Heydər Əliyev Fondu: Azərbaycan reallıqlarının təbliğinə töhfə

 

No description available.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Regional lider olaraq xarakterizə olunan Respublikamız beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Regiondakı irimiqyaslı layihələrin dövlətimizin iştirakı olmadan reallaşması mümkün deyildir. Müasir Azərbaycan dünya xəritəsində öz yerini təsdiqləmiş və dinamik inkişaf yoluna qədəm qoymuş dövlətdir.

Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Danılmaz faktdır ki, yeni dünya nizamı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, milli maraqların qorunmasında QHT-lərin rolunu önə çəkir.  Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Məhz 18 ilə yaxın dövrü əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir.

No description available.

Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla həm də beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir.

No description available.

Heydər Əliyev Fondu zəngin tarixə malik mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində perspektiv fəaliyyət nümayiş etdirir. Fondun dünya mədəniyyətinə və Azərbaycanın milli-mədəni irsinin dirçəlməsinə, habelə muğamın inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanmalıdır. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xüsusi diqqəti nəticəsində muğamımızın canlanması müşahidə olunmuş,  Azərbaycan muğamı  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq bu siyahıda qədim aşıq sənətimiz və Novruz bayramımız da yer almışdır. Hər il Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan beynəlxalq muğam müsabiqəsi muğama verilən əvəzsiz qiymətin göstəricisidir. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Mehriban Əliyevanın təşəbbüsü əsasında yaradılmış Beynəlxalq Muğam Mərkəzi mədəni irsimizin qorunması istiqmətində atılmış əvəzsiz xidmətdir. Azərbaycan ədəbiyyatı və musiqi ənənələrinin beynəlxalq aləmdə tanınması, mədəniyyətimizin dünyəvi təbliği, incəsənət xadimlərimizin, Azərbaycanın qədim və zəngin mədəniyyət tarixinin tanıdılması Fondun fəaliyyətinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Fondun xaricdəki layihələrinə Strasburqda kilsənin restavrasiyasina 1,5 milyon avro ayrılması və Vatikanla Romadakı bəzi abidələrin restavrasiyasi üçün imzalanan memorandumu və s. göstərmək olar. Mədəniyyətlərarası əlaqələrin genişlənməsi, beynəlxalq konfransların, simpoziumların keçirilməsi, o cümlədən dinlərarası əlaqələr, Şərqlə Qərbin və Şərqlə Avropanın, islam dünyası ilə xristian dünyasının yaxınlaşmasına verdiyi xüsusi töhfələrə görə də Heydər Əliyev Fondunun işini uğurlu saymaq olar.

No description available.

Uşaqlara və ahıllara göstərilən nəvaziş, onlar üçün tikdirilən və təmir olunan çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur.  Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək,  insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması, həmçinin xarici dövlətlərlə əlaqələrin genişlənməsi məqsədilə ( Pakistanda qızlar məktəbinin, Sarayevoda Dostluq parkı, Həştərxanda Dostluq körpüsünün və s. tikilməsi) görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir. "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilmişdir. Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”  proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.

No description available.

Qarabağla bağlı həqiqətləri əks etdirən nəşrlər, “Xocalı soyqırımı”nın tanıdılması və təbliği çərçivəsində görülən işlər Fondun aparıcı fəaliyyət istiqamətini təşkil edir. Torpaqlarımızın işğalı dövründə "Qarabağ xanəndələri" adlı azərbaycan, ingilis, rus, fransız dillərində olan musiqi albomunun, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Qarabağ həqiqətləri" silsiləsinin, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində  “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu” , “Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Azərbaycanın ayrılmaz guşələrindən biri olan Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm vasitə olmuşdur. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti  nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Fond Xocalı soyqırımı ilə bağlı 100-dən artıq materialın xaricdə sərgisini təşkil edib. Azərbaycan mədəni irsinin düşmən tərəfindən tapdalanması, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər xaricdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyasının ötən dövrlər ərzində uğurlu təbliğatı nəticəsində aksiyaya dünyanın əksər ölkələrindən yüzlərlə könüllü qoşulub. Bu təbliğat yalnız Xocalı soyqırımının dünyaya tanıdılması ilə kifayətlənmir, ümumiyyətlə, təcavüzkar erməni siyasətinin obyektiv tanıtımı ilə bağlı aktiv iş aparır. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə, 2008-ci ildən etibarən başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ekspertləri tərəfindən dəstəklənmişdir. Həmçinin, 26 fevral - Xocalı soyqırımı gününün İƏT ölkələrində humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar da "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasının gərgin əməyi nəticəsində qəbul olunmuşdur. Bu gün də Fond bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Artıq regionda ölkəmizin zəfəriylə yaranmış yeni reallıqlar fonunda Fond Azərbaycanın haqlı mövqeyinin çatdırılması istiqamətində çoxşaxəli işlər görür.

No description available.

Hazırda Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarımızda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi həyata keçirilir. 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu.  Bundan sonra hər il “Xarıbülbül” festivalı Şuşada keçiriləcək.  2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir.

No description available.

Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra çıxışı zamanı Heydər Əliyev Fondunun da xeyriyyəçilik fəaliyyətinə toxunmuşdur: " ... Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında heydər əliyev fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə ikinci qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır”.

Bütün bu fəaliyyət istiqamətləri Fondun reallaşdırdığı kompleks tədbirlər sisteminin əsas məcmusudur. Ümumilikdə isə Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur.

Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. 18 ilə yaxın tarixi dövrü əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış etmiş, subyektiv rəy və təhriflərin əsassızlığını sübut etmişdir. Azərbaycanın xarici siyasətinin uğurla reallaşmasında  Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.

                                                                                                       Nailə Tağızadə

2022-01-30 / 12:25
Facebook