Rusiya-Ukrayna müharibəsi: Azərbaycanın strateji mövqeyi

 

Artıq bir həftədir ki, Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Tərəflər arasındakı danışıqlar hələ də nəticə verməyib. Rəsmi Bakı ilk gündən məsələnin beynəlxalq hüquq və normalara uyğun şəkildə dialoq yolu ilə həlli tərəfdarıdır.  Fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov  ATƏT Daimi Şurasının növbədənkənar iclasında videoformatda keçirilən görüşdə çıxış edərək Ukrayna və onun ətrafında yaranmış vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirdi. Mövcud vəziyyətlə bağlı dövlətimizin mövqeyi bəyan olunaraq münaqişənin  beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında diplomatik kanallar vasitəsilə sülh yolu ilə nizamlanmasının vacibliyi vurğulandı. Mövcud şəraitdə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili dialoqa çağırış edildi. Fevralın 25-də isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın mövqeyini belə ifadə etdi: “Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.

Fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə Rusiya-Ukrayna vəziyyəti və bu vəziyyətin bundan sonrakı inkişafına dair suala cavabında: “… Mən hansısa analogiyalar və analiz, vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o, praktik müstəviyə - bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır…” – deyə bildirmişdi.

Azərbaycan hər zamanki humanist mövqeyinə sadiq qalaraq vəziyyətin sülh yolu ilə həlli istiqamətində çalışır. Hətta Bakı Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin görüşü üçün platforma kimi təklif edilib. Ukrayna prezidenti Volodimir Zelenski Bakını Rusiya nümayəndələri ilə danışıqlar yeri kimi qəbul edib. Belə ki, fevralın 27-də Volodimir Zelenskinin Telegram kanalında bununla bağlı qeyd olunmuşdu: “Biz görüşmək istəyirik, müharibənin bitməsini istəyirik. Varşava, Budapeşt, İstanbul, Bakı və ya ərazisindən raketlər uçmayan istənilən ölkədə və başqa şəhərdə - biz hamımız bunu Rusiya tərəfinə təklif etmişik”.

26 fevral tarixində Prezident İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutdu. Dövlət başçısı atəşkəsin əldə olunması, danışıqların siyasi müstəviyə keçirilməsi üçün təkliflərini bildirdi, həmçinin Ukraynaya humanitar yardım barədə Zelenskini məlumatlandırdı. Azərbaycan Ukraynaya dərman və tibbi avadanlıqla birlikdə iki təyyarə göndərib. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri Ukraynada təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin avtomobillərini 24/7 rejimdə pulsuz yanacaqla təmin etməyə başlayıb. Qeyd edək ki, Ukraynada SOCAR-ın 59 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Fevralın 27-də  Ukraynanın Bakıdakı səfirliyi qarşısında izdihamlı dəstək aksiyası keçirildi. Həmçinin Ukrayna xalqı üçün humanitar yardım toplanması da təşkil olunub. Aksiya martın 9-a qədər davam edəcək.

26 fevralda Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında da telefon söhbəti oldu. Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

Martın 1-də isə Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

2 mart tarixində BMT Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında Rusiya Federasiyasını Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa və bütün Rusiya qoşunlarını Ukrayna ərazilərindən, o cümlədən Krım və Donbassdan çıxarmağa çağıran “Ukraynaya qarşı təcavüz” adlı qətnamə dəstəkləndi. Qeyd edək ki, BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb. Ölkəmizin səsvermədə iştirak etməməsi isə Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması və üzvlərinin bu cür problemlərə və münaqişələrə ilk növbədə qərəzsiz münasibət bəsləməsi ilə birbaşa bağlıdır.

Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev çıxışı zamanı Azərbaycanın Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətin diplomatik həllinə tərəfdar olduğunu bildirib. “Ukrayna və onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur və bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı və mülki infrastruktur hər zaman qorunmalı və təmin olunmalıdır. İnkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün sürətli tədbirlər görməyi tələb edir. Bu anlaşmaya əsaslanaraq, Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib”, - bəyanatda deyilir.

Yaşar Əliyev qeyd edib ki, dövlətlər arasında dostluq və əməkdaşlığa aid beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. “Ona görə də Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, - deyə bəyanatda vurğulanıb.

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurur. Martın 2-də BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın qonşu ölkələrlə sülh və təhlükəsizlik şəraitində yaşamağa üstünlük verdiyini diqqətə çatdıraraq bunun bölgənin təhlükəsizliyi və region ölkələrinin inkişafı üçün vacib olduğunu vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Ukraynaya humanitar yardım olaraq dərman preparatları və tibbi avadanlıqlar göndərib.

“Bu kritik vaxtda Azərbaycan vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayır”, - deyə C.Bayramov qeyd edib.

Bu, Azərbaycanın dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi birmənalı, sabit mövqeyidir. Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir. Bu hər iki dövlətin xalqlarının mənafeyinə uyğundur. Ölkəmiz beynəlxalq hüququn bu sarsılmaz prinsipinin praktikada bərqərar olması istiqamətində səmərəli addımlar atmağa davam edəcəkdir. Azərbaycan hərtərəfli fəaliyyətində ilk növbədə özünün təhlükəsizliyi üçün etibarlı zəmin formalaşdırıb. Bu addım dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmini və vətəndaşlarımızın təhlükəsiz, sabitlik şəraitində yaşaması üçün vacibdir.

                                                                                                       Nailə Tağızadə

2022-03-04 / 16:26
Facebook