Ermənistanın mina terroru

 

Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq hələ də Ermənistanın mina terroru davam edir. Hər ay vətəndaşlarımız bu terrorun qurbanı olur, ya sağlamlıqlarını itirirlər, ya da ki həyatlarına son qoyulur. İndiyədək mina qurbanlarının sayı 200-ə yaxınlaşıb və durmadan artmaqda davam edir. Qeyd edək ki, bu minalar həm münaqişə vaxtı yerləşdirilib, həm də ki ermənilərə torpaqlarımızı tərk etmək üçün humanistcəsinə vaxt verdiyimiz müddətdə yerləşdirilib. Məğlubiyyətlə barışa bilməyən ermənilər öz xislətlərindən geri qalmamış, son ana qədər Azərbaycana qarşı terrorist fəaliyyətlərini həyata keçirmişlər. Azərbaycan dəfələrlə bununla bağlı dünyaya çağırış edib İrəvandan mina xəritələrini tələb etsə, beynəlxalq birlikdən Ermənistana təzyiqlərin artırılmasını istəsə də yenə ikili standartların şahidi oluruq.

Ermənilər hər zamankı riyakarlıqlarına sadiq qalaraq mina xəritələrində də saxtakarlığa əl atıblar. Belə ki, Ağdam, Zəngilan, Füzuli bölgələrinin mina xəritələri Azərbaycana verilsə də, bu xəritələrin dəqiqlik səviyyəsi cəmi 25 faizə yaxındır. Son vaxtlar Ermənistanın təqdim etdiyi digər ərazilərdəki mina sahələrinin formulyarlarının da etibarsız, yararsız və qeyri-dəqiq ola biləcəyinə dair mütəxəssislər tərəfindən ehtimallar səslənməkdədir. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın təqdim etdiyi mina xəritələri ilə bağlı 8 dekabr 2021-ci il tarixində verdiyi açıqlamada bildirmişdi ki, mina sahələrinin formulyarlarında, adətən, ərazinin koordinatları, basdırılmış minaların növləri, sayı, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur: “Lakin bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur”.

ANAMA-nın verdiyi məlumatlardan aydın olur ki, ermənilər “sürpriz” minalardan daha çox istifadə ediblər. “Sürpriz” minalar dedikdə tank əleyhinə və digər minaların zərərsizləşdirilməsini mümkünsüz edən qurğu kimi nəzərdə tutulur. Bundan başqa, onlardan “əlavə yükdən azad olunma zamanı işə düşən mina tələsi” kimi istifadə etmək mümkündür. Bu metod əvvəlcə tank əleyhinə, onun üzərində isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. Təlimatlar “sürpriz” minaların təmizlənməsini qadağan edir, çünki minatəmizləyənin həyatı üçün çox təhlükəlidir. Belə ki, tank əleyhinə (və ya digər) minanı quraşdırıldığı yerdən çıxarmağa cəhd edəndə ilk növbədə alt hissədə yerləşdirilən “sürpriz” mina partlayır, bu da öz növbəsində üst tərəfdə yerləşdirilən əsas minanın partlamasına və ikiqat zərərin yaranmasına səbəb olur. Mütəxəssislərə görə, sürpriz-minaları döşəmək üçün xüsusi hazırlıq lazımdır. Çünki bu proses çox təhlükəlidir və hər hərbçi bunu bacarmaz. Əks halda, onu qoyanın özünü mina partlada bilər. Ekspertlər həmçinin bildirirlər ki, “sürpriz” metodu ilə basdırılan minaların partlaması zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı sıfıra bərabərdir. “Sürpriz” minaya düşənin hətta tikələrini toplamaq da çox vaxt mümkün olmur… Minanın daha çox insan tələfatına səbəb olması üçün qəsdən belə şəkildə quraşdırılması Ermənistanın beynəlxalq konvensiyaları pozması və insanlıq əleyhinə cinayətini davam etdirməsidir. Bu, Ermənistan dövlətinin terrorist fəaliyyətinin bariz nümunəsidir. Hətta son zamanlar məlum olub  ki, minalar işğaldan azad edilmiş rayonların qəbiristanlıqlarında da basdırılıb. Yəni mənfur düşmən mərhum həmyerlilərimizdən belə qisas alıb, onları rahat uyumağa qoymayıblar. Məqsəd insanların həlak olan yaxınlarının məzarını ziyarət edərkən, yaxud da dağıdılmış məzarlıqlar bərpa olunarkən minaların işə düşməsidir. Ermənistan belə analoji cinayətlərindən birini  Laçın rayonunun Qaragöl və Cinliqöl göllərinin işğaldan azad olunmuş strateji yüksəkliklərinə, eləcə də Ermənistanla dövlət sərhədində yerləşən Kilsəli dağlarına aparan yeni avtomobil yolu yaxınlığında yerləşən Minkənd kənd qəbiristanlığında törədib. Ermənistanın hərbi-sənaye kompleksinin istehsalı olan piyada əleyhinə minalar qəbiristanlığın mərkəzi cığırına, dağılmış qəbirlərin yaxınlığına və onların aşağı hissələrinə düzülüb. Minkəndi ilk ziyarət edənlərin bəxti onda gətirib ki, qəbiristanlığa yeni yolun kənarındakı kəsə cığırla yaxınlaşıblar. İşğalçılar köhnə girişi bütün perimetri boyunca və bəzi keçidləri minalayıblarmış. Əgər qəbiristanlıqda bir tülkünün minanı basması nəticəsində partlayış baş verməsəydi, erməni terrorçularının bu məkrli planı heç kəsin ağlına gəlməyə bilərdi. Qeyd edək ki, qəbiristanlıq ərazisində 30-dan çox piyada əleyhinə mina və təzyiqli minaların basdırılması üçün nəzərdə tutulmuş 1 ədəd qurğu zərərsizləşdirilib. Qurğu kənd qəbiristanlığı ərazisinə uzaq məsafədən atılıb. Bütün digər piyada əleyhinə minalar ümumi qaydalara zidd olaraq, utilizasiya sahəsindən çıxarılaraq, məhv edilib. Bu əməliyyat qəbirlərə zərər vurmamaq üçün xüsusi olaraq həyata keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin kənd ərazisindəki qəbiristanlığın minalardan təmizlənməsi ilə məşğul olan mühəndis-texniki bölməsi mühəndislərinin ekspert rəyinə əsasən, Minkənddə tapılan mühəndis sursatlarının işarələnməsi onu göstərir ki, aşkar edilmiş bütün minalar Ermənistan hərbi sənaye kompleksinin müəssisələrində istehsal edilib və trotili az olduğundan zəif partlayıcı gücə malikdir. Buna baxmayaraq, "qara dul" adlandırılan xain mina ayağın bir hissəsini qopararaq, qurbanını şikəst etmək qabiliyyətini saxlayır. Erməni terrorçuları minaları quraşdırarkən mina detektorlarının minaları tapmasını çətinləşdirmək üçün onların rezin qapaqlarını saxlayan dəmir dirsəkləri çıxarıblar. Bu cinayət hiyləsi belə onların əsl simalarını dünyaya göstərmək üçün bəs edir. Lakin dünya birliyi həmişəki kimi susqun mövqeyində davam edir …

