Qadın – cəmiyyətin aparıcı qüvvəsi ...

 

Təbiətcə qadın ana, həyat yoldaşı, bacı, övlad kimi nəcib xüsusiyyətlərə sahib olan zərif məxluqdur. O, eyni zamanda müasir dövrümüzdə cəmiyyətin  ən fədakar, çalışqan və işgüzar üzvüdür.  Sadalanan bu xüsusiyyətlər qadına qarşı xüsusi münasibət, diqqət və qayğı tələb edir. Bu baxımdan qadının cəmiyyətdəki rolu  daim diqqət mərkəzində olan vacib problemlərdən biridir.

Dünya Qadınlar gününün gündəmə gəlməsi ilk olaraq 1800-ci illərə təsadüf edir. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar qəbul edilmişdir.  Həmin vaxtdan etibarən 8 mart tarixi bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd olunur. İlk dəfə bu bayram 1911-ci ildə Almaniya, İsveçrə, Avstriya və  Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə 8 mart bayram edilmişdir. 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edilmişdir. Bu təqvim, qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür.

Azərbaycan qadınının keçmiş olduğu yol çox böyük və qürurvericidir.  Vətən və namus uğrunda fədakarlıq göstərmiş mərd Azərbaycan qadınlarının qəhrəmanlıq xatirələri tarixdə şərəfli səhifələr açmış, böyük ədiblərin qələmində səslənmiş, dillərdə dastan olmuşdur. Hələ eramızdan 800 il əvvəl türk sərkərdə qadını Tomiris Azərbaycana hücum etmiş işğalçıları məğlub etmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanında Selcan xatun, Burla xatun, Banuçiçək və digər xanımların silahlanması, at çapıb döyüş meydanlarında vuruşması da tarixən qadınlarımızın müti olmadığını, azad ruhunu, igidliyini səciyyələndirir.

Azərbaycan qadınlığının qəhrəmanlıq tarixi Nizami Gəncəvinin əsərlərində, onun zəngin poemalarındakı unudulmaz misralarda da öz əksini tapmışdır. Azərbaycan qadını tarixən öz zəkası, hünəri və qeyrəti ilə hər bir dövrün aparıcı qüvvəsi kimi parlamışdır. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinski, Məsmə xanım Talışinski, Xədicə xanım Əlibəyova, Səltənət xanım Əhmədova, Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova və başqaları mübarizlərin ön sırasında getmişlər. Dərin zəkaya, möhkəm iradəyə malik hökmdar, diplomat, döyüşçü qadınlarımızın göstərdiyi qeyrət nümunəsi dövlətçilik, xarici siyasət və hərb tariximizin şanlı səhifələridir.

XX əsrin başlanğıcında Azərbaycanın qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. 1908- ci ildə isə Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikovanın təşəbbüsü ilə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaradıldı.

1918-ci il mayın 28-də AXC-nin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi, seçmək və seçilmək hüququ təsbit edildi. Azərbaycan Şərqdə, müsəlman dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət oldu. Beləliklə, 1918-ci il dekabrın 8-də fəaliyyətə başlayan Azərbaycan Xalq Cumhuriyyətinin parlamentinə seçkilərdə azərbaycanlı qadınlar da iştirak etdi. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən, o cümlədən, Fransadan (1944) və ABŞ-dan (1920) əvvəl Azərbaycanda qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verildi. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçib. 1921-ci il Azərbaycan tarixində qadınların ilk qurultayı keçirildi. 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə idi. Sovet dövründə Azərbaycan qadınları müxtəlif sahələrdə ilklərə imza atıblar. Azərbaycanda və bütün Şərqdə ilk qadın təyyarəçi Leyla Məmmədbəyova, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk dramaturq Səkinə Axundzadə, peşəkar musiqi təhsili almış ilk qadın bəstəkar Ağabacı Rzayeva, Şərqdə ilk dəfə opera yazan qadın bəstəkar Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilk nümayəndəmiz Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk kinoaktrisa, həmçinin ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik İzzət Orucova, biologiya sahəsində ilk qadın akademik Validə Tutayuq, ilk uşaq pediatrı Adilə Namazova , ilk qadın oftalmoloq, Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik Zərifə Əliyeva,  ilk xanım nazir Tahirə Tahirova Azərbaycan qadınının şöhrətini bütün dünyaya yaydılar.

