2022-ci il martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnamə Azərbaycana qarşı həyata keçirilən ikili standartın təzahürüdür. 30 ilə yaxındır ki, işğal altında qalmış ərazilərimizdə Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irsimiz demək olar ki, tamamilə məhv edilib. Abidələrimiz dağıdılmış, talan edilmiş, mənşəyi dəyişdirilmişdir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları qarşısında davamlı şəkildə qaldırılsa da, Avropa Parlamentinin üzvləri bu günədək bununla bağlı bir dəfə də olsun bəyanat verməmişdir. Dəfələrlə xarici, xüsusilə avropalı mütəxəssislər həmin faktlara nəzər yetirilməsi, onların monitorinqinin aparılması üçün Azərbaycana dəvət olunub, ancaq bu dəvətdən fərqli bəhanələrlə boyun qaçırmışlar. Həmin deputatlar işğal nəticəsində Azərbaycanın mədəni irs obyektlərinə yetirilən zərərə görə Ermənistanı hüquqi məsuliyyətdə ittiham etmir, Qarabağ və Şərqi Zəngəzur ərazisindəki mədəni irs obyektlərinə vurulan zərəri görməzdən gəlirlər. Bu isə bəzi Avropalı parlamentarilərin iç üzünü açıb göstərir. Bu qətnamə Azərbaycana qarşı yürüdülən qərəzli siyasətin növbəti nümunəsidir.
30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan barədə heç bir tədbir görməyən, məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşan Avropa Parlamenti bu gün qətiyyən həqiqətə uyğun olmayan qərar qəbul edərək erməni abidələrinin müdafiəsinə qalxır. Son 30 ildə Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz mindən çox daşınan mədəni irs nümunələri qənimət kimi Ermənistana aparılaraq mənimsənilmiş, 747 arxeoloji abidə, 64 monumental qurğu və 1814 memarlıq abidəsi işğal dövrü ermənilərin mədəni irs nümunələri kimi təbliğ edilmiş, o cümlədən 800-dən çox tarixi əhəmiyyətli qəbiristanlıq dağıdılmış, 200 monumental qurğu və heykəltaraşlıq nümunələri məhv edilmiş, xristianlıq dövrünə qədər olan 150 memarlıq nümunələri sovmələr, bazilikalar, inzibati binalar dağıdılmış, 68 məscid tamamilə, 4 məscid qismən dağıdılaraq yararsız hala salınmış, 182 inanc yeri, pir və ziyarətgah tamamilə məhv edilmiş, 346 yaşayış evi, saraylar dağıdılaraq yararsız hala salınmış, alban dövrünə aid 250 memarlıq abidəsi üzərindəki yazılar, bədii daş nümunələri, xaç daşları üzərindəki ornamentlər dəyişdirilərək saxtalaşdırılmış, 50 məbəd və bazilika öz orijinal görkəmindən məhrum edilərək erməniləşdirilib. Torpaqlarımız işğaldan azad olunduqdan sonra tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara işğal altındakı ərazilərdəki mədəni-irs nümunələrinə baxış keçirilməsi xahiş olunsa da, Azərbaycana qarşı olan ikili standartlar bu ərazilərdə monitorinq keçirilməsinə mane olub.
Bu qətnamənin tərəfdarları təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə və vandalizmə nəzər yetirsələr, ermənilərin əsl xarakteri ilə tanış ola bilərlər. Görünür, həqiqəti araşdırmaq və qəbullanmaq həmin tərəfdarların işinə yaramır. 1905-1907 və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. İndiki Ermənistan adlandırılan ərazilərdən 20-ci yüzilliyin əvvəllərindən kütləvi deportasiyalar nəticəsində 500 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılaraq yox edilib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara Qarabağda baş verənlərlə bağlı müraciət etsə də, bu məsələyə hər zaman biganə yanaşılıb. Avropa Parlamenti 30 il ərzində Azərbaycana qarşı həyata keçirilən vandallığa heç bir zaman qiymət verməyib və heç bir doğruluğu olmayan faktlarla işğaldan azad olunmuş ərazilərdə Ermənistana məxsus abidələrin məhv edilməsi ilə bağlı həqiqəti özündə əks etdirməyən qərarlar qəbul olunub. Yeni qəbul edilən sənəddə də qərəzli şəkildə yalnız Azərbaycan tərəfinin guya törətdiyi əməllər barədə məlumatlar verilir.
Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, şəhər və kəndlərimizi xaraba qoymaqla, maddi-mədəni, təbii sərvətlərimizi talan etməklə müharibə zamanı mülki şəxslərin qorunması məsələlərini tənzimləyən Dördüncü Cenevrə Konvensiyasının 27-ci maddəsini, "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasını və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasını pozub.
