Səmimilik, sadəlik, müdriklik təcəssümü: Birinci vitse-prezident …

 

2016-cı il iyulun 18-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərildi. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmiş və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi keçirilməsi haqqında Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamına əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçirildi.

Referendum aktı layihəsi ilə təklif edilən dəyişikliklər hüquqi dövlət quruculuğu, sosial rifahın yaxşılaşdırılması, dövlət idarəetmə orqanlarında qərarların operativ qəbulu, habelə dövlət-vətəndaş, bələdiyyə-vətəndaş münasibətlərinin daha əlverişli formatda təşkili, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edirdi.

Təklif olunan dəyişikliklərdə Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq dövlət idarəetmə sistemində yeni institusional çərçivənin formalaşdırılması nəzərdə tutulurdu. Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin təsis edilməsinə dair Konstitusiyaya təklif edilən dəyişiklik prezidentin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsi, zərurət yarandığı halda prezidentin səlahiyyətlərinin səmərəli şəkildə yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.  Referendum aktı səsvermə prosesində xalqın böyük dəstəyini qazandı.

2017-ci il 21 fevral tarixində isə konstitusion dəyişikliklərə uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Beləliklə siyasi idarəçilik tariximizdə yeni mərhələnin əsası qoyuldu.

Mehriban xanım Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə isə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının   prezidenti seçilən Mehriban Əliyeva bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempioantlarının Azərbaycanda keçirilməsində xüsusi rol oynamışdır. Mehriban xanım 2004-cü ildən etibarən ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək 2004-cü il 10 may tarixində yaradılmışdır. Fondun uğurlu fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi bütün dünyada yüksək səviyyədə təbliğ edilir. 3 avqust 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı il 23 noyabrdan etibarən Azərbaycanın birinci xanımı həmçinin İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun xoşməramlı səfiridir. O, bu təşkilatın yüksək adına layiq görülmüş ilk qadındır. Mehriban xanım 2004-cü ildən Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiya sədrinin müavinidir. Mehriban Əliyeva 2005-ci ildən etibarən  12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Seçicilər onu 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisə deputat seçiblər. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamına əsasən, yeni vəzifəyə təyin edilməsiylə əlaqədar olaraq, Birinci vitse-prezident Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətini dayandırmışdır. O, 2017-ci il martın 7-də Milli Məclisin  yaz sessiyasının növbəti plenar iclasında çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən həmin günədək aparılmış işlər barədə qısa məlumat vermişdir.  Qeyd edək ki, bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb.  Həmçinin 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Mehriban xanım amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib, ümumilikdə, 39 min 887 məhkum cəzasından azad edilib.  Mehriban xanım Əliyevanın, eyni zamanda, Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də əhatəli xidmətləri vardır. Mehriban xanım çıxışında bildirmişdi: “Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.

Yüksək idarəçilik qabiliyyətinə sahib olan Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının yüksək səviyyədə hazırlanmasına təşkilatçılıq etmişdir. Təsadüfi deyildir ki, 2017-ci ildə baş tutan İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban Əliyeva olmuşdur. Bu onun peşəkar təşkilatçılıq qabiliyyətindən xəbər verir.  Azərbaycanın birinci xanımının zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyər verilmişdir. “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni (9 iyun 2015), Polşa Respublikasının “Xidmətlərə görə  Böyük Komandor Xaçı” ordeni (14 sentyabr 2009), Fransa Respublikasının “Şərəf legionu” ordeni (15 fevral 2010), UNESCO-nun “Qızıl Motsart” medalı (30 iyul 2010), Krans Montana Forumunun qızıl medalı (24 iyun 2011), Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı (13 aprel 2012), Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” (27 dekabr 2013), “The Business Year” jurnalının “İlin Birinci Xanımı” mükafatı (14 may 2014-cü il), Küveyt Dövlətinin fəxri diplomu (21 avqust 2014) , Azərbaycanın ən ali “Heydər Əliyev” ordeni (29 iyun 2015) və s. titullar, mükafatlar Mehriban xanımın humanist fəaliyyətinə verilən qiymətdir.

