Zəfərimizin təntənəsi - “Şuşa İli”

 

No description available.

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi ki: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşa xəbərini gözləyirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi milləti belə düşünməyə vadar edirdi. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunmuşdu: “Şuşasız bizim işimiz yarımçıq qalar”. Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i  tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.

No description available.

Şuşa şəhərinin azad edilməsi hərbçilərimizin daha çox xüsusi təyinatlı hazırlığı və qələbəyə olan dərin inamı ilə səciyyələndirilir. Şuşada heç bir yüksək texnoloji vasitələrdən istifadə edilməyib, sadəcə yaxın döyüşlərdə, əlbəyaxa, bıçaq və fərdi silahların tətbiqi ilə şəhər azad olunub. Hərbçilərimiz sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən dərinliklərə sızma edərək şəhər döyüşlərində özünün şücaətini göstərib. Şuşa alınmaz qala idi. Bu qala pilotsuz uçuş aparatından, dəqiq vuran raket və uzaqvuran artilleriyadan istifadə edilmədən alınıb. Xüsusi təyinatlı qüvvələrimizin göstərdiyi peşəkarlıq, cəsarət, rəşadət nəticəsində Şuşanın azad edilib. Bu hadisə hərb tarixinin ən şanlı səhifələri arasında yer alır. Ali Baş Komandan Şuşa döyüşlərindən danışarkən Azərbaycan Ordusunun şəhəri necə qəhrəmanlıqla işğaldan azad etməsinin təfərrüatlarını açıqlamışdı: "Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır... Deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir".

Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı demək idi. Hər zaman belə bir fikir mövcuddur ki, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir.  Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi bütün dünyaya səs saldı. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirrlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiyini söyləyirlər.

No description available.

Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu.

No description available.

2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli addımdır. Bu qərar Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Çünki Şuşa milli qürurumuzun, mənliyimizin özüdür. Ötən il Şuşada Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olundu. 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu.  Bundan sonra hər il “Xarıbülbül” festivalı Şuşada keçiriləcək.  2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Şuşa İlində bu cür festivalların, mədəni tədbirlərin sayı daha da artacaq. 2022-ci ildə dünya bir daha Şuşanın mədəni-mənəvi baxımdan Azərbaycanın ayrılmaz parçası, xalqımızın tarixi şəhəri olduğunu görəcək. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına qayıdırlar. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında Şuşa İlindən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar.

                                                                                                        Nailə Tağızadə

2022-01-06 / 11:35
Facebook