Vətən müharibəsinin bitməsinə bir neçə gün qalmış Şuşa muzeyində saxlanılan xalçalar daşınaraq İrəvana aparılıb və qanunsuz olaraq orada saxlanılmaqdadır. Bu baxımdan "Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyası və "Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında" 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən, silahlı münaqişələr zamanı mədəni sərvətlərə və mədəni irsə qarşı qanunsuz əməllər beynəlxalq cinayət qanunvericiliyinə görə müharibə cinayəti hesab olunur. Sənəddə bu barədə heç nə yoxdur.
Qeyd etmək lazımdır ki, 2022-ci il 4 fevral tarixində Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib. Bu, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqidir. Lakin Avropa Parlamenti hansı səbəbləsə bu məsələyə ümumiyyətlə toxunmur.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli qətnaməsinə dair 11 mart tarixində bəyanat yaydı. Bəyanatda martın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə, eyni zamanda, özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır. Beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni birmənalı şəkildə “Avropa demokratiyasının növbəti qürubu” adlandırmaq olar. Avropa xalqlarının ayrı-ayrı nümayəndələrinin toplaşdığı Avropa Parlamentinin ümumbəşəri dəyərlərə etinasızlığı və laqeyd münasibəti ciddi suallar doğurur.
Bəyanatda həmçinin vurğulanır ki, Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Beynəlxalq qurumların qətiyyətsizliyi Ermənistanı, əksinə, dağıntıların miqyasını daha da genişləndirməyə təşviq edib. Bütün bunlar isə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və onun Protokollarının kobud şəkildə pozulmasıdır. Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması olduqca düşündürücüdür. Avropa Parlamentinin hazırkı qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda, mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, dinc əhalini amansızcasına qətlə yetirməsi, bəşəriyyətin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımını törətməsi uzaq keçmiş deyildir. Bütün bunlar demokratik dəyərlərdən və insan haqlarından ağız dolusu danışan Avropanın gözü qarşısında baş verib. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. İşğal dövründə tarix və mədəniyyət abidələrimizin hansı vəziyyətə salındığı hamıya məlumdur. Bu faktları araşdırıb nəticə əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.
Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri özü təkbaşına reallaşdırdı. 44 günlük Vətən müharibəsiylə illərdir ki, Qərbin danışıqlar yolu ilə həll etməyi məsləhət gördüyü, lakin bunun üçün heç bir cəhd göstərmədiyi tarixi reallığı ordumuz bərqərar etdi. Torpaqlarımız erməni işğalından azad olundu. Təbii ki, bu qələbəmizi qəbul edə bilməyən yerli və xarici bədxahlar var. Bu cür qurumlar və təşkilatlar arasında erməni lobbisi, o cümlədən bəzi avropalı siyasətçilər xüsusi yer tutmaqdadır.
Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. 30 ilə yaxın münaqişə vəziyyətində olmasına baxmayaraq Bakıda qorunub saxlanan erməni kilsəsinin mövcudluğu belə Azərbaycanın nə dərəcədə tolerant və humanist bir siyasi xətt yürütdüyünün göstəricisidir. Ermənilər isə dinimizi təhqir etmək üçün məscidlərdə donuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur. Şərqi Zəngəzurda və Qarabağda mövcud olmuş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.
Azərbaycanın Avropa dəyərlərinə hörmətlə yanaşmasına, insan hüquq və azadlıqlarının qorunması sahəsində bir çox nüfuzlu institutlarla əməkdaşlıq etməsinə baxmayaraq, həqiqəti əks etdirməyən bu cür qərəzli məlumatların yayılması həmin təşkilatlarda təmsil olunanların da obyektivliyini şübhə altına alır. Bu isə təkcə qurumun deyil, bu sahədə fəaliyyət göstərən digər institutların da fəaliyyətinə və nüfuzuna xələl gətirir. Avropa Parlamenti bitərəf mövqedə dayanmalı, birtərəflilik prinsipindən uzaqlaşmalı, qərəzli qərarlar qəbul etməməlidir. Avropa Parlamenti xalqlar arasında münasibətləri gərginləşdirməyə deyil, əlaqələrin yaxşılaşdırılmasına çalışmalıdır. Xüsusilə də, iki ölkə arasında əlaqələrin qurulması üçün cəhdlərin edildiyi bir dönəmdə belə bir qərəzli qətnamənin qəbulu yolverilməzdir.
Nailə Tağızadə