Bütün bu sadalanan yorulmaz, qətiyyətli və uğurlu fəaliyyətin nəticəsidir ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması böyük məmnunluqla qarşılandı. Mehriban xanımın Birinci vitse-prezidentliyi xalqın sosial sifarişi olaraq səciyyələndirilir. Çünki onun dövlət idarəetmə sistemində bu yüksək vəzifəni daşımağa həm siyasi, həm də mənəvi haqqı çatırdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva ilk müsahibəsini 2017-ci il fevralın 26-da “Rossiya 1” telekanalına vermişdi. Müsahibə hər bazar günü efirə çıxan “Vesti nedeli” proqramında göstərilmişdi. Proqramın aparıcısı jurnalist Dmitri Kiselyov qeyd etmişdi ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında qərar məntiqli qərar kimi qarşılanıb. D.Kiselyov demişdi: “Mehriban Əliyeva onsuz da praktiki olaraq ölkənin bütün ictimai və siyasi həyatında iştirak edir, idarəçilik sahəsində zəngin təcrübəyə malikdir. Cəmiyyətdə onun nüfuzu şəksizdir. Mehriban Əliyeva son üç çağırış Azərbaycan parlamentinin deputatıdır, Heydər Əliyev Fonduna müvəffəqiyyətlə başçılıq edir, onun rəhbərliyi ilə 2012-ci ildə Bakıda “Eurovision” müsabiqəsi çox gözəl keçirilib, inişil isə tarixdə ilk dəfə Avropa Oyunları təşkil edilib. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva proqrama müsahibəsində bildirmişdi ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq. Mehriban xanım bu təyinatın Prezidentin şəxsi təşəbbüsü olduğunu, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağının da bu işdə rol oynadığını vurğulamışdı. Birinci vitse-prezident kimi 5 illik fəaliyyəti ilə Mehriban xanım Əliyeva bu vədlərini əməli şəkildə doğrultmuşdur.

2017-ci il 1 mart tarixində ABŞ-da dərc olunan “The Huffington Post” qəzetində psixiatriya doktoru, xanım Mellori Moss-Katsın özünü təsdiq etmiş qadınların yüksək vəzifələr tutmalarının vacibliyi barədə məqaləsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsindən də danışılmışdır. M.Moss-Kats yazırdı ki, Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətdə böyük təcrübəsi var. O, üç çağırış parlament seçkiləri zamanı öz seçki dairəsindəki seçicilərin səslərinin 90 faizindən çoxunu toplayıb. O, Heydər Əliyev Fondunun prezidenti kimi resursların müəyyən hissəsini Azərbaycanda və onun hüdudlarından kənarda insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən humanitar layihələrə sərf edib. O, məktəb və xəstəxana binalarının tikintisi layihələrinə rəhbərlik edib, Fransada Luvr Muzeyində və Versal Sarayında bərpa layihələrinə ianələr edib. Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram hissi ilə yanaşır və onu sevirlər. M.Moss-Kats sonda ümidvar olduğunu bildirmişdi ki, gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse-prezident olacaq.

Sosial problemləri, aztəminatlı ailələri daim diqqət mərkəzində saxlayan Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsində də bu problemə toxunmaqla bir daha  ona olan ümid və inamı doğrultdu. Mehriban xanım Milli Məclisdə çıxışı zamanı qeyd etmişdi ki, vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir.

Bu gün ölkədəki quruculuq proseslərində, ictimai həyatda  yaxından iştirak edən, millətin və dövlətin taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva Azərbaycan qadınının fədakar obrazını bütün dünyaya nümayiş etdirir. Şübhəsiz, bu təyinat  beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilən Azərbaycanın daha da modernləşməsinə növbəti təkan oldu. Azərbaycan dövləti və xalqı üçün yorulmaz fəaliyyət göstərən Mehriban Əliyeva  Birinci vitse-prezident vəzifəsində də özünü görkəmli dövlət xadimi kimi təsdiqlədi, ölkəsinə daha çox xidmət göstərmək imkanı qazandı.

                                                                                                           Nailə Tağızadə

2022-02-22 / 19:17
Facebook