Qeyd etmək lazımdır ki,  minaların genişmiqyaslı yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-ci ildə BMT çərçivəsində “Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçə bilməyən hesab edilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında” Konvensiya və onun 1, 2, 3 saylı protokolları daxil olmaqla qəbul edilib. Bu konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var. 1997-ci il 18 sentyabr tarixində isə Kanadanın paytaxtı Ottava şəhərində “Piyadalar əleyhinə minaların tətbiqinin yayılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya qəbul edilib. Bu konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib, hazırda bu beynəlxalq sənədin iştirakçısı olan dövlətlərin 164-dür. Ermənistan bu konvensiyaları imzalamayıb və ratifikasiya etməyib.  Buna baxmayaraq, hər iki konvensiya beynəlxalq hüquqa əsaslandığından onların müddəaları mütləq formada həyata keçirilməlidir. Cenevrə Konvensiyalarının  1 saylı protokolunun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndində nəzərdə tutulur ki, mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsi qəti qadağandır, beynəlxalq humanitar hüququn pozuntusudur və müharibə cinayəti kimi qiymətləndirilir. Lakin Ermənistan bütün bu beynəlxalq hüquq və prinsiplərə baxmayaraq, öz cinayətkar əməllərini davam etdirir.

Prezident İlham Əliyev 4 fevral 2022-ci il tarixində Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşündə də bu məsələyə toxunaraq bildirdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan Ermənistanın təxribatlarına qarşı mübarizə apararaq işğaldan azad edilmiş əraziləri minalardan təmizləmək istiqamətində fəaliyyətini uğurla davam edir. Bu işdə bir çox dövlətlər o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya və ABŞ kimi ölkələrdən Azərbaycana dəstək də mövcuddur. Təkcə 2022-ci ilin yanvar ayında Türkiyə və Azərbaycan mina təmizləyənləri tərəfindən 5 236 kvadratmetr və ümumilikdə 132 kvadrat kilometr ərazi mina və əldəqayırma partlayıcılardan təmizlənib. Tərəfdaşlıq çərçivəsində 1630 azərbaycanlı mütəxəssis hazırlanıb.

Bu gün dövlətimizin ümdə məqsədi öz imkanlarını səfərbər edərək insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan minatəmizləmə prosesini mümkün qədər qısa müddətdə başa vurmaqdır. Ermənilər hər vəchlə mina məsələsindən bir şantaj aləti kimi istifadə etməyə çalışır. Onların  əsas istəyi işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Hətta vaxtilə Ermənistan ordusunda yüksək vəzifə tutmuş, hazırda ABŞ-da yaşayan, polkovnik Koryun Qumaşyan öz açıqlaması ilə ölkəsinin cinayətkar mahiyyətini ortaya qoymuşdu. Açıqlamada deyilirdi: "Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mina xəritəsini təqdim edək".

Azərbaycanın sistemli fəaliyyəti, bu istiqamətdə atdığı praqmatik addımlar  ermənilərin planlarını puç edir. Bu il üçün tərtib edilən tədbirlər planına əsasən, işğaldan azad edilmiş ərazilərdə 40 min hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulub. Ancaq hər bir halda mina xəritələrinin dəqiq versiyası Azərbaycana təhvil verilməlidir. Bunun üçün beynəlxalq birlik tərəfindən Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, erməni terroru cəzasız qalmamalıdır. Mövcud faktlar əsasında dövlət səviyyəsində terror dəstəkləyən Ermənistanın məsuliyyətə cəlb olunması üçün hüquqi prosedurlara başlamalı, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər, minaların təmizlənməsinə xərclənən vəsait də İrəvandan tələb olunmalıdır.

                                                                                                         Nailə Tağızadə

2022-02-12 / 11:04
Facebook