Qarabağ müharibəsində iştirak edən qadınlarımızın fədakarlığı, şücaəti tariximizin qürur səhifələridir. Milli qəhrəmanlarımız jurnalist Salatın Əsgərova, həkim Gültəkin Əsgərova, I Qarabağ müharibəsinin şəhidi Qaratel Hacımahmudova, Vətən müharibəsinin ilk qadın hərbçi şəhidi Arəstə Baxışova Azərbaycan qadınının vətənsevərlik, mərdlik, cəsarət simvoludur. 1994-cü ildə Milli Qəhrəman statusunun müzakirəsinə həsr edilmiş iclaşların birində ümummilli lider Heydər Əliyev demişdi: “Milli Qəhrəman adı kimə verilməlidir?... Qazaxda bir Qaratel vardı, düşmən əlinə sağ keçməsin deyə özünü öldürmüşdu. Bax əsl Milli Qəhrəman adı o xanıma layıqdir”. Bu, Ulu Öndərin Azərbaycan qadının fəadakarlığına və ləyaqətinə verdiyi dəyəri idi.

Bu gün Azərbaycanda istər dövlət, istərsə də cəmiyyət həyatında qadınların nüfuzu artmışdır. Onların  bir vətəndaş olaraq konstitusion hüquq və azadlıqlarından yararlanması üçün lazımi şərait yaradılmışdır. Müasir dövrümüzdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlar fəal şəkildə iştirak edirlər. Dövlət müstəqilliyinin bərpasından sonra 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası ilə cinsindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquq və azadlıqları təsdiq edildi. Hökumət gender bərabərliyi ilə bağlı normativ hüquqi aktlar qəbul etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı, daha sonra “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

2000-ci il martın 6-da imzalanan “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman qender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Bu hüquqi sənəd, kişilərlə yanaşı qadınların da respublikanın bütün dövlət strukturlarında təmsil olunmasını, həmçinin qanunvericiliyin qender ekspertizasının keçirilməsini nəzərdə tutur. 2000- ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiqi gender bərabərliyinə dair normativ hüquqi aktların məntiqi davamı idi. Respublikamız həmçinin Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. Həmin ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı.

Yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyət həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Fond gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların aradan qaldırılmasına da xüsusi diqqət yetirir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Forumda mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxılmasının, bu məsələdə onların mövqeyinin qabardılmasının əhəmiyyətini diqqətə çəkən Azərbaycanın birinci xanımı demişdi: "Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər".

2018-ci ilin 30 may tarixində  Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına ünvanladığı müraciətdə Birinci vitse-prezident Mehriban Əliyeva bildirmişdir ki: “Ötən illər ərzində Azərbaycanda qadınların hüquqlarının uğurla təmin edilməsi, onların ictimai və siyasi həyatda fəal iştirakı üzrə həqiqətən nadir təcrübə toplanmışdır. Ayrı-seçkiliyin hələ də mövcud olduğu, əksər qadınlar və qızların təhsilə çıxışının bu gün də olmadığı, onların elementar hüquqlarının müdafiə edilmədiyi dünyada bu təcrübə hazırda da tələb edilən və aktualdır. Əminəm ki, bizim ümumi səylərimiz dünyanın bir çox bölgələrində qadınların üzləşdiyi problemlərin həllinə kömək edəcəkdir”.

Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır

“8 mart”  bütün dünyada qadınların bərabər, azad və rahat yaşam istəklərini dilə gətirdikləri xüsusi bir gündür. Daha müasir və sağlam cəmiyyətin formalaşması üçün qadınlara hər zaman ehtiyac vardır. Qadınlara verilmiş bu gözəl günə hörmət duyulmalı və onlar sadəcə bir gün deyil, ilin hər günü xatırlanmalıdır. Sonda isə fikrimi böyük dramaturqumuz Hüseyn Cavidin misraları ilə tamamlamaq istərdim:

                                   Qadın gülərsə şu issız mühitimiz güləcək,
                                   Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Bayramınız mübarək, əziz qadınlar!

                                                                                                      Nailə Tağızadə

2022-03-08 / 11:31
Facebook