Gəncə Memorial Kompleksinin yaradılması böyük mənəvi əhəmiyyət daşıyır

 

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində ermənilər öz xislətlərinə xas olan terror əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənəvi müstəviyə uyğun deyildi. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı. Bu dövrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdi. Bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu 5 oktyabrda baş vermişdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktybarın 8-də baş vermiş, həlak olan və yaralanan olmamışdı. 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 02:00 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri dördüncü dəfə hücuma məruz qaldı. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid oldu, 35 nəfər yaralandı. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat etdi. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi. 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Gəncə beçinci dəfə ballistik raket atəşinə tutuldu. Hücum nəticəsində hamsı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdı.

Mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi düşmənin əsl xislətini ortaya qoyurdu. Belə ki, bu hücumlar daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanmasına istiqamətlənmişdi. Ümumilikdə, Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və digər ərazilərə hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 94 mülki şəxs şəhid olub, 454 mülki vətəndaş yaralanıb.

Prezident İlham Əliyev xalqa müraciətində bu terror hadisələri ilə bağlı xüsusi vurğulayırdı ki, bu günahsız insanları və mülki obyektləri Ermənistanın raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir.

Terrorizmin dini, irqi yoxdur. Terrorizm bütün insanlığa, mənəviyyata ləkədir. Ona qarşı mübarizə yolu birlikdir. Lakin bu birlik bəzi dairələrin amalına xidmət etmədiyi üçün bu cür dəhşətli faciələrə diqqət ayrılmır. Çox təəssüf ki, Vətən müharibəsində Ermənistanın dinc sakinləri qətlə yetirməsinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Maraqlıdır ki, 30 ilə yaxın müddətdə Azərbaycan ərazisi işğal altında qalıb, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, bütün hüquqları kobud şəkildə pozulub, onların bütün problemləri ilə Azərbaycan hökuməti özü məşğul olub, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilməyib. Beynəlxalq təşkilatlar açıq şəkildə öz öhdəliklərini yerinə yetirməyiblər. Azərbaycan öz gücü ilə bu işğala son qoyub, erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazisini azad etdikdə isə Avropa Birliyi təcavüzkar Ermənistana külli miqdarda maliyyə vəsaiti ayırır, Azərbaycana isə demək olar ki, cüzi məbləğ nəzərdə tutulur. Bu dərəcədə ədalətsizlikdən sonra dünya birliyindən biz hansı obyektivliyi gözləməliyik?!

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. 2021-ci il 27 sentyabr tarixində – Anım Günündə Bakı şəhərində təşkil olunan yürüşdə Birinci xanım Mehriban Əliyevanın 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası, həmçinin yaxın qohumları ilə birlikdə şəhid olan 10 aylıq körpə - Narin Xalıqovanın  fotosu əks olunmuş plakatla irəliləməsi bütün dünyaya erməni vəhşiliyini, terrorunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində terror nəticəsində dağıdılmış ərazidə  Gəncə Memorial Kompleksinin təməlini qoydu. Qeyd edək ki, belə bir kompleksin yaradılması sosial tələbat idi. Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır. Yaşanan hadisələrin yaddaşlarda saxlanılması, yaşadılması üçün belə bir kompleksin təməlinin qoyulması mənəvi əhəmiyyətli bir addımdır. Kompleksin yaradılması Ermənistanın təcavüzkar siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Gəncə Memorial Kompleksində erməni vəhşiliyini, terrorunu unutmamaq, gələcək nəsillərə çatdırmaq və bütün dünyaya nümayiş etdirmək üçün dağıdılmış binalar olduğu kimi qalacaq. Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verən dövlət başçısı bildirdi ki: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik”.

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub. Erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq  əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.

44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq, Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaq! Qarabağ Azərbaycandır!

                                                                                                     Nailə Tağızadə

2022-02-02 / 19:06
Facebook