Azərbaycan-BMT əməkdaşlığı 30-cu ilində ...

 

Son onilliklər ərzində, xüsusən də XXI əsrdə beynəlxalq təşkilatların müasir dünya siyasətində və beynəlxalq münasibətlərdə rolu getdikcə artır. Bu təşkilatlar dövlətlər arasında istər ikitərəfli, istərsə də çoxtərəfli diplomatiyanın həyata keçirilməsində mühüm mexanizmlərdir. Xüsusən iki yüzə yaxın dövləti cəmləşdirən Birləşmiş Millətlər Təşkilatı universal beynəlxalq qurum olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etmək məqsədinə xidmət edir. Beynəlxalq aləmdə baş verən proseslərə fəal şəkildə qoşulmaq, başqa ölkələrlə  münasibət yaratmaq və bu münasibəti müsbət istiqamətdə inkişaf etdirmək, ümumbəşəri və qlobal problemlərin həllindən kənarda qalmamaq üçün BMT-nin üzvü olmaq, onunla hərtərəfli əməkdaşlığı genişləndirmək əsas amillərdən biri kimi çıxış edir.

BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Azərbaycan 1992-ci ildən BMT-nin üzvlüyünə qəbul olunmuşdur. Belə ki, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb. Müxtəlif qurumlarındakı məhsuldar fəaliyyət, həmçinin ölkənin regional liderə çevrilməsi, bazar iqtisadiyyatının dinamik inkişafı və vətəndaş cəmiyyətinin qurulması Azərbaycanın təşkilatda nüfuzunun artmasına, getdikcə daha dərin və əhatəli əlaqələrin yaranmasına böyük təsir göstərmişdir. 2011-ci il oktyabrın 24-də keçirilən 2012-2013-cü illər üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycanın BMT-nin üzvü olan 155 dövlətin dəstəyini qazanması bunun bariz nümunəsidir. 2012-ci il Azərbaycan diplomatiyasının  ən böyük uğuru məhz ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması idi.  Təhlükəsizlik Şurası BMT-nin bütün dünyada sülhü və təhlükəsizliyi təmin edən məsul qurumudur. Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli xarici siyasi fəaliyyəti, onun dəfələrlə BMT-nin Baş Məclisinin kürsüsündən dərin məzmunlu və məntiqi çıxışları bu məsələdə həlledici rol oynamışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında BMT TŞ-nin üzvü seçilən ilk ölkə olmuşdur. Bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi dəyərləndirilmişdir. Çünki TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər. 

İki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini həyata keçirmiş, bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. Yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanmışdır. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi, terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçmişdir. Oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası təşkil olunmuşdur. Şuranın tarixində ilk dəfə bu mövzu üzrə keçirilən və Azərbaycanın sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in sabiq baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilmişdir. Bundan başqa, 2012-ci ilin oktyabrında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının iş metodlarına dair Şuranın açıq müzakirələri də təşkil edilmişdir.

Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan milli maraqlarımızın qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmişdir. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılmışdır. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi məsələsi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks olunmuşdur.

Bu kontekstdə 2012-ci il mayın 30-da Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilmiş “Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət” mövzusunda qeyri-rəsmi müzakirələri (“Arria” formulası çərçivəsində) böyük maraq doğurmuşdur. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətlərinin, BMT Katibliyinin, beynəlxalq hökumətlərarası təşkilatların, vətəndaş cəmiyyətinin və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak etmişdir.

Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir. Keçən iki il ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq münasibətlərini daha da genişləndirmişdir. Şurada üzvlüyü müddətində Azərbaycanın uğurlu fəaliyyəti və hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü il dekabrın 31-də başa çatmışdır. Müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olmuşdur. Şurada üzvlüyün yaratdığı imkanlardan tam istifadə edən Azərbaycan bir sıra vacib mövzularda prinsipial mövqeyini ortaya qoymuşdur. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında idi.

Təhlükəsizlik Şurasında qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Bütövlükdə, Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, üzv ölkələrin əksəriyyətinin səsvermədə respublikamızın bu möhəbər təşkilata qeyri-daimi üzv qəbul olunmasını dəstəkləməsi müstəqil Azərbaycanın həyatında əlamətdar və tarixi hadisə olmuşdur. Bu dövlətimizin siyasi qələbəsi, siyasi strategiyasının düzgünlüyünün qəbulu, yüksək nüfuzunun nəticəsi idi.

30 illik əməkdaşlığı çərçivəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Belə ki, BMT-nin işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnaməsi (822, 853, 874, 884 nömrəli qətnamələri) olmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bu tələbə uymur, atəşkəsi hər daim pozurdu. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülmüşdü. Bu qətnamələri 44 günlük Vətən müharibəsiylə Azərbaycan ordusu təkbaşına reallaşdırmalı oldu. 2021-ci il 23 sentyabr tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyevin videoformatda çıxışında bu məsələyə xüsusi toxunuldu: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.

Bu gün də Azərbaycan-BMT əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı inkişaf etdirərək yeni nailiyyətlər və uğurlar qazanır. Qeyd edək ki, 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırıldı. Həmçinin, Qoşulmama Hərəkatının sədri qismində İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir. Azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma işlərində beynəlxalq tərəfdaş qismində BMT ilə əməkdaşlıqda maraqlıyıq və bir sıra BMT qurumları ilə bu istiqamətdə iş gedir. Həyata keçirilən əməkdaşlıq proqramları göstərir ki, BMT ilə əlaqələrin böyük perspektivləri var və bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək.

                                                                                                              Nailə Tağızadə

2022-03-03 / 17:33
Facebook