20 Yanvar Azərbaycan tarixinə həm qan yaddaşı, həm də mücadilə günü kimi yazılmışdır. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz hesab olunan bu gün yaddaşlardan silinməyən bir iz buraxmışdır. Sovet qoşun hissələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi belə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə onların mübarizliyini daha da artırdı. Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız həmin gün öz qüdrətini, əyilməzliyini və böyüklüyünü, imperial rejimin isə əsl mahiyyətini sübut etdi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1988-ci ildən sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək niyyətləri, separatçılıq hərəkətləri ortalığa çıxanda Kreml birmənalı nümayiş etdirdi ki, o, azərbaycanlıların yanında deyil, haqq işimizi müdafiə etmir. Əksinə, imkan düşən kimi hər vəchlə tarixi Azərbaycan torpaqlarını ermənilərə verməyə çalışır. 1990-cı ilin 20 yanvarında əliyalın kütlə küçələrə çıxaraq bu siyasətə etiraz edir, öz haqqını tələb edirdi. İmperiya ədalətli mövqe tutmaq, bu haqqı Azərbaycan xalqına vermək əvəzinə, silahsız əhalinin üzərinə ağır zirehli texnika yeritdi. Bu hadisədən sonra xalqımız SSRİ adlı imperiyaya birmənalı olaraq nifrət etdi. Xalqımız dərk etdi ki, bu imperiya və ordu bizim deyil, Azərbaycan ərazisi imperiya ordusu tərəfindən işğal olunub.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Bakıda və ətraf rayonlarında ümumilikdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında 841 nəfər qanunsuz həbs edildi, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmışdi. “Los Angeles Times” qəzetinin 23 yanvar 1990-cı ildə dərc olunan sayında yazılırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”. Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü.
Xalq o günlərdə böyük bir acı gerçəkliyi - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən o vaxtlar Moskvada yaşayan Heydər Əliyev oldu. Məhz bu çətin anlarda xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində təşkil olunan etiraz yığıncağında 20 Yanvar faciəsinə siyasi qiymət verərək demişdir: “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi”. Ümummilli liderin bu sözləri həmin dövrdə çox böyük siyasi əhəmiyyət daşıdığı kimi, xalqın azadlıq mübarizəsinə də dəstək vermişdi. Məhz bu mübarizə nəticəsində xalqımız uzun illər arzusunda olduğu hürriyyətə qovuşdu. Elə həmin ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. 1993-cü ilin ikinci yarısında ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini tapmış oldu. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi və bunun ardınca baş verən hadisələri tanınmış amerikalı politoloq Paul Goble bir kəlməylə belə təsvir edib: "Sovet İttifaqının öldüyü yer və gün". Moskvadakı rəhbərlik o dövrdə Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycana hərbi qoşun yeritməklə yerli əhalinin Sovet imperiyası mərkəzinə göstərdiyi loyallığının üstündən xətt çəkmiş oldu. 29 yanvar 1990-cı il tarixində “The Times” qəzetində yazılırdı: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”. Bir çox ekspertlər, mütəxəssislər də SSRİ-nin məhz Bakıda 1990-cı ilin yanvarında can verdiyini vurğulayır. Bu hadisə SSRİ-nin süqutunu sürətləndirdi və ittifaqa daxil olan digər dövlətlərdə də azadlıq qığılcımlarına təkan oldu. Qanlı faciənin baş verməsindən artıq 32 il keçməsinə baxmayaraq, bu cinayəti törədən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb və çox təəssüf, bir çox beynəlxalq təşkilatlar bu günədək susurlar. Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünya birliyi ikili standartlar fonunda belə bir ağır cinayətin unudulması üçün hərtərəfli fəaliyyətsizlik nümayiş etdirmişdir.
20 Yanvar hadisələri qurbanlarının ailə üzvləri, bu hadisələrdən ziyan çəkənlər dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamənin 2-ci bəndinə əsasən “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Sonradan aparılan araşdırmalar, qanunvericiliklə əldə edilmiş sənədlər əsasında daha 10 nəfərin Qanlı Yanvar hadisələri zamanı şəhid olduqları müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli Sərəncamı ilə iki nəfər Azərbaycan vətəndaşına, 2003-cü il 27 sentyabr tarixli Fərmanı ilə yenə də iki nəfər Azərbaycan vətəndaşına, 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə isə 6 nəfər Azərbaycan vətəndaşına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Beləliklə, 20 Yanvar şəhidlərinin sayı 147 nəfərə çatmışdır. “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” dövlət başçısının 15 yanvar 2003-cü il tarixli sərəncamına əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Ulu öndərimizin daxili və xarici siyasətini inamla davam etdirərək xalqın arzu və istəklərini reallaşdıran və vətəndaşların hüquqlarının qorunmasının qarantına çevrilən Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 300 (üç yüz) manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Artıq bir neçə ildən bəri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsində 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə müvafiq müavinət məbləğinin nəzərdə tutulması da ölkə rəhbərliyinin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısının ifadəsidir. Hər il respublikamızın bütün şəhər, rayon və kəndlərində qanlı faciənin ildönümünə həsr edilmiş tədbirlər keçirilir, insanlar müstəqillik uğrunda canını fəda etmişləri yad etmək üçün Şəhidlər xiyabanına axışır.
1990-cı ilin 20 yanvarında öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Artıq müstəqillik uğrunda qanlar tökülən həmin gündən 32 il keçir. Biz bu gün də 20 Yanvar faciəsində şəhid olan qəhrəmanlarımızı yad edirik və ötən ildən etibarən artıq bu günü xüsusi qürurla, fərəhlə qeyd edirik. 2020-ci ildə 44 günlük Vətən müharibəsiylə xalqımız yenə bütün dünyaya birliyini, əzmini, qüdrətini nümayiş etdirdi və tarixi Zəfərə imza atdı. Belə bir fikir var ki, şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın milli mənliyi, kimliyi bilinməz. Azadlığı qanı, canı bahasına qazanmayan xalq hər zaman kölə kimi yaşamağa alışar, mübarizədən kənarlaşar. Bizim bu gün bu torpaqlarda rahat, müstəqil yaşamamızın səbəbkarı məhz daim heç bir mübarizədən çəkinməyən, qanı, canı naminə Vətən torpaqlarını müdafiə edən şəhidlərimizdir. Biz çoxmilyonlu azərbaycan milləti, ölkə vətəndaşları Vətənimizdə azad və məsud yaşamağımıza görə onların ruhlarına borcluyuq. Necə deyərlər, “Şəhidlər ölməz, Vətən bölünməz”! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nailə Tağızadə