"Yaxınları karantinə alınmayıb, ancaq xalq artisti Teymur Mustafayevin testinin pozitiv çıxdığı gündən onunla təmasda olan hər kəsdən yaxma götürülüb".
Bu sözləri açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.
Qurumun sözcüsü bildirib ki, bu məsələyə görə TƏBİB-ə ünvanlanan ittihamlar yersizdir: "Teymur Mustafayev bir neçə müddət idi ki, müalicə alırdı. Onda COVİD-19 testi pozitiv çıxmışdı. Bu aşkarlanan kimi onun təmasda olduğu hər kəsdən yaxma götürülmüşdü".
Qoumlarından kimdəsə COVİD-19-un nəticələrinin pozitiv olub-olmamasına TƏBİB rəsmisi belə cavab verib: "Biz nəinki Teymur Mustafayev, heç kim haqda bu məlumatı paylaşmırıq".
Teymur Mustafayevin nəvəsinin "babam şəkər xəstəliyindən vəfat edib, COVİD-19-dan yox" deməsinə isə Rəvanə Əliyeva belə cavab verib: "Teymur Mustafayevin yanaşı xəstəlikləri olması ilə bağlı biz dünən rəsmi açıqlama yaymışdıq. Onda ağciyər çatışmazlığı, ürək çatışmazlığı, şəkər xəstəliyi var idi. Klinikaya daxil olarkən ondan götürülmüş COVİD-19 testinin nəticələri pozitiv çıxmışdı. Xalq artisti artıq neçə müddət idi ki, müalicə olunurdu".
Xatırladaq ki, müğənni Yusif Mustafayev musavat.com-a açıqlamasında xalq artistinin heç bir qohumunun karantinə alınmadığını deyib: "Şəkərli diabetdən əziyyət çəkirdi. Neçə gün idi ki, xəstəxanada yatırdı. Dünən vəfat etdi, bu gün səhər tezdən ailəsi ilə birlikdə "Semaşko”dan (1 saylı Kliniki Tibbi Mərkəz) çıxarıb, Cəlilabada apardıq. Ailəsi nə nəzarətə götürülüb, nə də onlardan koronavirus testi götürülüb. Koronavirus əlamətləri olan da yoxdur. Belə bir açıqlama niyə verilib, bilmirik. Yəqin, belə məsləhət olub”.
2020-06-12 / 17:27