Azərbaycanda elektron hökumət quruculuğu

 

Qloballaşan dünyada intellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsi təqzibedilməz faktordur.  İnnovativ informasiya texnologiyalarının cəmiyyətin inkişafında, bilik və təcrübə mübadilələrinin aparılmasında, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasında oynadığı rol xüsusi qeyd edilməlidir. Şübhəsizdir ki, “informasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata  keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir. Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah  və demokratik inkişafın  əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir. Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət sərgiləmə reallığı dayanır.  Təsadüfi deyildir ki,  dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində “elektron-hökumət” öz təsdiqini tapmış və gözlənilən nəticələri doğrultmuşdur.

Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu  İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Artıq bu istiqamətdə çevik addımlar atılmış,  mərhələlər üzrə nəticəvi işlər görülmüşdür. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması,  eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli” həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) vardır ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olan Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.

Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan cəmiyyəti üçün nisbətən yeni və fərqli formatlı olsa da cəmiyyətin qəbulu və uyğunlaşması  baxımından arzuolunan nəticələri doğrultmaqdadır.

Azərbaycanda ilk dəfə olaraq “vahid pəncərə” və elektron xidmətə keçid Prezident İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında sərəncamı"na əsasən 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılmaqla start verilmişdir. "Bir pəncərə" sistemi bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların elektronlaşdırılmasını təmin etdi. Bu prinsip üzrə qeydiyyatın aparılması biznesin inkişafına xeyli təkan vermiş oldu. Bunun ardıyca Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən “ASAN xidmət” mərkəzləri yaradıldı. “ASAN xidmət” dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı, “Elektron hökumət” portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013 il tarixli Fərmanı, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi barədə 1 may 2014-ci il Fərmanı, "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında" qanunlar elektron hökumət quruculuğunda müvafiq hüquqi bazanı möhkəmləndirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.  Əgər əvvəllər vətəndaşlarımız “vahid pəncərə” xidmətindən istifadə edilməsinə üstünlük verirdilərsə, bu gün insanlar vaxt itirmədən, olduqları yeri tərk etmədən internet resursların köməyi ilə dövlət qurumlarının xidmətlərindən istifadə etməyə üstünlük verməkdədir. Bu isə respublikamızda elektron hökümətin təkmilləşməsi zərurətini artırır.  Bu gün  artıq “e-Gov” (“MyGov”) və “Asan Login”, “Asan Finans”, “AsanPay”, “AsanVisa”, “e-Agro”, “e-satınalma”, “e-sosial” kimi layihələr həyata keçirilir.

“Elektron-hökümət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün ilk əvvəl layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi və ötürülməsi zəruridir. Sosiumu təşkil edən hər bir vətəndaş layihədən xəbərdar olmalı, elektron xidmətdən istifadəyə biganə yanaşmamalıdır. Nəzərə almaq lazımdır ki, layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasib asılılığı, şəffaflığına nail olunmasına istiqamətlənmişdir. 

E-Hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, “E-hökumət” dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarına yol verilməsi, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir. Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini də vurğulamışdır. Günümüzdə korrupsiyaya qarşı mübarizə və şəffaflıq siyasətinin tətbiqi üçün əsas element elektron hökumətdir. E-hökumət vətəndaş-məmur arasındakı əlaqəni minumuma endirdiyi üçün faktiki olaraq korrupsiya ehtimalını da zəiflədir, dövlətlə vətəndaş arasında şəffaf dialoqu təmin edir, məmurların hesabatlılığını artırır, operativ nəzarət mexanizmi olduğundan rəsmi prosedurların daha sürətli və qanuni həyata keçirilməsinə şərait yaradır.  Faktiki olaraq bürokratik əngəl yaradan amil olmur və vətəndaş artıq heç bir maneə olmadan zəruri məlumatları əldə edir. E-hökumətin imkanları dövlət idarəçiliyini də səmərəli edir, idarələrarası əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. E-hökumətin əsas rolu vətəndaş-məmur əlaqələrini sıfıra endirmək, fərdi yanaşmanı aradan qaldırmaq və korrupsiyanın baş tutma ehtimalını minimallaşdırmaqdır. Azərbaycan Respublikası üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq bu sahədə mövcud olan normativ-hüquqi bazasını təkmilləşdirir, qabaqcıl dövlətlərin təcrübəsindən maksimum yararlanmağa çalışır.

30 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.

Azərbaycan hal-hazırda şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının üzvünə çevrilmişdir. Bununla belə Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövründədir. Belə bir şəraitdə elektron-hökumətin gələcəyə doğru istiqamətlənən praqmatik tətbiqi üçün vacib hesab etdiyim aşağıdakı amilləri sadalamaq istərdim:

  • “E-hökumət”in gözləntilərinin reallaşması, zəruri nəticələrin əldə olunması yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətinə daxil olmamalıdır. “E-hökumət” quruculuğu altında bütün dövlət strukturlarının vahid, rasional aktivliyi ehtiva olunur. Çünki elektron hökumət bütün ölkə vətəndaşlarının rifahını nəzərdə tutur. Bu amil isə dövlət qurumlarının birgə fəaliyyət mübadiləsi həyata keçirməsini zəruri edir;
  • Xarici dövlətlərinin təcrübəsinə müraciət etməklə “e-hökumət” sisteminin mənimsənilməsi dövlət mənafeyi çərçivəsində reallaşmalı, “milli elektron-hökumət modeli” formalaşmalıdır;
  • “E-hökumət” modelinin formalaşması vətəndaş-dövlət əlaqələrinin maksimum təmasını zəruri edir. İctimai şüurda  dövlətə qanunlar verən, qanunların icrasına nəzarət edən üst qurum kimi baxılması stereotipinin sındırılması, qarşılıqlı mübadilə çərçivəsində vətəndaş rifahının təmininə çalışan qurum kimi yanaşılması təəssüratı formalaşmalıdır.

 “E-hökumət” gələcəyə istiqamətlənmiş rasional, praqmatik və məqsədyönlü  bir amaldır və müasir dövrün reallığıdır. Ölkəmizdə “Elektron hökumət” quruculuğunun qısa müddət üçün əldə olunan uğurlu nəticələri layihənin perspektiv gələcəyinə zəmin yaradır. Elektron hökumət quruculuğu bürokratiyanın aradan qaldırılması və şəffaflığın təmin olunmasına təkan verəcək. Bu istiqamətdə həyata keçirilən islahatları daha da təkmilləşdirməklə uğurlu nəticələr əldə etmək mümkün olacaqdır.

                                                                                                          Nailə Tağızadə

2022-02-16 / 11:37
Facebook