Azərbaycan-Türkiyə; tarixi dostluq və qardaşlıq nümunəsi

 

No description available.

Azərbaycan–Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyəni bir-birindən ayrılmaz vahid bir gücə çevirmişdir. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu, müdrik  Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Dövlətlərarası əlaqələr isə ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. 1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının təməli qoyulmuşdur. Qeyd edək ki, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Bu 30 il ərzində iki qardaş ölkə arasındakı münasibətlər ən üst səviyyəyədək ucaldı. Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda  qeyd olunub ki: “1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.” Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində paylaşılan təbrikdə isə deyilir: “Bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ilidir. Bu illər ərzində qardaş ölkələr arasında əlaqələr ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb”. Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib ki, Türkiyə bu gün dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümünü qeyd edir. Qeyd olunub ki, Türkiyə vaxt itirmədən Azərbaycan Respublikasını rəsmən tanıyıb və Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası Arasında Yenidən Diplomatik Əlaqələr Təsisi Haqqındakı Protokolun imzalanması ilə iki ölkə arasındakı diplomatik münasibətlər başladılıb: “Müstəqilliyini elan etməsindən sonra Azərbaycanla diplomatik münasibət quran ilk ölkə Türkiyə olub”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə tviter hesabında bu tarixi günlə bağlı: “Kədərdə və sevincdə - həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Bir millət, iki dövlət”, - deyə vurğulayıb.

No description available.

Tarixən Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar, ən ağır dövrlərdə belə qardaş dəstəyini əskik etməmişlər. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının yadelli qüvvələrdən azad edilməsi faktı təkcə özü belə Azərbaycan - Türkiyə qardaşlığının ən parlaq səhifələrindən biridir. Bu, Azərbaycan dövlətçilik tarixində son dərəcə mühüm hadisə olmaqla yeni bir dövrün başlanğıcının təməli oldu.  Bu tarixi hadisənin birinci ildönümündə "Azərbaycan" qəzeti yazırdı: "Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günü sayırıq".

No description available.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanıb. Bu səfərin nəticələri uğurlu oldu, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verildi, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etdi. Ulu öndər Heydər Əliyev deyirdi: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”.

No description available.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi  Türkiyədən aldıq. Ordumuzun əldə etdiyi qələbə qardaş ölkədə çoşğu ilə qarşılandı, ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalandı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam və qətiyyətlə səsləndirdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”

Azərbaycanın təkidli tələbi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması Azərbaycan–Türkiyə qardaşlığının daha bir təzahürüdür. Bununla, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Türkiyə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rola sahib oldu. Azərbaycan–Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. 

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də Bəyannamədə qeyd olunub. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilib. Şuşa  Bəyannaməsi ilə iki dövlət arasındakı əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı.

No description available.

26 oktyabr 2021-ci il tarixində isə Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Füzuli Beynəlxalq Hava Limanına eniş etməsi idi. Bu, 2020-ci il 10 dekabr tarixli Zəfər Paradından və 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidentinin Azərbaycanda qatıldığı üçüncü, Qarabağda isə ikinci möhtəşəm tədbiri idi. Səfər çərçivəsində Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu.  Birgə bəyanatlarında dövlət başçıları Zəngəzur dəhlizinin reallaşmasının vacibliyinə xüsusi toxunaraq, bu dəhlizin bütün bölgə üçün sülh və rifah yaradacağını qeyd etdilər. Rəcəb Tayyib Ərdoğan Qarabağda reallaşacaq layihələrin regional əməkdaşlığı gücləndirməyə xidmət edəcəyini bildirdi: “Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”.

Azərbaycan-Türkiyə birliyi artıq uzun müddətdir ki, qurulub. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bunu bir daha təsdiqləyir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk”. Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyə bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlar. Bu münasibətlər əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə Qarabağımızın bərpası prosesində də burdadır və daim yanımızda olacaq.

                                                                                                        Nailə Tağızadə

2022-01-14 / 15:44
Facebook