Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur. Bu barədə MGH-nın rəis müavini Bəxtiyar Musayev məlumat verib.
O bildirib ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb:
“Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik”.