Fransanın tükənməyən erməni sevgisi

 

No description available.

Özünü demokratiyanın carçısı və müdafiəçisi kimi təqdim edən Fransa illərdir Minsk qrupunun həmsədri olmasına baxmayaraq erməni sevgisini gizli şəkildə biruzə verirdi. 44 günlük zəfərimizdən sonra Fransanın erməni təəssübkeşliyi açıq şəkildə nümayiş olundu. Qələbəmizi həzm edə bilməyən fransızlar hər vəchlə erməni separatçılarına dəstək olmaqla münaqişəni yenidən alovlandırmağa çalışır. 10 noyabr bəyanatından sonra Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu, Fransanın yüksək vəzifəli şəxslərinin ermənilərə dəstəklə bağlı separatçı çıxışları, vaxtaşırı qanunsuz şəkildə Azərbaycan ərazilərinə keçib erməni terroristləri ilə görüşlər keçirmələri – bütün bunlar Fransanın iç üzünü aydın şəkildə açıb göstərir. Bir qrup hakim şəxsin maraq və məqsədlərini reallaşdırması üçün belə təxribatçı əməllərə əl atması beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobudcasına pozulması, həmçinin Fransanın istər ATƏT-in Minsk qrupunun həmsədri, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyəti ilə bağlı suallar doğurur. Belə olan təqdirdə Fransadan hansı bitərəf və ədalətli yanaşmanı gözləmək olar? Biz öz gücümüzə BMT-nin kağız üzərində qalmış Dağlıq Qarabağla bağlı qətnamələrini beynəlxalq hüquq çərçivəsində reallaşdırdıq. 30 ilə yaxın dövr ərzində beynəlxalq səviyyədə tanınmış ərazilərimizin işğal olunmasına, mülki əhalimizin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı Fransa daim susqun mövqe nümayiş etdirmişdir. Hələ torpaqlarımız işğal altında olarkən "Hayastan" ümumerməni fondunun Fransa ofisi tərəfindən Avropa telemarafonu keçirilmiş, toplanan bütün vəsaitlər Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı nəticəsində uzun illərdir beynəlxalq təcriddə olmuş “separatçı Dağlıq Qarabağ” bölgəsində icma mərkəzlərinin tikintisinə ayrılmışdı. Xüsusi vurğulanmalı məqam marafonun Fransanın siyasi xadimlərinin himayəsi altında keçirilməsi idi. Baxmayaraq ki, Fransa Minsk qrupunun üzvü idi. İşğal dövründə Fransanın bir çox tanınmışları - incəsənət xadimləri, ziyalıları, ictimai xadimləri – vaxtaşırı olaraq separatçı quruma səfər edir, “mehriban və səmimi” şəkildə qarşılanırdılar. Müharibə zamanı Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər dəfələrlə aidiyyəti qurumlar tərəfindən Fransanın diqqətinə çatdırılmışdı. 2020-ci il oktyabrın 4-də, müharibə dövründə “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibəsində Prezident İlham Əliyev Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kompaniyasına tutarlı cavab vermişdi: “Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".   Fransa 44 gün ərzində bir dəfə olsun erməni terroristləri tərəfindən qəsdən hədəf alınan mülki obyektləri, mülki əhalini işıqlandırmamış, əksinə hər vasitəylə Azərbaycanı ittiham edən bəyanatlar vermiş, qərəzli fəaliyyət nümayiş etdirmişdi. Bu münasibət Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsidir. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında müsəlmanlara qarşı ayrı-seçkilik və təqiblər həyata keçirilir. Bəzi dairələr İslamı gözdən salmaqda, onu qorxu və vəhşət dininə çevirməkdə maraqlıdır. Fransanın Daxili İşlər naziri (2014-2016), Baş naziri (2016-2017) olmuş Bernard Kaznövün (Bernard Cazeneuve) “nifrət yayan məscidləri” bağlayacaqları ilə bağlı açıqlaması Fransanın islamofob mövqeyini rəsmi şəkildə nümayiş etdirir.

No description available.

18 noyabr 2015-ci il  tarixində reallaşan UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edən Prezident İlham Əliyevin “İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir” ifadəsi belə bir mötəbər tədbir üçün İslamın müdafiəsi idi. Prezident çıxışında;  “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm” deməsi terrorun yalnız İslamla əlaqələndirilməməsi, xristian dinini təmsil edən ermənilərin də tarixən terror törətdiklərini, lakin Azərbaycanın bunu xristian terroru kimi deyil, erməni terroru kimi qəbul etdiyinə işarə idi. Çünki terrorun dini olmur. Əks halda Azərbaycan illərdir, çox uzağa getməyək elə keçən əsrin əvvəllərində törədilən “Xocalı faciəsi”ni xristian terroru olaraq dünyaya yaya bilər, yanlış münasibət formalaşdıra bilərdi.

Unutmaq olmaz ki, bəşəriyyət tarixində mövcud olan ən qanlı soyqırımların müəlliflərindən biri də Fransadır. Fransa tarixən insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir. Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv edən Fransa indi hansı haqla özünü “insan haqlarının və demokratiyanın vətəni” sayır? Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır. 

No description available.

