15 iyun 2021-ci il tarixi ilə Azərbaycan-Türkiyə əməkdaşlığında yeni bir səhifə açıldı. Bu gün həm Azərbaycan, həm də Türkiyə tarixində əhəmiyyətli gün kimi qalacaq. Bu günü əlamətdar edən bir sıra məqamlar vardır. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Təsadüfi deyil ki, Qarabağın ilk qonağı da məhz qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmalı idi. Qarabağın beşiyi, mənəvi dəyərimiz olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Bu tarixi anı unudulmaz edən digər bir məqam isə Şuşa bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi idi. Bu səbəbdəndir ki, Şuşa Bəyannaməsini imzalayarkən Prezident İlham Əliyev bu məqamı xatırladaraq qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin qarantı qismində çıxış etdi.
Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biridir. Bu bəyannamə ilə regionda yeni bir geosiyasi konfiqurasiya yarandı. Saziş hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib. Bəyannamə Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqliyi rəsmi şəkildə bəyan etdi. Sənəddə ilk olaraq 1921-ci il Qars müqaviləsinə istinad edilir və göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa dayanan və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar. Bəyannamədə vurğulanır: "Tərəflər ... 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq" milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsinə xüsusi önəm verirlər. Bu fikir artıq iki ölkənin əlaqələrinin məzmunu və strategiyasını müəyyən edən həmin iki sənədin əhəmiyyətini göstərir.
Bəyannamədə ən çox diqqət çəkən və bəzi qüvvələr, xüsusilə erməni şovinistləri tərəfindən xüsusi narahatlıqla qarşılanan məqam iki ölkənin hərbi sahədə əməkdaşlıq və müttəfiqliyini elan etməsi, hər hansı birinin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqları ilə bağlı müddəanın əks olunmasıdır. “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır” – deyə Bəyannamədə yazılıb. Bu müddəa həm Ermənistanda mövcud olan revanşist qüvvələrə, həm də qonşu dövlətlərə yönələn bir mesajdır. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və bu mütəffiqlik yalnız iqtisadi-siyasi amillərlə deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansısa bir təhdid olacağı təqdirdə Türkiyə bizim tərəfimizdə hərbi dəstəklə olacaqdır. Bəyannamədə həmçinin vurğulanır ki: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.
Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”.
Bəyannamədə öz əksini tapan digər bir vacib amil isə iqtisadi sahədə əməkdaşlıqla bağlıdır. Bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaqdır. Bəyannamədə qeyd olunur ki: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.
Şuşa Bəyannaməsi, həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və s. geniş şərait yaradacaq. Sazişlə Cənub Qaz Dəhlizinin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionlarla əlaqəsi bərpa olunacaq.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Şuşa Bəyannaməsinin imzalanması iki ölkə vətəndaşlarının, şirkətlərin turizm sahəsindəki əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xüsusi aktuallıq kəsb edən informasiya siyasəti və lobbiçilikdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlərin aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi bu il fevralın 1-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olundu. Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə də təqdim edildi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun imzası ilə təqdim edilən qanun layihəsi Xarici Əlaqələr Komitəsinə göndərildi. 3 fevral tarixində Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib. Bununla da, Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisi tərəfindən də təsdiqini tapdı.
Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat dəhlizləri layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bu tarixi qardaşlığın mahiyyətini açıq şəkildə ifadə edir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk”. Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə əməkdaşlığını daha da gücləndirəcək və dərinləşdirəcək. Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır.
Nailə Tağızadə