Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymişdir. Erməni terroristlərinin fəaliyyəti ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. İşğal dövründə Azərbaycan dəfələrlə bu problemi beynəlxalq ictimaiyyət qarşısında qaldırmış, lakin həmişəki kimi Ermənistana yetərli təzyiq olmamışdır. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qalmışdır.
Ümumilikdə, işğal dövründə təbii sərvətlərimiz talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır. Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Bu yataqlar illərdir erməni işğalçıları tərəfindən istismar edilib. Bizim təbii ehtiyatlarımız sayəsində Ermənistan “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəyə çevrilmişdir. Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Arsız düşmən Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edib. İstismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.
Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar, həmçinin Avropada ən zəngin çinar meşəsi Zəngilanda idi. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılırdı. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektar idi. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda bir ağac da olsun qalmamış, meşə ağacları doğranaraq xarici ölkələrə satılmış, yüngül sənaye və digər biznes məqsədləri üçün istismar edilərək iqtisadi cinayətkarlığın qurbanına çevrilmişdir. Prezident İlham Əliyev 28 oktyabr 2021 "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü mövcud olub. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.
Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan, yaşı 150-300 ilə çatan Şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilmiş, 1960-cı illərdə salınmış sahəsi 2 hektar olan meşə-park tamamilə məhv edilmişdir. Məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi var idi. Bundan 13197,5 hektarı qiymətli ağac növləri olmuşdur. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınmışdır. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin ekoloq mütəxəssisləri işğaldan azad edilən ərazilərə, eləcə də raket zərbələrinə məruz qalan Gəncə, Mingəçevir və Bərdə şəhərlərinə ezam olunaraq ekoloji monitorinqlər aparıb, torpaq və su mənbələrindən götürülən nümunələrin ekoloji laboratoriyada fiziki, kimyəvi və bioloji analizləri aparılıb. Monitorinq zamanı işğaldan azad edilən rayon mərkəzlərinin, şəhər, qəsəbə və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılması, yol kənarlarındakı ağac və kol bitkilərinin isə kəsilərək məhv edilməsi müəyyənləşdirilib. Qəsdən törədilən yanğınlar nəticəsində isə meşə və yaşıllıq massivləri yox edilib.
44 günlük müharibə dövründə də Ermənistan 30 ilə yaxın müddətdə həyata keçirdiyi ekoloji terroru davam etdirərək Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməyə çalışmışdı. Ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemi məhv etməyə çalışmaqla Ermənistan endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması idi. Ağ fosfor tipli bombalardan istifadə edən erməni terrorçuları öz mənfur niyyətlərini reallaşdırmağa çalışırdılar. Qeyd edək ki, bu tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.
Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını,kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsi su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirib çıxara bilər.
Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. İşgal altında olan ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi sona qədər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Azərbaycan humanistcəsinə ərazilərimizi tərk etmək üçün vaxt verdiyi müddətdə də ermənilər torpaqlarımızdan gedərkən qanunsuz məskunlaşdırıldıqları evlər ilə yanaşı meşələrimizi də yandırmışdı.
Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görülür. Qarşıda duran əsas vəzifələrdən biri həmin ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır. Ermənistan isə törətdiyi ekeloji terrora görə dünyəvi arenada cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu ekoloji terrora laqeyd qalmamalıdır. Çünki bu, təkcə Azərbaycanın təbiətinə qarşı deyil, bütün bəşəriyyətin canlı aləminə qarşı törədilən bir cinayətdir.
Nailə Tağızadə