Son vaxtlar yenə Fransa siyasi dairələrinin cəfəng fikirləri, bəyanatları və fəaliyyətləri güdəmdədir. 2022-ci ilin 10 aprelinə təyin edilən prezident seçkilərinə namizədlər Ermənistana getmək üçün “rəqabət” içərisindədilər. Bu posta namizəd olan Erik Zemmur və Valeri Pekres Ermənistana seçkiqabağı ilk səfərlərini artıq reallaşdırıblar. Öz siyasi məqsədlərinə çatmaq üçün erməni lobbisindən istifadə edən və bunu pərdələyərək müharibədən sonra erməni xalqına dəstək nümayiş etdirmək adı altında səfər reallaşdıran namizədlərin ədalətsiz mövqeləri indidən bəllidir.  Bu səfərlərin məqsədi, təbii ki, aydındır. Erməni Diasporu üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Fransadakı erməni icması 600 minə yaxın insanı əhatə edir ki, onların da 400 mini seçici hüququna malik şəxslərdir. Ermənistanın 44 günlük müharibədə məğlub olması dünyadakı ermənilərlə yanaşı, təbii ki, Fransadakı erməniləri də məyus edib. Bu səbəbdən də Fransada prezidentliyə namizədlər Ermənistana tez-tez baş çəkərək bu səfərləri seçki zamanı səsə çevirmək istəyirlər.

Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekres Ermənistan səfərini daha da genişləndirərək bir qrup fransız siyasətçi ilə birgə 2021-ci ilin 22 dekabr tarixində Xankəndiyə qanunsuz səfər həyata keçirdi. Bu isə haqlı olaraq Azərbaycanın narazılığına səbəb oldu. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir ki, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır. Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edildi. Pekresin adı isə Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edildi.

Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri  Fransanın bəyan etdiyi Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək niyyətinə heç cür uyğun gəlmir.  2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirdi ki, səfərin məqsədi növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: “Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək". Dövlət başçısı: “... Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var. Bilirsiniz, siyasətdə mən həmişə onun tərəfdarı idim ki, emosiyalara qapılmayım və emosiyaları siyasətlə heç vaxt qarışdırmaq olmaz. Bizim müharibədəki davranışımız da bunu göstərirdi. Gəncə, Tərtər, digər şəhərlər bombalanandan sonra biz eyni cavabı vermədik. Halbuki, siz də başa düşürsünüz ki, mən hansı hissləri keçirirdim. Eyni zamanda, beynəlxalq müstəvidə, indi necə deyərlər, Fransa başa düşür ki, səhv addım atıb, heç nə əldə etməyib. Sadəcə olaraq, öz addımları ilə və müharibədən sonrakı addımlarla Azərbaycan ictimaiyyətinin inamını itirib. Nəticə etibarilə, bax, Ermənistan hakimiyyəti onlara belə nankorluq göstərib. Azərbaycan isə faktiki olaraq, öz yolu ilə davam edir. Ona görə münasibətlərin normallaşması istiqamətində Fransa tərəfindən atılan addımlar bizim tərəfimizdən müsbət qarşılanır", - deyə vurğulayıb.

No description available.

Valeri Pekres Ermənistan səfəri zamanı “Erablur” panteonunda erməni separatçıların məzarlarını da ziyarət edib. Onun burada qarşısına gül qoyduğu məzarlardan biri isə daha çox diqqət çəkib. Belə ki, sözügedən məzarın üzərində faşizmin rəmzi hesab olunan svastika işarəsi olub. Ermənistanın faşistləri və faşizmin qəhrəmanlaşdırılmasını uzun illərdir təbliğ etməsi demək olar ki, hər kəsə bəllidir. Lakin dünyanın hazırda bu problemə qarşı mübarizə apardığı bir zamanda Fransada prezidentliyə namizəd olan rəsmi bir şəxsin bu addımı atması haqlı olaraq birmənalı qarşılanmır. Pekres bu addımı Avropada atmış olsaydı onun barəsində cinayət işi belə açıla bilərdi. Ancaq Ermənistandakı bu mənzərə ört-basdır olunaraq başqa məcraya yönləndirildi.

Seçkiqabağı hər cür oyuna gedən, hər cür yola əl atan namizədlər seçki sonrası tamam başqa istiqamətdə fəaliyyət reallaşdıra bilirlər. Bunu biz bir çox dövlətin nümunəsində görmüşük. Fransada da hər zaman namizədlər erməni lobbisini ələ almaq üçün yarışa girir, seçki sonrası isə vəd olunanlar çox vaxt yerinə yetirilmir. Danılmaz faktdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsiylə regionda yeni bir reallıq formalaşdırıb. Aparıcı dövlətlər, o cümlədən Fransa bu yeni reallığı qəbul etməli, regionda etimad mühitinin yaranması üçün çalışmalı, siyasi, iqtisadi, humanitar əlaqələrin bərpası üçün fəaliyyət göstərməlidir. Fransa üçün Cənubi Qafqaz regionunun əsas gücü olan Azərbaycanla əməkdaşlıq daha sərfəli və etibarlıdır. Ona görə də Fransa yeni reallıq mühitində Azərbaycanla əlaqələri genişləndirməyə səfərbər olmalıdır. Çünki yalnız Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər.

                                                                                                  Nailə Tağızadə

2022-01-27 / 21:37
Facebook