Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin nümayişi

 

26 oktyabr 2021-ci il tarixində ölkəmiz üçün tarixi günlərdən biri reallaşdı. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Füzuli Beynəlxalq Hava Limanına eniş etməsidir. Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə yalnız Azərbaycanın idarəçiliyini qəbul etdiyini və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir. Bu səfər, həmçinin noyabrın əvvəllərinə hesablanmış sülh sazişinin imzalanmasından öncə rəsmi Bakıya dəstəkdir, eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır.

Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi zəfərindən sonra reallaşan üçüncü səfəridir. 2020-ci il 10 dekabr tarixli Zəfər Paradından və 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu, Türkiyə Prezidentinin Azərbaycanda qatıldığı üçüncü, Qarabağda isə ikinci möhtəşəm tədbiridir. Qardaş Türkiyə Prezidentinin bu açılışda iştirak etməsi  həm də Qarabağın strateji əhəmiyyətini göstərir. Türkiyə liderinin birbaşa Füzuliyə - hava limanına gəlişi həm də İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır. Bununla Türkiyə, - Azərbaycana qarşı təhdidi Türkiyəyə qarşı təhdid - olaraq qəbul etdiyini əyani şəkildə bir daha sübut edir və Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcəyi mesajını çatdırır. Türkiyə liderinin təyyarə ilə birbaşa Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Füzuli Beynəlxalq Hava Limanında ilk xarici səfərin baş tutması böyük turizm potensialı olan Qarabağın xarici ölkələrdə cəlbediciliyinin artması, buraya birbaşa səfər etmək istəyənlərin sıralarının genişlənməsi baxımından önəmli əhəmiyyət kəsb edir. Bu gedişlə bir müddət sonra xarici qonaqlar mədəniyyət paytaxtımız olan Şuşaya, həmçinin digər bölgələrə səfər etmək üçün Bakıya gəlməyə ehtiyac duymayacaqlar.

2021-ci il 14 yanvar tarixində dövlət başçısı tərəfindən Füzuli hava limanının təməli qoyuldu. Təməlqoyma mərasimində çıxış edən ölkə başçısı bildirdi ki: "...  Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil." Dövlət başçısının vədi yenə özünü doğrultdu və çox qısa bir müddətdə - 5 sentyabr 2021-ci il tarixində Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirildi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından havaya qalxan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus nəhəng “Qarabağ” sərnişin təyyarəsi Füzuli Beynəlxalq Aeroportuna eniş etdi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsi ilə yüklər çatdırıldı. 26 oktyabr tarixində isə rəsmi şəkildə hava limanının açılışı baş tutdu. Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi ölkə xaricində hər kəsi heyrətləndirib. Ermənilərin 30 ilə yaxın müddətdə xaraba qoyduqları ərazilərimizdə Azərbaycanın belə qısa bir müddət ərzində xarüqələr yaratması - çoxşaxəli quruculuq işlərinə start verməsi beynəlxalq arenada təəccüb doğurub.

Füzuli hava limanı Qarabağın dünyaya açılan hava qapısına çevriləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Hava limanı həm də bölgənin iqtisadiyyatına ciddi təsir göstərəcək. Qarabağdan dünyanın ayrı-ayrı ölkələrinə birbaşa səfərlərin təşkil edilməsi isə əlavə bir üstünlük sağlayacaq.

Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Təsadüfi deyil ki, səfər çərçivəsində Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Bu isə onu deməyə əsas verir ki, yaxın bir zaman ərzində yeni bir açılış mərasimiylə bütün diqqətləri yenə Qarabağa toplayacağıq. Füzuli aeroportunun qısa bir müddət ərzində reallaşması deməyə əsas verir ki, Zəngəzur dəhlizi də tez bir vaxtda başa çatacaq. Daha sonra liderlər Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyaraq ərazidə ağac əkiblər. Bu, əslində Qarabağdan bütün dünyaya verilən dostluqç qardaşlıq. sülh, rifah mesajıdır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri çərçivəsində dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi də Zəngilanın Ağalı kəndində baş tutdu. Ağalı kəndindən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev bu tarixi səfəri mühüm qiymətləndirərək, dörd ay bundan əvvəl imzalanan Şuşa  Bəyannaməsi ilə iki dövlət arasındakı əlaqələrin rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldığını vurğuladı. Dövlət başçısı bildirdi ki: “Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”. Birgə bəyanatlarında dövlət başçıları Zəngəzur dəhlizinin reallaşmasının vacibliyinə xüsusi toxunaraq, bu dəhlizin bütün bölgə üçün sülh və rifah yaradacağını qeyd etdilər. Rəcəb Tayyib Ərdoğan Qarabağda reallaşacaq layihələrin regional əməkdaşlığı gücləndirməyə xidmət edəcəyini bildirdi: “Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə birliyi artıq uzun müddətdir ki, qurulub. Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat dəhlizləri layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Prezident Ərdoğanın səfəri, həmçinin səfər çərçivəsində həyata keçirilən açılış və təməlqoyma mərasimləri Azərbaycan və Türkiyənin bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlarından xəbər verir. Bu səfər iki ölkə arasında əlaqələrin inkişafına və daha da güclənməsinə öz ciddi təsirini göstərəcək. Bu həm də onu göstərir ki Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə bərpa prosesində də burdadır və daim yanımızda olacaq.

                                                                                                 Nailə Məmmədova

2022-02-01 / 20:31
Facebook