmaz siyasətini davam etdirsə, bununla da Laçın dəhlizi “dəhliz” statusundan çıxacaq və ermənilərin Qarabağla əlaqəsi kəsiləcək, Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur” prinsipi işləyəcək. Hər bir halda, Ermənistan Azərbaycandan asılı vəziyyətdədir və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbullanmasa regional layihələrdən kənara qalacaq, daha da dalana dirənəcək. Bu isə onsuz da çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatının tamamilə məhvi deməkdir.
Yeni kommunikasiya bağlantısı Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirəcək, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərəcək. Bu layihə də Azərbaycanın təşəbbüskarı olduğu digər layihələr kimi region ölkələri və uzaq coğrafiyadakı dövlətləri birgə əməkdaşlığa sövq edəcək, təhlükəsizlik və inkişaf məsələlərini prioritetə çevriləcək.
Nailə Tağızadə